“Tarqovı”da binanın balkonundan qopan daş parçası bir nəfərə xəsarət yetirib – RƏSMİ

Bakıda küləkli hava nəticəsində daha 4 nəfər xəsarət alıb.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından xəsarət alan 4 nəfər xəstəxanaya gətirilib.

Mərkəzə yerləşdirilən iki nəfər – Əşrəfov Toğrul Əlvida oğlu və Soltanov Sadiq İslam oğlu Yasamal rayonu, S.Əsgərova küçəsində binadan şüşə qırıntılarının tökülməsi nəticəsində xəsarət alıblar.

Daha bir nəfər Şıxəliyeva Diana Xəyal qızı “Tarqovı”da binanın balkonunun daş qırıqlarının tökülməsi nəticəsində alın nahiyəsindən yaralanıb.

İsayeva Pərvanə Əhməd qızı isə Yasamal rayonu, M.Seyidov küçəsində ağacın aşması nəticəsində ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Kliniki Tibbi Mərkəzə gətirilən xəstələrdən üçünə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. İsayeva Pərvanə Əhməd qızının müalicəsi isə davam etdirilir. BAKU.WS

Share: