VƏTƏNƏ SADİQ… – Sevil Gül Nur yazır

 
Azərbaycan tarix boyu neçə savaşdan keçib, neçə döyüşdən çıxıb. Yaşı dünya qədər böyük olan bu ölkənin başı da dünya qədər əzab görüb. 90-cı illərdə hərbi gücün qeyri-bərabərliyi nəticəsində döyüşü məğlubiyyətlə başa vuran Azərbaycan 30 il sonra yeni güc ilə müharibədə zəfər çalmaq üçün ayağa qalxdı. Bu savaş başqa savaşlara bənzəmirdi. Bu savaş ataların, əmi-dayıların qisasını almağa yönəlmiş savaş idi. Bu savaş gənc nəslin yaşlı nəsildən yarım qalan işi tamamlamağa yönəlmiş savaş idi. Bu elə bir savaş idi ki, oğul atasının, qardaş oğlu əmisinin intiqamını almaq, bütün xalq 30 il əsarətdə qalan torpağı xilas etmək yanğısı ilə səfərbər olmuşdu. Bu, qəhrəmanlıq salnaməmizə qızıl hərflərlə yazılan “44 günlük Vətən müharibəsi” idi!
Ağabalayevlər ailəsinin üzvü olan Sadiq də Qarabağ müharibəsində iştirak etmiş əmisi qazi Namiq Ağabalayevin yarım qalmış işini tamamlamaq istəyirdi. Azad edilmiş torpaqlarımızda qürurla gəzmək, o yerlərin havasını doyunca ciyərlərinə çəkmək hər bir gənc kimi onun da arzusu idi…
Descripción no disponible.
Sadiq Nadir oğlu Ağabalayev 1998-ci il martın 15-də Cəlilabad rayon Privolnoye kəndində anadan olmuşdu. Orta təhsilini Elnur Hüseynov adına kənd orta məktəbində alan Sadiq məktəbi bitirib hərbi xidmətə yollanmışdı. Hərbi xidmət dövründə həmişə “hücum” əmrini gözləmiş, ana yurdu düşməndən azad etmək üçün səbirsizlənənlərdən olmuşdu. Bu müddətdə aprel döyüşlərində iştirak edən Sadiq bu döyüşün bizim tam qələbəmizlə bitəcəyinə çox inanırdı.
Hərbi xidməti bitirib evə dönən Sadiqin ürəyi heç rahat deyildi. “Bu il də olmadı, bu il də qaytara bilmədik torpaqlarımızı”, – deyə qəzəbini güclə boğurdu. Xidmətdən qayıdandan sonra hərbi formasını anasına verib demişdi: -” Ana, mənim geyimimi yaxşı saxlayın, müharibə başlasa, mütləq gedəcəyəm”. Hər dəfə əmisi Namiqlə söhbət edəndə: – “Əmi, siz o vaxt silahsız, az qüvvə ilə igidliklə döyüşüb uzun müddət Ağdərənin müdafiəsində dayana bildiniz. Hətta onu düşmən işğalından azad etdiyiniz vaxtlar oldu. Lakin düşmən çox güclü olduğu üçün sonda torpaqlarımızı itirdik. Bəs indi? Bizə nə mane olur ki, işğala son qoymayaq? Axı indi çox güclü ordumuz, vətənpərvərruhlu gənclərimiz var”, – deyə onu sorğu-suala tutardı. Əmisi də: – “Vaxtı var, oğlum, tezliklə siz bizə zəfər sevinci yaşadacaqsınız”, – deyə əminliklə söyləyərdi.
Nəhayət, o gün yetişdi. Sadiqin, eləcə də, bütün Azərbaycan xalqının böyük ümidlə gözlədiyi o gün gəldi. 2020- ci il 27 sentyabrda ölkə səhəri bir xəbərlə açdı – müharibə başlayıb! Bəlkə də heç bir xalq bu xəbərə belə sevinməyib, necə ki, Azərbaycan xalqı sevindi. Bəlkə də heç kim bu xəbəri belə gözləmirdi, necə ki, azərbaycanlılar gözləyirdi. Çünki hamı inanırdı – zəfər bizimlə olacaq!
Descripción no disponible.
Ağabalayevlər ailəsində də bu xəbər şadlıqla qarşılandı – artıq yarım qalmış iş tamamlanacaqdı. Sadiq bunu öz öhdəsinə götürür. O, 2020-ci il sentyabrın 28-də könüllü olaraq cəbhəyə yollanır. Sadiq Ağabalayev Ağcabədi rayonuna, sonra isə döyüş bölgəsinə göndərilir. Füzuli, Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə igidliklə döyüşür, böyük şücaət göstərir. Bir arzusu var idi – azad olunmuş torpaqlara əmisi qazi Namiqlə gəlmək. Ona söz vermişdi ki, birlikdə vətən torpaqlarını ziyarət edəcəklər. Amma…
Şəhidlik kimi uca məqamda qərarlaşmaq var imiş qədərdə… Allah ona daha gözəl bir yer hazırlamış, onu həmən yerə layiq görmüşdü. Minlərlə silahdaşının əbədi yer aldığı şəhadət sarayında onun üçün də taxt qurulmuşdu…
Sadiq Nadir oğlu Ağabalayev 2020-ci il 22 oktyabrda Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur…
Nişanlı idi Sadıq. Üç il sevdiyi qızı özünə gələcək ömür-gün yoldaşı seçmişdi. Onunla əbədi həyat yaşamaq, ağrılı-sevincli günləri bir keçirmək istəyirdi. Bu il toyları da olmalıydı. Amma vətən sevgisi bütün sevgilərdən öndə gəlirdi Sadiq üçün. Öncə vətən torpaqlarını azadlığına qovuşdurmaq, sonra özü sevdiyi ilə qovuşmaq istəmişdi…
Şəhadətində sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Ruhun şad olsun, şəhidim! Alnımızdan ləkəni, ürəyimizdən ağrını sildin. İndi sən istədiyin kimi vətən torpaqlarında alnıaçıq, başıdik gəzə bilirik. Bilirəm ki, sənin də ruhun bizimlə birlikdə ana yurdu dolanır…
 
Sevil Gül Nur
Müstəqil.Az
Share: