İnamın Bilinmə Aşamaları – Soylu Atalıyazdı

I İnamın yaranma qaçılmazlığı (zərurəti)

 

Ərəblərin bəlli işğalçılığı – İslam bayrağı altında öldürmə­lər, soyğunçuluqlar, Babəkin amansız öldürülməsi; Azərbayca­nın ikiyə bölün­məsi, zaman-zaman Rus, İran Azərbaycanı kimi qoltuq­lan­ması; özgürlüyün (azadlığın), bağımsızlığın (müstə­qil­liyin) yavaş-yavaş xalqın əsas sayının şüurun­dan silinməsi, müstəmləkə aqibətinə öyrəş­dirilməsi; Tarixin ayrı-ayrı dönəm­lərində (istər siyasi, istər mədəni-ideoloji yön­də) irəli duran aydınların, yaradıcı insan­ların qısa zamanda geri oturdulması, xalqın düşüncələrə, eyitimlənməyə yönəldilmə­si­nin qarşısının alınması, – bu sıradan bolşeviklərin bağımsızlığımıza divan tut­ma­sı, vətəni­mizin bəlli parçasını Ermənis­tan­­laş­dırması; milli şüurun məhv edilməsinin 37-ci il zirvəsi; küt­lənin ağlında irəli duranlarımızın dönük, satqın kimi epitetlərlə ləkələn­diril­məsi; ulusumuzun adının pozularaq mü­cər­rəd millət (azərbay­can­lı) anlayışının ona yeridilməsi (elə-belə deyildi, demokra­tiya oyunları başlayanda ayrı-ayrı yurdsevərlərin, aydınların türk adımızı gündəliyə gətirməsi xal­qın içində istehza ilə, ikrah duyğusu ilə qarşılanırdı. Bu yanaşma bu gün də davam edir); Sovet-rus imperiyasının Azərbaycan insan­larının ağlında Türki­yə­yə qarşı düşmənçilik toxumu səp­mə­si, türk adına qarşı nifrət duyğusu formalaşdırması hələ də yaddaşlardan tam silinib getməyib.

Eləcə də, Batı demokratiyasının “Qarabağ, 20 Yanvar, Xocalı” vəhşətləri yaratması b.k. İnamın gərəkliyini üzə çıxar­dı, belə bir ulusal olayın başlamasını ortaya gətirdi.

Bizim xalqımızı yüzillərdir əzirlər, özgələşdirirlər. Başqa dil­lə­rin, mədəniyyətlərin, gələnəklərin etkisi ilə dilimizi, mədə­niy­yətimizi, gələnəklərimizi əritməyə çalışırlar. Bu xalqı əzdik­cə ürəyi yumşalır, duyğuları kövrəkləşir, yağı zülmünə, həqarə­tinə, alçaltmasına dözür. Bu gün içdəki, dışdakı siyasət ulusu­muza “dözümlü xalq” statusu yaradıb. Bu ad toplumun içində özü haqqında lətifələrin yaranmasına nədən olub. “Dözümlü xalq” sözü artıq lağlağı kimi dilə gətirilir. Xalq getdikcə alçal­dıl­masını adi qarşılayır, üzünü itirir, özünə inamı aradan gedir. Kişiliyin ölməsinə, qadınlığın itməsinə, qeyrətə lağ edil­m­əsinə qarşı onda utanc duyğusu baş qaldırmır. Bunun qarşı­sını heç bir çaba almır, ala bilmir. Aydın sayılanlar, bilimli adamlar addımı dala qoyur, durumla barışır, şərəf­sizliyə öyrə­şir. Ulusal yaradıcılığa girişmək istəyən tapıl­mır, hamı köhnəliyin tələbinə boyun əyir, mədəni quruculuq qıraqdan gözlənilir, xalqda əsarətə alışma forma­laşır. Üzəri­mizdə assi­mil­yasiya əməlləri həyata keçiril­dik­cə, ruhumuz özgə­­ləşdiril­dikcə, xalq kimi yaşamağın müm­kün­lüyünə inam aradan get­dik­cə fəlakətlər çoxalır. Xalq bireylərinin gözündən düşür. Söz yox, belə bir durumda xalqın var olmasına doğru əmələ baş­la­maq – başlayana misilsiz çətinliklər vəd edir. Bu çətin­li­yin ağırlığına dözmək, axıra qədər getmək üçün təkcə şəxsi keyfiyyətlər – hünər, iradə yetər­sizdir. Çünkü özgələş­dirmə əməl­ləri içərimizə, yaxşı işlə­nil­miş nəzəri, ideoloji proqram­larla yeriyir. Bizi bir xalq olaraq özgələşdirən faktorlardan biri dindir. Dinə qarşı isə nə dövlət dirəniş göstərir, nə aydın, nə bilgə (alim). Bu halda xalqın özəllikləri haqqında düşünmək xeyir verməz, işə çevrilməz. Xalqın özünü tanıması baş ver­mirsə, avamlıqdan, gerilikdən ayılmaz, ayrılmaz.

Xalqı özgələşdirən ikinci faktor siyasi ideologiyadır. Bu sahə­də də bizimkilər yaradıcılıqla uğraşmırlar. Siyasi ideyalar da hazır şəkildə qıraqdan gətirilir. Bunun da milli dövlətçilik xas­sə­lərinə uyarlığı yox. Siyasi ortamda irəli çıxanlar xalqa öz sözünü deyil, əsasən özgə sözünü deyirlər. Xalq özünün­külərin di­liy­lə özgələri eşitməli olur. Bunun da kökündə yenə dini ba­xış dayanır. Çünkü din xalqı avam, kütlə səviyyəsində saxla­dığı üçün siyasi özgəlik onu yönətə (idarə edə) bilir. Nə qədər ki, xalq kütlə səviyyəsində qalır, o, vədlərin dalınca gedir, düşün­cənin dalın­ca getmir.

Milli ideya ortaya qoya bilməyənlər hakimiyyəti söy­mək­lə xalqa təsəlli verirlər. Özlərinin yolsuzluqlarını da hakimiyyətin suçunu qabartmaqla pərdələyirlər. Hakimiyyətin yaratdığı sosi­al sorunları sadalamaqla içəridəki hər cür yabanı etkilərə bəraət hazırlanır əslində. Hakimiyyəti anti­milli ideya­lara qapı açmaq­da, bu ideyaların xalqın içində əngəlsiz yayılmasına ortam yaratmaqda suçlamırlar. Çünkü özləri də bu ideyaların daşıyıcı­larıdırlar.

Hakimiyyəti söyməklə xalqı “sevindirənlər” heç nəyə yetə (nail ola) bilmədilər. Söyüşlərlə xalqı ruhlandırırlar ki, haki­miy­­yət­dən nəsə qoparsınlar. Xalqda söyüş “ruhu” yaradır­lar. Söyüş­­dən “ilhamlanan” kütlə zəlilliyin son həddinə çatır. Təkcə (yeganə) düşməni kimi hakimiyyəti bilir. Düşdüyü duru­mun köklü nədənlərini dərk eləmir.

Xalqın özgələşməsinə ortam yaradan əsas sahələrdən biri də bilim, eyitim (elm, təhsil) yönündəki çalışmadır. Dünyanın hər yerində bilimə yanaşma sırf siyasi yanaşmadır. Siyasi yanaşma daha çox alver yanaşmasıdır. Ona görə də bilim gəlişdik­cə hə­yat gerçək gözəlliklərini daha çox itirmək­dədir. Bilim daha çox xudbinliyə, xudpəsəndliyə yarayır. Xudbinlik sevgi duyğu­sunu bütünlüklə əvəz edir. Heyvan yalnız öz balasına isti yanaşdığı kimi, xudbinləşən, xud­pəsənd­ləşən bilimli də əsasən öz ailəsinə isti yanaşır. Ancaq bu yanaşma maddi gərəklikdən başqa bir şey olmur. Bilimlə alver edən adam maddi üs­tün­lüyə can atır, bu meyil bütünlüklə ailənin psixologiyasına hakim kəsi­lir. Ailə ruhsal dəyərini itirir, xalqın mənəvi varlı­ğından ayrı­lır. Xudbinliyin, xudpəsəndliyin yaratdığı bireysəl bağım­sız­­lıq ulusal birliyin pozulmasına gətirib çıxarır. Xalqın mənəvi-ruhani özülünü yaratmalı olan ailə çəkişmə (rəqabət) olayına çevrilir. Hər kəs övladına eyitim verir ki, genel (ümumi) çəkiş­mə­dən geridə qalmasın, maddi əskiklikdən yaxa qurtarsın. Eyi­tim (təhsil) toplumun xudbinləşməsinə qulluq göstərir. Eyitim­də rüşvət bu prosesi daha da yeyinlədir, toplumsal (ictimai) bəlaya çevrilir. Mənə­viy­yat­sızlığın hökm sürdüyü toplumda eyi­tim xalqın qurulmasına deyil, uçulmasına qulluq göstərir. Eyitimin məq­sədi insan deyil, maddiyyatçılıqdır. Bu səbəbdən də eyitimdəki irəliləyiş­lər toplumsal geriliyi aradan qaldıra bilmir. Xalq ixtisas­laşır, ancaq insanlaşmır. Çeşid-çeşid ixti­sas­lar yaranır, aydın­lıq yaranmır. Fizikanı öyrənən mənəviyyatı öyrənmir. Fizikanı öyrədirlər, mənəviyyatı öyrətmirlər. Əslində bilimləşən toplum sürüləşir, xalqlaşmır. Mənəviyyatsızlıq eyni­lik yaradır. Həyatın bilimə ehtiyacı var, ancaq bilim həyatın başına oyun açır. Eyitim alana vətəni etibar eləmək alınmır, xalqı ona tapşırmaq risk demək olur. Eyitim alan din avamlı­ğın­dan qırağa çıxmır, siyasətin kölgəsin­dən ayrılmır. Eyitim araçılığı ilə bireylər yönətilir. Dövlət zor araçılığı, siyasət aləti olaraq qalır. Dövlət bireyə eyitim verib xalqdan ayırır, onu xalqçılığa qarşı işlə­dir. Beləliklə, gerçəklikdə ədalətin baş tutacağına xalqda inam aradan gedir.

Xalqın həyatında yaranan iqtisadi enişlər bu deyilənlərə cid­di bir artırmadır (əlavədir). İqtisadi siyasət deyilən olay – iqti­sa­diy­yatın mənimsənilməsi, xalqdan alınması anlamı daşı­yır. Xalq iqtisadi sorunlardan ayılmır. Xalq acından ölür, ancaq ölkədə abad­lıq işləri görülür. Öyrənci-öyrətmən yanaşmaları (müəllim-tələbə münasibətləri) alver səviyyəsinə enib, ancaq ölkədə yüksək estetik görün­üşləri olan oxullar tikilir. Yəni görülən hər bir iş xalqın rifa­hın­dan qıraq­da baş verir. Yüksək təchizatlı xəstəxanalar quru­lur, bun­lar­­dan toplumun çox az bir sayı qullana bilir. Sax­ta yoxlamalar (müayinələr), saxta sağaltmalar (müalicələr), saxta yanaşmalar xəstə­lərdə ruh düşkünlü­yünə, inamsızlığa, bədbinliyə nədən olur.

Əslində içsəl siyasət əsasən iqtisadiyyatı ələ keçirmək üçün­dür. Siyasət insanların haqqını mənimsəyir, onlara hüquq adlı imtiyaz uydurub vəd edir. Hüquq – əslində çəkişməyə qatılmaq üstünlüyüdür (imtiyazıdır). Bu anlamda toplumun içərisində yal­nız iqtisadiyyatı mənimsəyənlərin hüququ olur, ya da ödənilir. Yerdə qalanlar üçün hüquq önəmsiz bir anlayışdır. Top­lu­mun yoxsul bölümü heç vaxt hüququnun təminatına giri­şə bilməz. Buna onun olanağı yoxdur, bunu heç gözə alan da yox­dur. Beləliklə, toplum siyasi qanunbazlıqlarla oynadılır, alda­dılır, yönətilir.

Plüralizm – anarxiya xoru deməkdir. Bəşəriyyətə yaxşı bəlli­dir ki, hər kəsin bireysəl keyfiyyətləri olur – estetik zövqü, duyumu, sevgisi, nifrəti, bacarığı, istedadı… Bireylərin bu key­fiy­yətləri yaşatması üçün mənəvi dirçəliş başlamalı, xəlqi ortama çevrilməlidir. Burada hər hansı bir “izm”ə gərək yox­dur. Plüralizm – bireysəl keyfiyyətlərin qorunmasına deyil, pozul­ma­sına qulluq edir. Plüralizm – düşüncəsi, sözü olmayanların danışması hüququdur. Əslində anarxiyanın yaran­ması üçün düşünülmüş siyasi fəndgirlikdir. Biryönlülüyü (Vahid mövqeni), birxətliliyi, ümummilli birliyi dağıtmaq siya­sə­tidir. Çoxpartiya­lılıq, çoxqrupluluq, çoxqütblük parça­lan­­­mağa, bölünmüşlüyə gətirib çıxarır. Yadlığın, yabanılığın mil­li­liyi kölgədə qoyması ilə sonuclanır. Xalq olmazın dərəcədə özündən ayrılır. Yuxarı­da vurğuladığımız kimi, bireylərinin gözündən düşür.

Ancaq birey öz gözündən düşmür. Onun içində həqiqətə meyil, ədalət istəyi, döyüşkənlik əzmi tamam silinib getmir. Ən çətin anda bireydə olan bu keyfiyyət yenidən baş qaldırır, bireyi xalqın aqibətini dəyişmə­yə sövq edir. Bizim çağımızda Asif Ata – İnam Ata xalqın içindən irəli çıxmış, belə bir çətin döyüş işinə girişmişdir. Bireylərin həmin keyfiyyətlərinə inanmış, onlar­dan xalq yaratmaq haqqında düşünmüşdür. Yuxa­rıda vurğuladığımız kimi, ayrı-ayrı çağlar­da başqa irəli çıxanlarımız da olub. Ancaq təkcə bireysəl keyfiyyətlərlə, yad­lıq­la özümlüyün sintezindən ortaya qoyulan ideyalarla belə bir ağır yükü çəkib aparmaq, sözsüz, çox çətindir, hətta olumsuzdur. Ona görə də Asif Ata Ruhsal Dirçəliş yolu tutdu. İrəli sürdüyü milli-bəşəri ideyalarıyla özünün bireysəl keyfiyyətlərinin birliyindən İnam Ocağı qaladı. Yalnız Yeni Dünyabaxış, Yeni İnam xalqın içindəki total özgəçiliyə qarşı dirəniş göstərə bilər, onu yurdundan qovub çıxarar.

II Xalq vecsizlikdən (biganəlikdən) çıxıb düşünə bilirsə,

özünütəsdiq  olanaqları üzə çıxır

 

İnam ilk işini yaradıcısının özündə başlayır. Söz yox, İnam bir gündə yaranmır, illərin axtarışıyla cilalanır, gəlişir, oturu­şur. Bu gedişin əsas hərəkətverici nədəni əngəl­ləri ötə bilmək, onun etkisində ilişib qalmamaq, azalma­maqdır. Bu baxımdan İnamın qurulması, gəlişməsi həm də bireysəl keyfiyyətlərin gəlişməsini tələb edir. Nəinki gəlişməsini, yeni bireysəl keyfiy­yət­lərin üzə çıxmasını, yaranma­sını qaçılmaz edir. Ancaq İna­mın elan olunması, yaradıcı­sı­nın İnam tələbi yönün­də içdən artması, özünün gerçək­ləşmə olanaqları ilə tutuşdurmada qat-qat güclü olan təpkilərlə qarşıla­şır. Bu təpkilər iki cür əngəl kimi ortaya çıxır: biri yaranan ideyanın tutumuna, etkisinə qar­şı, o biri bənzərsiz bireysəl keyfiyyətlərin görün­məsinə, təs­di­qinə qarşı. Bireysəl keyfiyyət­lərin təsdiqi də əslində qulluq elə­diyi ideyanın yayılması, genişlənməsi ilə bağlıdır. Yəni bireysəl keyfiyyətlər yaradıcılığın məzmununa doğmalaş­maqla bilinir.

Dediyimiz kimi, ideyanın tutumuna, etki olanaqlarına qarşı duran əngəl ideoloji əngəldir. İkinci əngəl – şəxslərin bireysəl keyfiyyətlərin ucalığına, bənzərsizliyinə qarşı qısqanc­lığı, paxıl­lığı, gözügötürməzliyi, çəkişməsidir. Bu əngəllər, xarak­terik olaraq, bir nöqtədə birləşsələr də, görünən, görünməyən olma­ları ilə hardasa ayrılırlar. İdeoloji əngəl xalqın həyatında otu­ruş­duğuna, ağlında, düşüncəsində daşlaşdığına görə daha uzunömürlü olur. Bu, əslində görünən əngəldir. Görünməyən əngəl də işi yubadır, yayılmanın gedişinə ziyan verə bilir. Məsə­­­­lən, Asif Atanın haqqında ilk dəfə eşidən adam, toplumsal ortamda (ictimai mühitdə), tanınmışların yanında söz salarkən həmin tanınmışın danıcı (inkaredici) bir jesti, “əşi” deməsi ilgi­lə­nən şəxs üçün qonu­nu haradasa qapaya bilir. Çağdaş “Azər­baycan Yazıçılar Birliyi”nin üzdə olan bir sıra simaları, həm­çinin Milli Elmlər Akademiyasında, Eyitim müəssisələ­rində ayrı-ayrı şəxslərin Asif Ataya qarşı illərlə davam edən paxıllıqları, qısqanclıqları onun Dünyabaxışının, nüfuzunun xalq­da yayılmasına  ziyan verə bilir.

Asif Ata şərlə döyüşür, onlar da Asif Ata ilə. Doğrudur, şərin ayrıca ünvanı olmur, elə buna görə də onun ayrıca məz­mu­nu da olmur. Şər adamların əməllərində, yanaşmalarında üzə çıxır – naqis duyğuların gerçəkləşməsi kimi. Asif Ata şəxs­lərdəki balacalığa, naqisliyə qarşı, necə deyərlər, döyüş cəbhəsi açmayıb. Başqasının naqislikləri ilə səsləşən, uzlaşan əhvalları öz ömründən silib atıb. “Aydın” (“ziyalı”) qeybəti səviy­yə­sinə enmə­yib, böyük şərlə – xalqın həyat tərzini dəyişən ideoloji şərlə döyüşə girişib, böyük əməllər, böyük hünərlər ortaya qoyub. Elə buna görə də ruhsal sevdası baş tutub. Asif Ata anlayırdı, haqqında dolaşan şayiələr, böhtanlar, öyrədilmiş adamların telefon zəngləri – hədələmələr, işdən qovulma, Dövlət Təhlü­kə­sizlik orqan­larının incitməsi, bu orqanın casuslarının onu izləməsi, ta­nış­larının qorxudu­laraq ondan uzaqlaş­dırılması, ailəyə, qohum­lara, soyuna basqılar göstərməklə onun olanaq­ları­nın daral­dılması, çapına yasaq qoyulması, bir tikə çörəyə, yaşa­maq, yatmaq üçün dar bir ünvana belə möhtac edilməsi, bütöv­lükdə toplumdan uzaqlaşdırılıb təklənməsi, dəli, ruhsal sorunu olan adam kimi qiymətləndirilməsi… onun ideyasının gücünə, “qorxusuna” görə idi. Belə bir çətin durumda özündə güc tap­ması, yaratdıqlarına yiyə durması Asif Atanın ömrünü zəngin­ləşdirdi, kamillik səviyyə­sinə yüksəltdi. Heç nəyə baxmadan xalqın içinə çıxdı, özünə yandaşlar, məsləkdaşlar axtardı. Yanı­na çəkdiyi adam­la­rın böyüməsi, çalışqanlıq göstərməsi üçün Ruhsal Qurum yaratdı. Açıq şəkildə yeni İnam yaratdığını, özünün də bu İnamın Peyğəmbəri, Atası olduğunu elan elədi. Özünün döyüşündə yeni aşama başladı. Artıq xalqın görüşünə Pey­ğəm­bər kimi gedirdi. Bu isə toplumda çaşqınlıq yaratmaya bilməzdi. Çünkü peyğəmbərlik haqqında təsəvvür başqa cür­dür. Gələnəksəl peyğəmbərliklə İnam peyğəmbər­liyini ayıran sınırlar hələ dərk olunmur. Söz yox, Dünyabaxış irəli sürən insan özünün kimliyi haqqında təsəv­vürü, ortaya qoyduğu İdeyaya görə yaradır. Bu baxımdan peyğəmbər sözü dinə özgündür. O, elçi deməkdir, Allahın verdiyi statusdur. Şübhəsiz, bu kontekstdən yanaşanda Asif Atanın peyğəm­bər­liyi deyilənlərə uyğun gəlmir, bu qəlibə özgün olmur. Ona görə də Asif Atanın peyğəmbərliyi Ruhsal Atalıq məz­munu daşıyır. O, İnamın Atası anlamını əsas götürür. Bununla belə, Asif Ata peyğəmbər sözündən əl çəkə bilməzdi. Çünkü İnamı dinin yerinə yaradıb, toplumu dindən əl çəkməyə çağırmaq üçün keçid aşaması kimi “Peyğəmbər” sözünün işlədilməsi qaçıl­maz­dır. Toplumda “həm əski peyğəmbər var, həm də Ruhsal Ata var” düşüncəsi olmamalıdır. “Elə peyğəmbər yenidir, Ata özü odur” etkisi düşüncələrə oturuşmalıdır. Bizim əqidəmizə görə Atalıq peyğəmbərliyin yeni səviyyəsidir. Əslində gələnək­səl peyğəm­bər­likdən yüksəkdir. Dində peyğəmbərin öz sözü yoxdur, o, Allahın sözünü söyləyir. Onun öz iradəsi, hökmü yoxdur. O,  topluma yalnız soraq verir, toplumun Allahı özünə böyük, müqəddəs seçməsi üçün təbliğat aparır.

Ata topluma öz sözünü deyir, insani, bəşəri yöndə gördüyü işləri öz iradəsiylə, öz idrakının gücüylə həyata keçirir. Atalı­ğın məqsədi müqəddəsliyi göylərdə axtarmaq deyil, onu həyata gətirməkdir, həyatı dəyişmək, dünyada insanlığı bərqərar eləmək üçün ruhsal döyüş aparmaqdır. İnsanı göylərə tapşıran dini rədd edir, özünə tapşıran Amal yaradır.

Dində Peyğəmbər siyasət işlədir, – İnsanı aldadır, qorxu­dur, şirnikdirir. Məqsədinə çatmaq üçün qılınc da götürür, insanın üstünə qılıncla gedir, zor işlədir, qan tökür. Süni şəkildə insanı Allaha boyun əydirir. Sevgi insanın ürəyinə hakim kəsilmir, qorxu hakim kəsilir. İnsanın ən böyük “müqəddəs işi” Allaha yalvarışdan oluşur.

Ancaq İnam insanı aldatmır. Onu – qorxulu, qəzəbli, ölən­dən sonra insanı dirildib ona işgəncələr verən, həqarət yağ­dıran mücərrəd bir varlıqla deyil, özünün insani mahiyyə­tiylə üz-üzə qoyur. İnsan öz mahiyyətinin ucalığını anlayır, həqi­qə­tin varlı­ğını bilir, onu dərk edir, onun varlığına sevinir, ona doğ­ru yol başlayır. Həqiqətə qovuşur, həqiqətlə bir olur. Dün­yaya niyə gəldiyini anlayır, müqəddəs əməllərə can atır. Müqəddəsliyi, ölməzliyi özündə tapır. Cənnət həvəsi, cəhən­nəm qorxusu ilə yaşamır. Əbədiliyi həyatda tapır. Nəyi var həyatın gözəlləş­mə­sinə verir. İnsandan böyük məbud tanımır.

Din insanlaşmaq harayı çəkmir, bəndələşmək harayı çəkir. Doğrudur, dinin harayında çəkicilik (cazibə) var idi. Bu çəki­cilik müqəddəsliyi sevmək, onu qorumaq çağırışından irəli gəlirdi. Ancaq çəkicilik müqəddəslik yaratmadı, zaman-zaman gücünü itirdi. Çünkü sevilməli müqəddəslik dəyişdirildi (təhrif olundu). Uyduruldu. İnsan yaranmadı.

İstənilən haray İnam ola bilməz. İnam – Dünyaya bütöv yanaşmaq, idraklı yanaşmaq tələb edir. İnamda Dünyanın, Həyatın, İnsanın nəliyi, necəliyi köklü, əsaslı qoyulur, bunu dərk eləməyə yön verilir. Dünyanı, Həyatı, İnsanı dəyişib mahiy­yətinə bənzətmək üçün döyüş aparılır, yol yaranır, gedilir. Fəlsəfə bunu edə bilmir, bilim, sənət bunu edə bilmir. İnam – Dünyanın, Həyatın, İnsanın nəliyinə, necəliyinə yanaş­ma­nı ona görə yaradır ki, mahiyyət bilinsin, dərk olunsun – nikbinlik üçün əsas olsun. Başqa sözlə, İnsanlaşmanın doğru­luğuna, gərəkliyinə, baş tutacağına şübhə yeri qalmasın. Toplu­mun mövcud durumu onun özündən ayrılmasının görsənişidir. Bunu elə-belə anlatmaq, əsaslan­dır­maq çətin olur, ya da bunu anlamaq səmərə vermir. Ancaq dünyayla bağlı nikbinlik yara­nanda həqiqət ömrə gəlir, mənəvi, toplumsal sorunun çözü­münə olanaq yaradır. Bu isə İnamın Dünyaya bütöv yanaşma­sının sayəsində gerçəkləşir.

Biz dedik, Din İnsanı müqəddəsliyə inandıra bilmədi. Çünkü müqəddəsliyi gerçəklikdə insana göstərə bilmədi. İnsan müqəddəsliyi idealda təsəvvür elədi, onu xəyaldan ayırıb həya­ta gətirə bilmədi. Dinin Dünyaya, Həyata, İnsana yanaşması müqəddəs deyil. Dinə üz tutub Dünyada Dünyadan artığa, Həyatda Həyatdan yüksəyə, İnsanda İnsandan üstün olana çatmaq mümkün deyil. Çünkü dində Dünyadan artıq olan – transendentaldır, dünyadan ayrıdır, dünyaya dəxli yoxdur. Dünyaüstü olan bir varlıq dünyanı adi bir şeyi yaradan kimi yara­dıb, onu yönətir. Burada idrak çıxılmazlığa düşür, ziddiy­yətlərdə ilişib qalır. Buna görə də həqiqətə qovuşa bilmir. Həqiqətsiz idrak müqəddəsliyi tanıya bilmir, ondan əl çəkir. Buna görə də həyat qaranlıqdan çıxa bilmir.

Din təlqinçidir. Onun idealı (Allahı) izah olunmazdır, dərk olunmazdır. Bu yöndə çabalara icazə verilmir, idrak hədələnir. Əgər Allahla bağlı hər hansı mühakimə ortaya qoyularsa, bu, küfr sayılır, kafirlik damğası ilə damğalanır.

Mütləq isə dərk olunandır, izah olunandır. İnamın üstün­lüyü, gözəlliyi də elə bundadır. İnam İdraka yasaq qoymur, tərsinə, ondan tələb edir, yoluna işıq salır, yön verir. İdrak İnamın təsdiqi kimi meydana çıxır. İnam İdealı insandan gizlə­mir, onu İdrak araçılığı ilə insana verir. İnsanın sağlam yanaş­ması üzə çıxır. O qorxudulmur, müqəddəsləşir.

Dinin (İslamın) peyğəmbəri hökmdar iradəsinə qalxır. Azər­bay­cana da onun hökmdar iradəsiylə gəldilər. Dinin məntiqini, məqsədini izah eləyən, xalqın içində illərlə mənəvi-ruhani iş aparan olmadı. Güc yolu ilə, qılıncla verdi­lər. Din xalqa sevdi­ril­mədi, onun iradəsi zorlandı. Xəyanətlər, hiylələr qanlı olay­larla sonuclandı. İnsanı öldürdülər, meyidinin üstündən adladılar, məqsədlərinə çatdılar.

İnamın Atası – özünü dərk etməyən insanı böyütmək məq­sədi daşıyır. Onu basıb əzmir, onun üstündən adlayıb o üzə getmir, İnsanda dayanır. Çünkü məqsədi İnsandır.

Toplum heç vaxt yeni olayı qarşılamağa hazır olmur. Bunun yaxşı yanı da var, pis yanı da. Yaxşı yanı odur ki, hər bir yeni­liyə, onu öyrənmədən, meydan verəndə, bu yenilik toplumun düşüncə yönünü, dünyabaxış sistemini poza bilir. Bu səbəbdən də dirəniş göstərmək – özünəxaslığın qorunması üçün ciddi rol oynayır. Pis yanı odur ki, toplum fərqinə varmadan, gözüyumulu dirəniş göstərir. Bizim toplumumuzda ikinci yan özünü doğruldur. Belə olan halda, toplum öz içinə, öz yaradıcılığına inanmır. Dirənişi – öz içində yaranana qarşı yönəlir. Qıraqdan gələn isə onun həyatına asanlıqla girə bilir. Ancaq toplum özünün həya­tına içəridən məzmun axtararsa, dirənişi – qıraq­dan gələn etkilərə qarşı yönələ bilər. Qıraqdan gələn etkilər iki cür məzmun daşıyır: Biri siyasi məqsədlərlə əsarət gətirir, o biri ümumbəşəri məzmun daşıyan bir olay kimi mədəniyyətə doğmalaşır. İndi gərək toplumun özündə xəlqi-bəşəri dəyəri olsun ki, qıraqdan gələn – boşluğa gəlməsin, onun dalınca siyasi məqsədlər gəlib burada hegemon olmasın. Doğrudan da, doğmalaşa bilsin. Buna mədəniyyətlərin qarşılıqlı etkisi deyir­lər. Asif Ata Hərəkatının məqsədi də odur, onun xalqı qıraqdan gələn etkilərin asılılığına düşməsin, öz içinin məzmunu ilə qurulsun. Ancaq bu məqsədi topluma çatdır­maq çox illər tələb edir. Toplum başlanğıcda onun xeyrinə yönə­lən olaya vecsiz yanaşır, onu gücsüz, elə-belə ortaya çıxan bir olay sayır. Hesab edir ki, bu işi başlayan öz nüfuzu, öz şöhrəti üçün çalışır. Toplumda tutduğu mövqedən asılı olmayaraq, çoxluq bu cür düşünür – bilimlisi, bilimsizi də, oxumuşu, oxumamışı da. Çünkü İnamla uğraşmayan, daha doğrusu, onu öyrənməyən, bilməyən hər kəs İnamı başqa toplumsal olaylarla, çalışmalarla qarışdırır, eyniləşdirir. Axı İnamı bilmək, öyrənmək həm də çox çətindir. Bununla belə, İnamın məramı ardıcıl sunulduqca, əməli səviyyədə göründükcə toplumda çaşqınlıq müsbət yöndə formalaşır. Onun ağlında xeyirxahlıqla, qurtarıcılıqla (xilaskarlıqla), ona qarşı olan düşüncələr üz-üzə dayanır. Çoxluğumu eşitmək, azlığı­mı?! Kəmiyyət hansıdır, keyfiyyət hansı?! Müqəddəslik nədir, antimüqəddəs­lik nə?! Bu kimi sorğular toplumda ayrı ayrı adamları, təkcələri düşün­dür­məyə başlayır. Bu düşüncələr getdikcə top­lum­sal miqyas alır, genişlənir, İnamın etkilərinə qərq olur.

III. Düşüncələr böyüyüb ürəklər durulduqca

İnamın gərəkliyi dərk olunacaq

 

Toplumda dağıdıcı, pozucu meyillər artdıqca həqiqətə ehtiyac da böyüyür. Sözün doğru anlamında toplum qurtulmaq üçün həqiqət axtarır, İnam axtarır. Ümidsizliyin yaratdığı təşviş, ədalətsizliyin doğurduğu mənəvi iztirablar, sosial mə­şəq­qətlər toplumun İnam işığına meyillənməsini yeyinlədir. Necə deyərlər, Şər Xeyirə xeyir verir. Hər bir olaya, gedişə İnamın yanaşması  tutuşdurulur, araşdırılır, öyrənilir. İnsanların həyatında yad baxışlarla doğma baxışlar döyüşür. Artıq top­lum­da anlamağa başla­yırlar. Kimlərsə Asif Atanı özünün peyğəmbəri saymaya bilər, ancaq onun peyğəmbərliyini, Oca­ğı­nın varlığını, çalışmasını dana bilməz, danmaq gücündə olmaz. Asif Atanın Baxışı, onun Ocağının hər şeyə yanaşması ulusal ölçü kimi getdikcə oturuşmaqdadır. Ocaq ardıcıl öyrədir: İnamçılıq həqiqətinə yetmədən xeyiri şərdən, yalanı doğrudan, ədaləti ədalətsiz­likdən ayırmaq çətin olacaq. Əsilliyə çatmaq üçün Ruhsal İdrak gərəkdir. Yalnız Ruhsal İdrak anlayır: Bu gün nur, işıq sözündən yapışanlar onu xurafat səviyyəsində qəbul edirlər. Bizim Azərbaycanın ruhsal mahiyyətinə özgün elədiyimiz işıqçılıq anlayışının yerinə, onun analoqu kimi sırımağa çalışırlar. Əslində Azərbaycanın Ruhsal İşıqçılığı Zər­düşt­çülükdən başlayan mənəvi arınma (təmizlənmə), içdən aydın­laş­ma, özünü dərk eləmə olduğu halda, bugünün nur axta­rı­cı­larında göylərdə oturan adamabənzər varlığın gizli əməlləri kimi qəbul olunur. Bizdə işıq İnsanın aqibətindən yaranır, onlarda nur göylərdən insana şərtlər içrə pay kimi göndərilir. Əgər göylərin adamabənzər qüvvəsini savunsan (müdafiə elə­sən), bu pay sənə verilər. Bu yanaşma ardıcıl şəkildə türkçü­lüyə, milli varolmaya qarşıdır. Bu cür etkilər ulusumu­zun ideoloji, eləcə də ideya bütövlüyünün olmamasından, boşluğun yaranmasından irəli gəlir.

Ünlü türkçülərimiz Z.Göyalp, Ə.Hüseynzadə, M.Ə.Rə­sul­za­də Atatürkün ideoloji formalaşma­sında ciddi etki göstərsələr də, Ərbakanın yaranmasında da rol oynamış oldular. Belə ki, türkçülüyü süni şəkildə İslamçılıqla, Batıçılıqla birləşdirmələri Ərbakanlar üçün sonrakı dönəmdə ortam yaratdı. Türkçülük ciddi olay ola bilmədi. “Yeni doktrina yaranmadı, yamsılamaq yarandı” (Asif Ata). Qısa müddətdə qalxınma göründü, ancaq xalqın içində əsaslı gəlişmə başlamadı.

Bugünkü həyatımız sonucdur. Türk fəlakətlərdən çıxa bilmir. Bu, Türkiyədə də belədir, Azərbaycanda da. “Türkiyə Atatürkdən sonra heç kimi vermədi” (Asif Ata). Azərbaycanın da güclə boynuna qoyurlar, o, H.Əliyevi verib. Bəs H.Əliyev Azərbaycanda nə yaratdı?! Çəkinmədən cavab verirlər, o, “əsrin kontraktları”nı qolladı. Guya bu kontraktı heç kəs qollaya, Azərbaycanı sata bilməzdi. Biz isə deyirik, H.Əliyev Azərbaycanda yüzlərlə bölücü təşkilatlar yaratdı. Bağla­dığı kontraktlardan gələn milyardlarla gəliri özünün, tayfasının büdcəsinə topladı. Azərbaycanın hər yerində özünə çoxsaylı heykəllər ucaltdı (əsasını özü qoydu). İndi görəvə qulluq eləyən icra başçıları öz işlərinə H.Əliyevin adına bağ salmaq­dan, ona heykəl qoymaqdan başlayır.

Bugünkü Türkiyənin Azərbaycanla yaxınlaşması üzdədir, siyasidir, özülsüzdür.

İslam Babəki amansızcasına öldürməklə, Nəsimini soymaq­la, Nəimini parça-parça eləməklə türk ruhuna, yenilməzliyinə qılınc çaldı. Azərbaycan ruhu balaca­laş­dırıldı. Balacalaşan xalqın vətəni də parçalandı. Dövrü­müzdəki Xocalı fəlakətinə qədər yeridi.

Türkiyə isə hakimiy­yə­tinə Ərdoğanı gətirdi – ağlı, arvadı çadraya bükülmüş Ərdoğanı. İndi o, Atatürk prinsiplərinə də arxa çevirir. Belə bir hökuməti olan Türkiyə Azərbaycanla necə birlik quracaq?! Bu gün Azərbaycanla Türkiyə hökumət­lərinin səsləndirdiyi ortaq türk dili, ortaq dərslik – uzun çağlardır bizim arzuladığımız, basında (mətbuatda) ardıcıl vurğuladığımız bir ideyadır. Buna baxmayaraq, Türkiyə höku­mə­­tinin bu ideyaya yönəlik müsbət yanaşmasından adam sona­can sevinə bilmir. Çünkü bu ortaqlığın dalınca Ərdoğanın “mavi” çadraları gələcək. İranın qara çadraları ilə Azərbay­canda çəkişməyə girəcək. İslam ruhlu hakimiyyətin türk birliyi yarada bilməsini təsəvvür eləmək çətindir. Qədimdə də bu məntiq özünü göstərib. Üzdə genişlənən (imperiyalaşan) türk içdən kiçildi, əridi. Osmanlı imperi­yasının qüdrətindən ağız dolusu danışanlar orada türk ruhunun qüdrətini göstərə bilməz­lər. Başqa sözlə, möhtəşəm səltənət yaradanlar Türk İna­mı, Türk Birliyi yarada bilmədilər. Eləcə də Ş.İ.Xətainin Səfəvi imperiyasından heç nə qalmadı, çünkü getdikcə içi özgələşdirildi. İndi bizim millətimizə Ş.İsmayıl milləti demək çətindir. Söz yox, Ş.İsmayılın yaratdığı dövlətçilik gələnəyi cahanşümul olay idi. Ancaq bu olayın arxasında Ş.İsmayılın ən çox qolu dayanırdı. Türk ruhu, türk dünya­baxış sistemi olmadı. Qolu türk idi, gözünün baxarı, mənə­viyyatının yönü (qibləsi) tam olaraq türk deyildi. Bu gün də Azərbaycan dövlətini yadlaşma əsasında qorumağa çalışırlar. Bu çabalardan da heç nə qalmayacaq. Gözümüzün qabağında Azərbaycançılıq – etniklərlə oyun oyna­maq səviyyəsinə endi­ril­di. “Hamı azər­bay­canlıdır” deyi­min­də dəhşətli bir ruh­suz­luq var. Bu deyimdə Azərbaycan coğra­fiya səviyyəsindən başqa heç nə ifadə eləmir. Hakimiy­yəti qorumaq siyasətidir bu. Bunu uzaqgörənlik, müdriklik kimi dəyərləndirənlər anlamadılar, bu gedişlə Azərbaycanda türk ruhu bilinməz, qurulmaz. Azərbaycançılıq – yəni mücər­rəd hamıçılıq.

Əslində Azərbaycançılıq – türk ruhunun ifadəsidir. Azər­bay­can türk ruhunun ünvanıdır. Bu anlamda “Azərbay­cançılıq–Türkçülük birliyi yaranmalıydı”. Ancaq türkçülük Azərbaycan­çılıqdan ayrıldı, yasadan (qanundan) çıxarıldı. Azərbay­cançılıq da oldu hamının birgə yaşayış ünvanının yalançı ideoloji anlayışı. Bu anlayış, dediyimiz kimi, özündə heç bir ciddi ideya daşımır…

Yaxşı şeylərdən icazə veriləndə danışırlar – siyasətin xeyri­nə. Siyasətin əlinə harda olanaq düşür, ən uca ideyaları öz adına çıxır. Ancaq heç nəyə doğruçu əməl eləmir. Uca idealların arxasında durmaq asan deyil. Gərək o idealın ruhuna uyğun yaşayasan, özünü yiyə kimi görə biləsən. “Biz bir millət, iki dövlətik” deyilişini az qala kəşf kimi, heç kimin ağlına gəlmə­yən bir ideya kimi dəyərləndirənlər unudurlar, Azərbaycanda türk adını rəsmi şəkildə bu deyimin müəllifi ortadan qaldırdı. (Hərçəndi o deyim ondan öncə deyilmişdi). Elan olunmuş bağımsızlığımız dönəmində türkçülü­yün məzmununa doğru bircə dənə, rəsmi səviyyədə, prinsipial addım görmədik. Torpağı müqəddəsləşdirən, yurd səviyyəsinə qaldıran dəyərlər dövlət yönətiçiliyində özünü göstərmir.

Torpağın Yurd səviyyəsi – bizim üçün Ocağın xalqlaş­ması deməkdir. Ocağın xalqlaşması Yurdun qorunması səviyyəsi yetirir. Xalqı xalq eləyən dəyəri yaşatmaq üçün Vətən qorunur. Bu anlamda Ocağın ortağı (müttəfiqi) yoxdur. Heç düşməni (rəqibi) də yoxdur. Partiyalar, təşkilatlar Ocağın baxışını qəbul edəndə belə ortaq deyillər. Yəni onları Ocaqla ortaq edəcək elə bir fakt yoxdur. “İkisi, üçü… əl-ələ verib işləyər” anlamı ilə Ocağa yaxınlaşmaq olumsuzdur, doğru da deyil. Ocaq ideyalarından bəhrələnib iş görmək olar, Ocaqla birgə yox. Ocaq ruhaniyyat olayıdır. Ruhaniyyat olayı isə təşkilatlar kimi iki olmur, çox sayda olmur. Təşkilatların içində, kimlər­dəsə, səmimi olaraq hakimiyyətə gəlib xalqa qulluq eləmək istə­yi ola bilər. Ancaq bununla belə, o kəslər Ruhaniyyatla eyni işi görmürlər. Ruhaniyyat xalq yaradır – onun gələnəklərini, özgürlüyünü (azadlığını), aqibətini yaradır. Başqa olaylar belə əsaslı məqsəd daşımır. O olayların belə bir məqsəd daşımaq olanağı olmur. Başqa olaylar özül deyil, üzdür, üzdəki­dir. Buna görə də başqa olaylar Ocağın düşməni də deyil. Heç din də Ocağın düşməni deyil. Çəkişmədə sıra var, təbəqə var, birin­cilik, ikincilik var, aşağı, yuxarı var. Ocaq İnamı dinin yerinə gəlib. Onunla birinci, ikinci olmaq yarışına gəlməyib. Ocaq ardıcıl vurğulayır, din getməli­dir, o insana gərək deyil, bu çağa qədər də gərək olmayıb. Genel olaraq Dinlə İnam yalanla doğru kimidirlər. Bunlardan birinin varlığı o birinin yoxluğu deməkdir.

Məsələnin bu cür qoyuluşu Asif Atanın güzəştsizliyinin, prinsipiallığının tələbindən irəli gəlir. Bu tələb İnamın əsil­lik səviyyəsində qəbul olunması üçün zəmin hazırlayır.

Ocaqdan qıraqda bütün olaylar, çalışmalar, təşkilatlar insana tale qəlibi düzəldirlər. Başqa sözlə, İnsanın taleyini ideologi­yaya tapşırırlar. İdeologiya, ən yaxşı halda, insana qulluqçuluq öyrədir. Ocaqda İnsanın taleyi Ruha tapşı­rılır. Ruh insana yaşamaq öyrədir. İnsan döyüş (mübarizə) tələ­binə tabe etdiril­mir, özündə döyüş tələbini yetirir. İdeologiyanın tələbi zorən qarşılanır. Ruhun tələbi yüksək sayılır…

Dünya kədərlidir, əzablıdır, çeşidlidir, ziddiyyət­lidir, təzad­lıdır. Buna görə də İnsan dünyaya yanaşmada çaşa bilir. İnsa­nın dünyaya yanaşmada çaşmaması üçün o öz adi halın­dan yüksəyə qalxmalıdır. O, ruhsal qüdrətə yetəndə dünyanın hər cür xassələrini, məqamını, gedişini özü üçün aydınlaşdıra, bəlli edə bilir. Adi səviyyəsində isə dünyanın kədərində, əzabında, çeşidliyində, təzadlarında dolaşır, haldan-hala düşür. Sabitli­yini, səbatlığını itirir, – yoxluqla varlıq arasında mövcud olur, son anda yoxluğa dönür. Belədə insan Doğanın ünsürü kimi görünüb yox olur. Söz yox, istənilən halda insa­nın Doğadan ayrılığı (fərqliliyi) var. Ancaq bu ayrıntılıq bütöv­lükdən çox aşağı olduğu üçün, insanın gerçək həyatı sona çatan­dan sonra az müddət qalır, sonra bu ayrıntı da silinib gedir. Belə bir ayrıntı insan haqqında, ən yaxşı halda, xatirat yaradır, gerçək həyatda mövcud olduğunu nişan verir, yaxın­larının yaddaşında saxlayır, ancaq, dediyimiz kimi, getdikcə unudulur. Ancaq İnsan ruhsal qüdrətini təsdiq edəndə nəinki doğadan ayrılığını elə-belə göstərir, xalqın mənəvi həyatında yaşa­dığı, yaratdığı yüksək ömrün etkisiylə varolmağa çalışır, yoxluqdan çıxır.

Ocağın İdrakda, düşüncədə yaratdığı, birey-birey gerçək həyatda təsdiq elədiyi həqiqətçilik bütövlükdə xəlqi sayğı yaradır, yaşam ölçüsünə çevrilməyə başlayır.

IV Xalq Yeni İnamla Ruhsal dirçəlişə başlaya bilər

 

Yurdumuza Ata gəlişi nə ilə başladı? – Biz bu aşamaları belə bir sorğuya biçimcə qısa, məzmunca dolğun cavab vermə­liyik. İlk çağlar Asif Atanın ağlında, düşüncələrində başlayan axtarışlar onu qaçılmaz olaraq İnam yaradıcılığına gətirib çıxartdı. Söz yox, bu məsələdə ulusumuzun zəngin tarixi dəyər­lə­rinin olması onun yaradıcılığına başlanğıc verdi. Bununla belə, İnsan taleyinin acınacaqlı durumu, çözümü təkcə tarixi dəyərlərin əsasında başa gəlməyən çoxsaylı sorğular qarşısına çəkib gətirdi Asif Atanı. Axı xalqın dəyərləri o qədər nizamsız, araş­dırılmamış, sistemləşdirilməmiş bir görkəmdədir, Asif Ata bu dəyərlərin özünü qurtarmaq (xilas etmək), xalqın mədəni, mənəvi həyatına qaytarmaq haqqında düşünməli oldu. Çünkü bu dəyərlər, nəinki xalqın həyat tərzində, heç ədəbiyyatlarda da sistemləşdirilmiş şəkildə mövcud deyil, həqiqi məzmundan ayrılmış, dəyişdirilmiş haldadır. Asif Ata öz idrakının olanaqları, fəhmi ilə ulusumuzun dəyərlərini ciddi öyrənmiş, onları milli düşüncə olayı kimi bir sistem halına gətirmişdir. Bu sistemə “Azərbaycanımız – Azərbaycanlığımız” adı vermiş, onu xalqın içində yaymağa, öyrətməyə girişmişdir. O, bütöv­lükdə hər bir xalqın dəyərlərinə bu cür sevgi ilə yanaşır.

Söz yox, yalnız “Azərbaycanımız – Azərbaycanlığımız” də­yər sistemi ilə Asif Ata xalqa öz keçmişini öyrədə bilərdi. Bu isə hələ gələcək üçün bütöv bir zəmin deyil. Bunun üçün “Azərbaycanımız – Azərbaycanlığımız” dəyər sisteminin cöv­hə­­ri olan Mütləqə İnam baxışını qaçılmaz olaraq xalqa verməli idi. Bunu biz başlanğıcda “İnamın yaranma qaçılmazlığı” kimi vurğulamışıq.

Asif Ata “Azərbaycanımız – Azərbaycanlığımız” dəyər sistemində Zərdüştçülüyün Türk İnamı olduğunu ardıcıl vurğu­layır, yüksək idraklılığı ilə sübuta yetirir.

Dədə Qorqudluq olayının – İnsan böyüklüyünün, ağsaqqal­lığının həyat ölçüsü olduğunu vurğulayır.

Babəkçilikdə döyüşkənliyin, yenilməzliyin dünyabaxışa tən olduğunu bildirir.

İnsanlığın zirvəsini fəth edən hürufiləri dünyada bənzərsiz olay kimi sayır.

Füzuli aşiqliyində bənzərsiz möcüzələr kəşf edir, bunu din səviyyəli olay kimi elan edir.

Muğamın insan həyatındakı ecazkar rolunu qalıcılıq (əbədiyyət) carı kimi dəyərləndirir.

Sazın İnsanı Tanrıya qovuşdurmaq qüdrətindən, gərəkliyindən bəhs edir.

Belə bir içsəl zənginliyi olan xalq hansısa dönəmdə öz key­fiy­yətlərini üzə çıxarmaqdan əl çəkə bilməz, tarixi aqibətini danıb öz olanaqsızlığına inanmaz. Bu səbəbdən də yurdumuza Ata gəlişi elə-belə deyil. Mahiyyətcə Ruhaniy­yat xalqı ələba­xan yaşaya bilməz, o,Yurduna qıraqdan böyük çağırmaz. Yad­lı­ğı bayram edən xalq yetim xalqdır. Mütləqə İnam – xalqımız üçün bəşər olmaq olanağıdır. Xalq yetim­likdən çıxmayanda bəşər olmur. Mütləqə İnam başqa xalqlar üçün də bəşər olmaq olanağıdır. Yəni İnam hər bir xalqı özünə tapşırmaqla ulusal gələnəklərin aradan getməsinin qarşısını alır. Bununla, bir xalqın mənliyini başqa xalqın yönətməsi aradan qalxır. Belə­liklə, Yurdumuza Ata gəlişi ilə İnam təkcə milli zəmində deyil, ümumbəşər anlamında tapınağa çevrilir.

İnsan Din-İnam təzadını dərk edir – Xurafatın korluq yerit­mə­sindən ayrılıb Həqiqətin aydınlığına üz tutur. İnam sübut edir, İnsanın üzü, ürəyi ağarmayınca, dünyanın içi işıqlanmaz. Xurafat – dini siyasət üçün qoruyan qaranlıqdır. Bu qaranlıqda dinlərin siyasət üçün döyüşləri mövcuddur. İnsanlıq birdir, Allah birdir, ancaq din bir deyil. Ümumbəşər anlamında inam­lar ola bilməz, İnam ola bilər. Dinlər isə ayrıntılı inanmalar sınırı yaradır. Bu isə əslində siyasi yanaşmaların ayrıldığı sınırın özünə özgündür. Buna görə də din İnamla əvəz olunur. İnam idrakı cəhalətdən ayırır, qoruyur. Bu halda siyasi ideologi­yaların həqiqət­çilikdən aşağı olduğu bilinir. Daha doğrusu, siyasətin həqiqətə tərs olduğu dərk olunur.

Demokratiya – liberalizm – Qloballaşma antiinsanilik olay­ı kimi dərk olunur, rədd olunur. İnam Doğusal keyfiyyətlərin özülünə çevrilir, xalq bunu dünyalaşdırmaq amacı ilə yaşayır.

İnam ümumtürk Birliyi yaradır, bu Birliyi dünyaya qarşı qoymur, dünyanın qurtuluşuna yönəldir. İnamın tələbi ilə imperiyaçılıq, cahangirlik axtarışlarına son qoyulur.

Xalq biryolluq özgəlikdən əlçəkmələrə çağrılır, çatır.

Ey çağdaş yurddaşlarım!

Sizin içinizdən bir ər çıxıb, Yurdunuzda müqəddəslik Ocağı qalayıb. Boynunuzu bükük, özgürlüyünüzü kölgəli eləyən şər felinə qarşı ruhsal döyüş cəbhəsi yaradıb. İtkilərə (məhru­miy­yətlərə) alışıb, izləmləri (təqibləri) ötüb, alçaltmalara (təhqir­lərə) dözüb. Sizin mənliyinizin qorunmasını, aqibətinizin qu­rul­ma­sını, Sabahı­nızın yaşanmasını Amal bayrağına çevirib başının üzərinə qaldırıb. İndi bu bayraq bizim, sizlərdən biri olan yurddaşla­rınızın başının, ömrünün üzərində dalğalanır.

Sabahınıza ayıq baxın, onu bugünümüzə gətirmək üçün ayağa durun. Ayaqlar altından çıxmaq çağıdır.

Öz içinizə yön (qiblə) deməkdən qorxmayın.

Öz Yurdunuza “Kəbə” deməkdən qorxmayın.

Asif Atanın Peyğəmbərliyini qəbul eləməkdən qorxmayın.

Mütləqə İnama “dinim” deməkdən qorxmayın. “Qorxunuzu qorxudun. Qorxunuzdan daşının!” (Asif Ata).

Azərbaycana televiziya ekranlarından “eşq” elan eləyənlər! Miskin, zavallı duruma salınmış yurdunuza lağ etməyin. Onu qurun. Qurulan möhtəşəm olur. Möhtəşəmi sevin. Zaval­lını öymək­də həqiqət, sevməkdə inam yoxdur. Aldatmayın xalqı­nızı: – gözü yaşlılarınızı, ürəyi sınıqlarınızı, ümidi dağıl­mış­la­rınızı, çörəyə möhtac qalanlarınızı…

Milyonlarınızın (varidatınızın) altına şüarlar yazmayın. Şüarlarla milyonlarınıza dayaq qurmayın. Pulunuzun dayaq­larını Yurdunuzun dayaqları kimi qələmə verməyin. Vicdanı söyməyin. İnsanların ürəyində Allahı öldürməyin. Ərəbistan­dan Yurdumuza Allah daşımayın. Yurdunuzda Allah yaradın. Yurddaşlarınızın ümidini ölümə dikməyin, həyat eşqinə yönəldin, Yurd sevgisinə calayın.

Peyğəmbərimiz Asif Ata Mütləqə İnamı yaradıcılıq üçün yaradıb – Yaşamaq, İnsanlaşmaq, Xalq olmaq üçün…

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız var olsun!

 (arxiv)

Share: