Gürcüstanla strateji müttəfiqliyimizin davam etdirilməsi…

Bu günlərdə Gürcüstanda rəsmi səfərdə olan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyevin həm qonşu ölkənin rəhbərliyi ilə, həm də öz gürcü həmkarı – Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili ilə keçirdiyi görüşlərdə iki ölkənin dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, regional təhlükəsizliyin təmin olunması, Gürcüstanın və Azərbaycanın milli təhlükəsizliyinə yönələn beynəlxalq təhdid və hədələrə qarşı birgə mübarizə istiqamətində bundan sonra da sıx əməkdaşlığın davam etdirilməsi kimi mühüm məsələlər üzrə aparılan danışıqları uğurlu və səmərəli hesab etmək olar.

Bu görüşlərdə regionda mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin təkmilləşdirilməsi, təcrübə və səmərəli məlumat mübadiləsi sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri də geniş müzakirə olunub. Eləcə də Gürcüstanın İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı obyektiv və səmimi davranması da ayrıca qeyd olunub. Gürcüstan 44 günlük savaş dönəmində özünü həqiqətən də əsl qonşu kimi apardı. Bunu Azərbaycan Prezidenti İlham Əliyev də öz müsahibə və açıqlamalarında 44 günlük müharibə zamanı Azərbaycanın yanında olan, bizim haqlı mövqeyimizi müdafiə edən ölkələr haqqında danışarkən də qeyd edib.
Biz Gürcüstanla strateji müttəfiqliyimizin bundan sonra da davam etdirilməsində maraqlıyıq. Düzdür, son zamanlar Gürcüstan prezidenti Salome Zurabişvilinin bəzi qeyri-adekvat və xoş olmayan addımlarının da şahidi olmuşuq. Lakin bu insidentləri nəzərə almasaq, bizim qonşu ölkə ilə münasibətlərimiz hazırda kifayət qədər yüksək səviyyədədir. Onsuz da S.Zurabişvilinin hansı mövqedən çıxış etməsi Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmliyinə heç bir xələl gətirə bilməz. Çünki Gürcüstanda prezident simvolik səlahiyyətlərə malikdir. Bu ölkənin siyasi gündəmini və xarici siyasət prioritetlərini prezident yox, baş nazir müəyyən edir, həyata keçirir.
General-polkovnik Əli Nağıyevin sözügedən səfərinin ölkələrimiz arasında olan mövcud dostluq, qardaşlıq, etibarlı partnyorluq münasibətlərinin daha da inkişaf etməsinə təkan verəcəyinə əminik. Əli Nağıyevin qonşu ölkədə isti qarşılanması da bunu deməyə əsas verir. Elə son günlər Gürcüstan tərəfinin Rusiyadan Ermənistana gedən içi silah dolu iki yük maşınının sərhəddən keçməsinə icazə verməməsini də bu kontektdən yanaşaraq yüksək qiymətləndirə bilərik. Yeri gəlmişkən, Gürcüstanın bu addımı indi Ermənistanda sıx müzakirə edilir. Ermənilər öz ənənəvi, xəbis xislətlərinə sadiq qalaraq Gürcüstanı buna görə kəskin şəkildə tənqid də edirlər. Əslində isə Gürcüstan tamamilə düzgün addım atıb. Güllə keçirməz içliklərlə dolu olan iki avtomobilin geri qaytarılması Gürcüstanın öz təhlükəsizliyini təmin etmək baxımından olduqca önəmlidir. Gürcüstanın siyasi elitası haqlı olaraq hesab edir ki, Rusiyanın Ermənistandakı hərbi bazasını gücləndirmək və genişləndirmək siyasətini yürütməsi yaxın perspektivdə Gürcüstanın suverenliyi üçün də real təhlükəyə çevrilə bilər. Gürcüstan öz təhlükəsizlik maraqlarını Ermənistanın və Rusiyanın maraqlarına qurban verəsi deyil ki. Bu baxımdan, ermənilərin rəsmi Tiflisin hərbi yük avtomobillərini öz ərazisindən Ermənistana buraxmamasını tənqid etmələrinin heç bir əsası yoxdur.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Share: