Bəbəyimdə sahibi olmadığım xoşbəxtliyin son qığılcımları…

Təranə Arifqızından yeni şeirlər

 

Xoş gəldin, Xarıbülbül….

Salam, Cıdır düzü, salam, ay Şuşa,

Gəldim bu gününə edim tamaşa,

Muğamın təsniflə səslənir qoşa,

Yaşa Xarıbülbül, yaşa, min yaşa!

 

Anamın dilində duam göydədi,

Məzarım, ocağım, yuvam göydədi,

Mən ki Xan səsiyəm, havam göydədi,

Yaşa Xarıbülbül, yaşa, min yaşa!

 

Yollar Zəngilana sarı, Naxçıvan,

Şuşanın qardaşı, yarı Naxçıvan,

Pərdə-pərdə qalxdı “ Barı Naxçıvan”,

Yaşa Xarıbülbül, yaşa, min yaşa!

 

Şuşam, çiçək açıb həsrət arzular,

Şuşam, yananların səni arzular,

Şuşam, səndən yana milyon arzu var,

Yaşa Xarıbülbül, yaşa, min yaşa!

 

Xoş  gəldin sən xarı bülbül elinə,

Sancsın  məzarların bir gül telinə,

Danışsın məhbubi onun dilinə:

Vətən,yuxuların çıxdı çin, yaşa,

Yaşa xarıbülbül, yaşa, min yaşa!

 

Ay bu şəhərin sənsiz adamı..

 

Sabahın, axşamın xeyirmi görən?

Səndən deyib, səndə susanlar-

Kimsən, kimliyini deyirmi görən?

Bəlkə günahını daşdan asırlar,

Ya da.. günahsızsan, başdan asırlar…

Tapırlar sənin olmayan nəfəsini.

Ya da, yavaş-yavaş kəsirlər səsini…

Şəhərin küçələrində azmış külək misalı

Itirmisən özünü yorğun düşüncələrində…

Bu şəhərin qar yağmayan havasında

Qara bürünmüş ağac kimisən.

Ay yerin –göyün dumansız, çənsiz adamı..

 

Səni səndən oğurladı zaman,

alnındakı əyri-üyrü yollarda ağırladı yaman…

Qəhqəhələrin dodaq ucunda donan

sirli təbəssümə çevrildi…

Baxışların qəfil qəzaya uğradı,

Sənin içindən devrildi…

Ay öz məzarının kəfənsiz adamı…

Beləcə yıxıb-sürüyürlər sənsiz adamı…

 

Alıb səni hardan hara gətirmişəm,..

Asmışam kipriyinin ucundakı

Acı təbəssümlü niğarançılıqdan..

Gözlərindən ürəyinə gedən yolun ayaqları altındayam..

Bilmirəm, sənin neçənci qatındayam?

Ürəyinin şüşə çatındayam…

Bağışla məni, ürəyimin mənsiz adamı…

bu şəhərin, bu otağın, bu qələmin,

bu şeirin sən dolu sənsiz adamı…

*****

Əgər yaşadımsa, bu ömür hanı?

Kimə girov qoydum, kimə xərc verdim?

Asıldım Tanrının ayaqlarından,

Bu gün yaşamağa dünən borc verdim.

 

Keçdim külək kimi bulud tozundan,

Yağışın ömrünü torpağa yazdım

Gövdənin, budağın qanından çəkib,

Qısa, yaşıl ömrü yarpağa yazdım.

 

Titrədim, içimdən töküldü ahlar,

Amanın ətəyinə tutub sürüdüm.

Bütün savab günlər, bütün günahlar

Çəkdi məni arxasınca, yeridim. .

 

Misra-misra qan doğuldum, qan öldüm,

Ətimi, canımı şişə çəkdi söz.

Bəzən hamar yola bir əsa oldum,

Əlimi ağzımda dişə çəkdi söz.

 

Bir sabah, yazılan yazım gəlməmiş

Haqqın yanan üzün haqdan götürdüm.

Sarılb taleyin saydıqlarına

Ömrün baş tacını taxtdan götürdüm…

*****

Ağlımı qəfəsə salmışam…

Gözümdə eynək…

Dodağımda yoluq təbəssüm,

Bəbəyimdə sahibi olmadığım

xoşbəxtliyin son qığılcımları…

Zülüm xoşbəxtliyi..

Bir az da ölüm xöşbəxtliyi.

Az şadlıq, az yadlıq axrarıram…

Azadlıq axtarıram…

Sonsuzluğun özünü satın almışam..

Boz şüşələrin arxasında

rəngli həyat rəsmləri can üstədir..

Dəbdən düşmüş paltar kimi

Qolları yan üstədir..

 

Cəsarətim inamın ayağına bağlı…

Sol yanımda bir sirr saxlı..

Gizlədir məni məndən..

Su çəkib quru sözlər gözümdəki nəmdən…

Arzularımın qatili…!!

asılmısan ayaqlarımdan…

Siləcəyəm səni sənə gələn yollardan,

Ruhumdan, qanımdan, adımdan, ağlımdan….

Canım qurtaracaq özümdən də, səndən də…

Səslə gəlib, səssiz gedənlərdən də…

********

Ölümü öldürmüşəm

sən dirimi gəzirəm..

özüm özümdə bölük

çıxan biri gəzirəm…

 

məni mənə vurmuşam

toplanan bizdən uca…

ismi göylərə çatır,

könlü sözdən olunca…

 

sabahın gülü qönçə…

açar dil yaxasında…

körükçü, zindan, körük

dəmir mil yuxusunda…

 

içimdəki Tanrını

Tanrıya göndərmişəm.

sabahın yüz şehindən

bircə damcı dərmişəm…

 

aç dəftəri, qapansın

yolçunun yol kirəsi,

odu adından böyük

göylərin yer kürəsi…

 

Share: