ABŞ Rusiyanın Ukraynaya hücum edəcəyi haqda Avropaya xəbərdarlıq etdi.

ABŞ Avropa İttifaqını Rusiyanın Ukraynaya hərbi müdaxilə riski barədə xəbərdar edib, amma bunu sübut edən hansısa dəlilləri təqdim etməyib. virtualaz.org xəbər verir ki, bu haqda “Bloomberg” öz mənbələrinə istinadən bildirir.

Nəşrin yazdığına görə Amerika məmurları Moskvanın hərbi müdaxilə imkanlarını nəzərdən keçirdiyi və buna hazırlıq gördüyü haqda öz narahatlıqlarını ifadə ediblər. Mənbə deyib ki, ABŞ-ın bu qiymətləndirməsi “hamı üçün əlçatan sübutlara” əsaslanır. Vaşinqton kollektiv cavab barədə qərarın qəbulundan əvvəl bu informasiyanı çatdırmağı planlaşdırır.

 

Eyni zamanda Kremlə yaxın mənbə agentliyə bildirib ki, Rusiya Ukrayna ilə müharibəyə başlamağa hazırlaşmır, amma göstərmək istəyir ki, zərurət yaranarsa güc tətbiq edəcək. Digər mənbə isə təsdiq edib ki, Rusiyanın Ukraynaya hücumu “az ağlabatandır”, amma Moskvanın Kiyevin “təxribatlarına” cavab planı hazırdır.

Xatırladaq ki, son həftələrdə Rusiyanın Ukrayna sərhədləri boyu iri qoşun qruplaşmaları, o cümlədən minlərlə zirehli texnika cəmləşdirdiyi haqda məlumatlar, videokadrlar yayılmaqdadır. Eyni zamanda “Maxar Technologies” kommersiya şirkətinin peyki Ukrayna sərhədləri boyu cəmləşdirilmiş Rusiya qoşunlarının görüntülərini çəkib. Noyabrın 2-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns Moskvaya əvvəlcədən anons edilməyən səfər edərək Kremli Rusiyanın Ukraynaya hücum planının Vaşinqtonun cavab reaksiyasına səbəb olacağı haqda xəbərdar edib. Habelə ABŞ Ukrayna ilə birgə təlimlər üçün Qara dənizə öz hərbi gəmilərini göndərib.

 

Bir gün əvvəl isə Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken Ukrayna xarici işlər naziri Pavel Klimkinlə danışıqları zamanı Rusiyanın Ukrayna sərhədləri boyu qoşun cəmləşdirməsinə dair əlavə informasiyaları təqdim edib.

Ukrayna prezidenti administrasiyasının ştatdankənar müşaviri, Donbass üzrə üçtərəfli təmas Qrupundakı Kiyevin sözçüsü Aleksey Arestoviç “Ukrayna 24” telekanalına müsahibəsində deyib ki, hazırda Belarusun Polşa ilə sərhədində yaradılmış süni miqrant böhranı Rusiyanın Ukraynaya hücum ərəfəsində aldadıcı manevr ola bilər.

 

Ekspert diqqəti bu məqama yönəldib ki, Belarus prezidenti Aleksandr Lukaşenko Polşa ilə sərhəddə cəmləşən qaçqınlara Donbassdan silah ötürmək istəyirlər. Arestoviç bunu “Ukraynaya qarşı aqressiv hərəkətlərə informasiya hazırlığı” adlandırıb. “Mənə elə gəlir ki, Belarus-Polşa sərhədində yaradılmış bu vəziyyət əsas səylərin Ukraynaya yönəldilməsi ərəfəsində diqqəti yayındırmağa hesablanmış manevrdir”, – o bildirib.

Xatırladaq ki, Donbass separatçıları ilə Ukrayna ordusu arasında hərbi gərginlik artmaqdadır, tərəflər bir-birlərinin mövqelərinə hər gün artilleriya zərbələri endirirlər.

virtualaz.org

Share: