Bax, bu da “Azadlıq” stansiyası, Mən burda düşürəm, sənə yaxşı yol… Kəmaləddin Qədim

BAX, BU DA “AZADLIQ” STANSİYASI…

“Yeraltı görüşlər” silsiləsindən...

Bir vaxtlar, zamanlar dost olmuşuq biz,
Dedim də dost elə yoxlar dostluğu…
Bax, bu da o həmin görüş yerimiz,
Bax, bu da o həmin “Xalqlar dostluğu”…

Düşdük də sonralar bir ayrı dərdə,
Sonra da görüşdük sevdiyimizdən…
Hərdən “Əhmədli”də, “Neftçilər”də…
Çıxmadıq yeraltı “evciyimiz”dən…

Baxanda yaxından, uzaqdan elə,
Dünya qaraltıydı, qaraltı dünya…
O vaxtdan başladı, o vaxtdan elə,
Yeraltı görüşlər, yeraltı dünya…

Gərək bu düşdüyüm dardan biləydim,
Bu dünya sevginin başına dardı…
Mən hardan biləydim, hardan biləydim,
Bu eşqin “20 yanvar”ı vardı…

Tükəndim, qalmadı canımda tutar,
Oldum da min cürə şərtin qurbanı.
Qoşulub gəlir də dərd qatar-qatar,
Mən isə hələ bu dərdin qurbanı…

Gedirəm, çıxıb da içindən yasın,
Başımda dumana, çənə yaxşı yol…
Bax, bu da “Azadlıq” stansiyası,
Mən burda düşürəm, sənə yaxşı yol…

SÖYLƏ, MƏN DƏ GƏLİMMİ?

Sən həmin Leylasanmı,
Leyla, mən də gəlimmi?
Durum susuz səhradan
Öylə mən də gəlimmi?

Ol bir az öy adamı,
Sev, oxşa, öy adamı.
Ay səma, göy adamı,
Göylə mən də gəlimmi?

Axtar, ara, getdi, qız,
Əlac, çara getdi, qız.
Fikrin hara getdi, qız,
Söylə, mən də gəlimmi?..

Share: