Meyxoş, unutmuşam, nolar, sən Allah, Yadıma tamını sal altımışın…

            (Dostum Meyxoş Abdullahın 60 illiyinə)

 “Meyxoş, sən çox böyük insansan, çox böyük. Ancaq nə yaxşı ki, sən böyük insan olduğunu  hələ bilmirsən… Əgər bilib öyünmürsənsə, yenə də böyük insansan…” 

Fəxrəddin Teyyub

Şair AYB – nin üzvü

 

Məgər, həyat elə qəmdi, kədərdi?

Alnına yazılan yazı qədərdi?

Demə ki, bu dünya puçdur, hədərdi,

Hər səhər üzünə gül altımışın…

İlhamın öz dayın, öz əmin, şükür,

Ruzidi sarıtel söz zəmin, şükür,

Yaşadın kişi tək, şükür, min şükür,

Düşmədi üstünə xal altımışın…

 

Su ver, sevgi tağı solar, sən Allah,

Həsrət saçlarını yolar, sən Allah

Meyxoş, unutmuşam, nolar, sən Allah,

Yadıma tamını sal altımışın…

 

Ömrün keçən günü, ayı gözəldi,

Məncə, əmidən çox, dayı gözəldi,

Tanrının bəxşişi payı gözəldi,

Qədir, qiymətini bil altımışın…

 

Bəlkə, qayıdacaq, itmişi gözlə,

Bəhrini verəcək, bitmişi gözlə,

Çap, ömür atını, yetmişi gözlə,

Əsməsin üstündən yel altımışın…

 

Sənə az demirəm, çoxsan bəsindi,

Nə yaxşı binadan toxsan, bəsindi,

Yüzü neynəyirsən, doxsan bəsindi?

Deyirəm, mübarək bal altımışın…

Share: