Həməşərə Cəlilabad arasında – Xatirə Fərəcli yazdı

Mənə elə gəlir ki, hər bir valideyn övladlarına tam olmasa da müəyyən qədər nəsil-kökü, doğulduğu məkanın tarixi, ölkə tarixi haqqında bildiklərini deməlidir.  Bu bilgilər hər kəsin məlumatlı olması üçün vacibdir, ola bilsin ki, bu məlumatlar gələcəkdə ona lazım ola bilər.

Məsələn, mənim doğulduğum Yardımlı rayonu əvvəllər Ərdəbilin əyaləti olub. Məlum “Gülüstan” müqaviləsi bağlandıqdan sonra Azərbaycan rəsmi olaraq iki imperiya arasında bölünüb.

Ölkəmizin cənubu İranın ərazisinə qatıldıqdan sonra Yardımlının Cənubu Azərbaycanla sərhədətrafı on dörd kəndi isə ölkəmizin digər rayonlarına köçürüblər. Qalan ərazinin rayon olması üçün qərar verilib. Beləliklə, bu inzibati ərazinin adı əvvəl Vərgədüz, sonra dəyişib Yardımlı olub. Sözsüz ki, o vaxta qədər diribaş adamlar Ərdəbil ilə əlaqələrini qurublar. Oxumaq, fərqli yaşamaq istəyən, ümumiyyətlə əyalətdən çıxmaq istəyənlər Ərdəbilə gedib, orada məskunlaşıb, fəaliyyət göstərib. Öz ərazisində də tanınıb-bilinən, adlı-sanlı bəylər, igidlər, qaçaqlar olub, igidliyi dildən-dilə, ağızdan-ağıza dolaşan oğullar olub.

Nənəm, anam-atam kəndin köhnə adamları, yaşlılar ilə söhbət edəndə bu barədə çox eşitmişəm. Məsələn, bu yaxınlarda öyrəndim ki, Məmmədqulu Xan Alarski Cənubi Azərbaycanda Səttar xanın yanında vəzifəsinə görə ikinci adam olub. Böyük nüfuz sahibi imiş. Alar indiki Yardımlının yerində olan əyalətin kəndlərindən biri olub, məlum müavilədən sonra kən də iki yerə bölünüb. Bir tərəfi İranın, digər tərfi isə   Yardımlının kəndi olaraq indi də qalır.

Məmədqulu xan Alarskinin Səttar Xan inqilabında böyük rolu olub. Səttar xanı zindandan qaçırıb. Qardaşı Nəcəfqulu xan bolşeviklərə qarşı mübarizə aparıb, bolşevik ideyalarını qəbul etməyib. Dəfələrlə  onların hücumunu dəf edib. Çox təəssüf ki, bu cür oğullar barəsində araşdırmalar aparılmayıb, məlumat yoxdur. Mən bu yaxında eşitdim bu məlumatı, daha ətraflısı isə araşdırıcıların və  tarixçilərin işidir.

Bir dəfə  söhbət zamanı bir nəfər dedi ki, Sovet dövründən əvvəl hər hansı bir rayondan heç olmasa bir nəfər tanınmış insanlar olub, Yardımlıdan isə heç kəs olmayıb. Mən nisbətən məlumatlı adamam, lazım gələndə bildiklərimdən, əldə etdiyim məlumatlardan bəhs edirəm, qarşı tərəfi məlumatlandırıram. Bu baxımdan  belə  və bu kimi mövzular barədə danışılarkən məlumatsız olmasın deyə müəyyən qədər bilgiyə sahib olmalıdır.

Həm də nə qədər çox insanın həyat yolunu bildinsə, o qədər təcrübən artmış olur. Onun buraxdığı səhvi sən buraxmırsan, yaxud təqdir olunası bir nüansı bilməyin yaxşı olduğunu sən də bilirsən. Elə bu yazını da həmin hadisədən təsirlənib yazdım.

Cəlilabad rayonunun adını tarix ərzində bir neçə dəfə dəyişiblər. Sovet hakimiyyəti dövründə məktəblərdə tarix dərslərində əsasən Sovet tarixi adı altında Rusiya tarixi tədris olunurdu. Yadımdadır, həftədə bircə dəfə Azərbaycan tarixi də keçilirdi. Nazik bir kitab idi. Mövzular da qondarma Sovet siyasətinə uyğunlaşdırılmış. Mənim zəhləm gedirdi SSRİ tarixi dərsindən. Səbəbini bilmirdim o zaman, amma heç həvəsim yox idi. Birinci dəfə 3 qiymətini də 8-ci sinifdə məhz SSRİ tarixindən (Kulikovo döyüşü) almışam. O vaxta qədər mən heç bir dərsdən 3 almamışdım. Azərbaycan tarixi isə nisbətən maraqlı idi mənə.

Atam özü Sovet adamı idi, Partiya Komitəsi Katibi vəzifəsində çalışırdı, ürəkdən xidmət edirdi hakimiyyətə, vəzifəsini sevə-sevə icra edirdi. Amma Məmməd Əmin Rəsulzadənin də adını böyük hörmət, sayğı və yanğı ilə çəkirdi. Hətta söhbətində demişdi ki, müharibə gedən zaman (II Dünya müharibəsi) M.Ə. Rəsulzadə Türkiyədə yaşayırmış, Hitlerlə görüşməyə nail olur. Razılaşır ki, Azərbaycan Sovetə qarşı Almaniya tərəfdən vuruşsun. Müharibə bitəndən sonra Almaniya Azərbaycanın müstəqil olmasına kömək etsin. İkinci dəfə də görüşməli imişlər. Elə olur ki, ikinci görüş olmur və razılaşma da alınmır. SSRİ dövrü ərzində əsgərləri böyük Sovet məkanının bu başından o başına aparırdılar, Azərbaycandan gedən uşaqlar əsasən tikintidə işlədilirdi, bizimkilərə təlim demək olar ki, keçilmirdi. Təlim sahələrində əsasən ruslar olurdu. Azərbaycandan gedənləri başqa respublikalara, Rusiyanın müxtəlif yerlərinə, Baykal-Amura, Komsomolski-Kraya, ən çox da Əfqanıstana göndərirdilər. O zaman Əfqanıstanda müharibə gedirdi, guya azərbaycanlılar əfqanlara oxşayır deyə. Əfqanıstana gedənlərdən sağ gələn çox az olurdu. Çox sayda azərbaycanlı oğullar qırıldı orada. Gündə bir tabut gəlirdi, guya ki, nəşini gətirirdilər, bir tabutun içinə iki kubik qoyub bağlayırdılar, icazə yox idi açmağa, kim deyə bilərdi ki, yox, mən açmaq istəyirəm. Dövlət tapşırığının əksinə kim gedə bilərdi?! Repressiya illərini görmüş, eşitmiş adamlar idi hamı.

Əfqanıstanda vuruşub sağ gələn oğullar da çoxu kontuziyalı olurdu. Əsas odur ki, salamat gəliblər deyə heç nə özləri, nə ailələri narazılıq etmirdilər, edə də bilməzdilər. Hər hansı bir valideynin əsə-əsə böyütdüyü əziz-xələf balası bilmədiyi hansısa bir ölkədə, hansısa bir murdar siyasətə görə qurban gedirdi. Buralarda da təbliğat gedirdi ki, guya SSRİ dünyada harada haqsızlıq varsa, orada haqqı müdafiə edir, Əfqanıstanda da haqqı müdafiə edir. Sovet dağılandan sonra məlum oldu ki, daha doğrusu, siyasətçilər açıqladılar ki, bütün dünyada haqqı pozan elə SSRİ imiş.

Sovet dövründə Cəlilabadlı bir gənc əsgər gedir. Elə olur ki, onun xidmət etdiyi batalyon qısa müddətə Almaniyaya göndərilir. Almaniyada qulluq edən bu hissəni nəsə qazıntı işi ilə bağlı elə oranın hansısa bir rayonuna aparırlar. Həmin əraziyə yaxın kənddə yaşlı bir kişi yaşayırmış. Bu yaşlı kişi II Dünya müharibəsi zamanı əsir düşüb, sonra adını dəyişib Almaniyada yaşamaq məcburiyyətində olan azərbaycanlılardan biri idi…

Sovet ölkəsində müharibə zamanı da, müharibədən sonra da əsir düşən əsgərlərə çox sərt cəza verilirdi, qayıdıb gələn əsir düşmüş əsgər ölümə gəlmiş kimi gəlirdi. Ya tutulub sürgündə ölür, ya da elə güllələnirdi. Sovet Hakimiyyəti dağılana kimi bütün arayışlarda xaricdə heç bir kəsim yoxdur yazılırdı, kiminsə hansısa bir qohumu xaricdə olduğu məlum olurdusa onun bütün karyerası məhv olurdu, dövlət müəssisələrində işə götürülmürdü, o zaman özəl iş yerləri də yox idi. Daim Dövlət Təhlükəsizlik əməkdaşları tərəfindən izlənilirdi, bütün ömrü məhdudiyyətlərlə keçirdi. Hətta kiminsə kimisə gözü götürməyəndə, biləndə ki, bunun kimisə xaricdə olub, şikayət məktubunda – xarici ölkədə adamı var – yazdısa, işi bitirdi o yazığın.

…Təsadüfən keçəndə kişi görür ki, əsgərlər işləyirlər. Həm geyimləri Sovet əsgərinin geyimidir, həm də danışıqları rus dilindədir. Ürəyi atlanır kişinin, gör nə boyda zamandan sonra həsrətini çəkdiyi vətəninə yaxın olan, bir diyardan bir soraq sezib. Kişi bunların hasarına yaxınlaşır. Əsgərlər onsuz da alman dili bilmirmişlər, bu gənc də həmçinin. Kişi gəlib məftil hasarın o tərəfində durub bunlara baxır, əhəmiyyət vermirlər. Durub dərdli-dərdli, həsrətlə bunlara baxır. Əsgərlərin içində bir neçə respublikadan uşaqlar var imiş, azərbaycanlı təkcə bu əsgər imiş. Özünü toplayıb bunlardan rus dilində soruşur ki, siz Sovetdən gəlmisiniz? Bu kişinin Almaniyada yaşayıb rus dilində soruşmağı bunlara xoş gəlir deyə cavab verirlər:

– Bəli.

Sonra bu əsgərə baxıb azərbaycanca soruşur. Əsgər onsuz da görürdü ki, bu kişi bundan gözünü çəkmir.

-Oğlum, sən Azərbaycandansan?

Oğlan təəccüblə cavab verir:

– Bəli.

-Oğlum, mən də azərbaycanlıyam. Sovet müharibəsində əsir düşdük. Müharibə qurtarandan sonra orada əsir düşənləri həbs edir, güllələyirdilər. Ona görə gedə bilmədim Azərbaycana, adımı dəyişib burada məskunlaşmalı oldum. Mən əsgər gələndə qucaqda körpə oğlum qalıb. Sən mənim gəncliyimə çox bənzəyirsən. Oğlumu sənin kimi təsəvvür etmişəm, əgər sağ qalıbsa o zaman elə sənin kimi bir gənc olub, bəlkə elə sən yaşda oğlu da var. Mən ora gedə bilmirəm, söz yox, eşitmişəm, əsirlərlə bağlı olan cəzanı Stalin öləndən sonra götürüblər. Özümə heç nə eləməsələr də, ailəm üçün pis olar, onlara problem olar deyə getmirəm. Mən Azərbaycanın Həməşərə rayonundanam. Oğlumun adı da filankəs idi. Əsir düşəndən sonra əlaqə yarada bilmədim. Sən eynən mənim gəncliyimə bənzəyirsən. Sən harasındansan Azərbaycanın, kimin oğlusan?

Əsgər deyir mənim adım bu, atamın da adı filankəsdir, babam müharibədə ölüb, nə qara kağızı gəlməyib, nə də sorağı. Biz Cəlilabad rayonundanıq. Həməşərə adında rayon yoxdur Azərbaycanda, varsa da mən tanımıram.

Kişi həyəcanla soruşub:

-Oğlum, bəlkə adını dəyişiblər? Əvvəl nə olub rayonunuzun adı?

-Əvvəl Astarxanbazar olub.

Kişi məəttəl qalır, axı mən nə Astarxanbazar, nə də Cəlilabad adında rayon eşitməmişəm. (O zaman internet yox idi, insanlar ancaq nə tədris olunurdu, mətbuatda, efirdə senzuradan keçmiş nəyi verirdilərsə ancaq onları bilirdilər). Hər ikisi düşünür ki, bəlkə var, mən tanımıram. Kişi elə həyəcan və israrla soruşur oğlandan ki, yox, mənim yadımdadır axı, Həməşərə rayonu var idi, mən də o rayondan gəlmişəm. Kişi az qalır oğlana desin, ürəyim mənə deyir ki, sən mənim nəvəmsən.

Oğlan yenə deyir:

– Mən Cəlilabad rayonundanam, dayı.

Kişi həşir ilə, həyəcan ilə elə hey oğlana israr edir bəlkə kimisə tanıyırsan o rayondan? Həmin rayonun filan kəndindənəm. Ümumiyyətlə, Azərbaycanda bir kənd adından bir neçə rayonda olur. Ona görə də, kəndi dəqiqləşdirmək üçün mütləq rayonun adını bilmək lazımdır. Sən elə mənim gəncliyimə oxşayırsan, a bala.

-Dayı, mən ayrı rayondanam, sizin rayonu da, rayondan heç bir kimsəni də tanımıram.

Elə bil kişinin qol-qanadını qırırlar, bir ayağı dala, bir ayağı qabağa dərdli-dərdli, ümidi suya düşən bir ovqatda geri çəkilir. Oğlan bu kişiyə bir doğmalıq hiss edir, sözsüz ki, uzaq bir ölkədə öz millətindən biri ilə rastlaşmaq həyəcanlıdır, amma bu kişiyə özü də anlamadığı, söz ilə ifadə olunmayan bir doğmalıq, istilik hiss edir. Uzaqda bir həmvətənini tapmışdı, vətən həsrətli bir həmvətənini. Hansı ki, “Azərbaycan” deyəndə gözləri alışıb yanırdı, gözlərindəki o qığılcımı görürdü oğlan, sinəsinin neçə yerdən çat verdiyini hiss edirdi. Ancaq heç ağlına da gəlmirdi ki, bu, onun babası ola bilər.

Oğlan bu kişini, kişi də bu oğlanı bağrına basmaq, qucaqlamaq istəyirdi. Amma edə bilmirdi. Aralarında həm tikanlı çəpər var idi, həm də bir Sovet əsgəri yerli alman vətəndaşı ilə o qədər yaxın ola bilməzdi. Bəlkə də bütün qadağaları aşardı əsgər, əgər tikanlı məftil olmasaydı.

Beləliklə, səhəri günü də əsgərlər orada işləyərkən bu qoca gəlib durub oğlana baxır. Salamlaşırlar, kişi deyir:

-Səndən vətən iyi gəlir, oğul, doğmalarımın iyini səndən alıram.

Oğlan əsgərdir, işləyir, kişi də durub elə hey bu oğlana baxıb ağlayır. O biri günü hərbi hissə işlərini yekunlaşdırıb əmr ilə geri çağırılır. Səhəri yenə də kişi ora gəlir, düşünür ki, bəlkə başqa bir məlumat soruşum, bəlkə işıq ucu oldu. Kişi inanmaq istəmirdi ki, bu, onun doğması deyil. Düşünüb ki, bəlkə mən adresimi verim bu həmvətənimə. Oğlan da heç düşünməmişdi ki, rayonunu da tanımadığı bu kişinin adresini alsın. Bir də ki, alıb neyləyəcəkdi ki, Sovet hakimiyyəti dövründə başına bəla edəcəkdi?!

Kişi görür ki, hərbi hissə artıq geri qayıdıb.

Oğlanın ürəyi elə o kişidə qalır, axı necə ola bilər, hansı tərəfdədir o rayon, mən tanımıram, yəqin ki, kişi adı unudub səhv deyir. Başında qəribə bir təəssüf, nigarançılıq fırlanır.

Əsgərin atası əri müharibədə ölmüş bir ananın oğlu idi: qara günlü, əri müharibədə ölən bir kənd qadınının oğlu. Repressiya illəri, hətta sonralar da nisbətən yumşalan bu xof insanları zombiləşdirmişdi. Hətta evlərdə də insanlar dövlətin qadağan etdiyi sahələrdən danışmazdılar, elə bilirdilər ki, evlərinin içində də gizli cihaz ilə onları dinləyirlər, nəsə danışsalar, elə gecə ilə gəlib apararlar. Ya da bəlkə elə qayğıları uzaq tutub bu yadigar, əmanət balasından.

Nənənin hardan ağlına gələrdi ki, Cəlilabadın adının Astarxanbazar  olmamışdan əvvəl Həməşərə olmasını nəvəsinə desin, nə vaxtsa rayonunun lap əvvəlki adını bilmək nəvəsinə necə lazım olacaq?!

Desəydi, nəvə babasını, baba da nəvəsini tanıyacaqdı. Bəlkə də tanısaydı da əlaqə saxlaya bilməyəcəkdilər. Nə o gələ bilməyəcəkdi bura, buradakıların əmin-amanlığı xatirinə, nə də buradakılar elə açıb ağarda bilməyəcəkdilər. Dövlət kəşfiyyat orqanları eşidər deyə. Amma bir-birini tanıyardılar. Oğlan onsuz da sonradan tanıdı. Həməşərədən – Astarxanbazar – Cəlilabada qədər olan zaman bıçaq kimi saplandı ürəyinə. Ömrü boyu göynədəcəkdi onu o bıçağın yeri.

Baba isə bilmədi ki, yarıb ürəyinin başına qoymaq istədiyi bu gənc əsgər elə onun nəvəsi idi…

 

 

 

Share:

Author: Müstəqil AZ