“Hardasa bir qadın yaşayır indi, Hardasa bir şair ölür şeirdə!” – Elçin Nur (Şeirlər)

İçimdə gəzən qadın 
 
Bütün həyatımı oda atdım mən,
Sayəmdə dərdlərin az oldu, gülüm.
Gözəl gülüşünə bahar qatdım mən,
Niyə özgəsinə yaz oldun, gülüm?
 
Nə qədər gizlətsəm dərd yenə çoxdu,
Sevən ürəyimə dağ çəkmisən, dağ.
Mənim yeriməyə taqətim yoxdu
Sən isə içimdə gəzirsən ancaq.
 
Arada səninlə çıxıram çölə,
Gülürəm, xəyallar qururam, qadın.
Gülüş hədəfinə çevrilsəm belə
Sevdiyin ətirdən vururam, qadın.
 
Qarşır küçədə səsin səs-küyə,
Onunçün tələsik evə çıxıram.
Sonra da qəlbimdə darıxma deyə
Sənin xoşladığın filmə baxıram.
 
Sevdiyin hər nə var, üzümə baxır,
Səssizcə mətbəxə sarı keçirəm.
Bilirəm, çox şirin sevmirsən axı,
Səninçün çayı da acı içirəm.
 
Beləcə oluram yolunda qurban,
Xeyri yox, evimi yıxırsan onsuz.
Gündüz vücudumu rahat gəz dolan,
Gecə gözlərimdən çıxırsan onsuz.
 
Nə vaxt qayidacam evə, bilmirəm 
 
Doguldun ömrümə günəş kimi sən,
Yox oldu zülmətin közərən ayı.
” Batdın”… Qaranlıqda tək- tənhayam mən,
Bir nəfər de yoxdu məndən savayı.
 
Mənə bəxş etdiyin həsrəti,dərdi,
Yadigar saxladım səndən inan ki…
Sənsiz olduğumu biliblər nədi,
Küçələr üstümə yeriyir sanki.
 
Bütün arzularım qaldı dünəndə
Özüm öz bəxtimi indi söyürəm.
Sən “gecəniz xeyrə qalsın” deyəndə
Mən “sabahın xeyir, gecə” deyirəm.
 
Səni xatırladır mənə küçələr
Xəyalın gözümün önündən getmir.
Dünyanən üstünü örtən gecələr
Bəs niyə qəmimin üstünü örtmür?!.
 
Təskinlik tapıram bir şirin sözdən,
Səssiz ağlayıram küncə qısılıb.
Bir vaxt işıq gələn pəncərənizdən,
İndi bəxtim rəngdə “pərdə” asılıb.
 
Xəyalınla birgə gecələrdəyəm.
Səndən qeyrisini sevə bilmirəm.
Getmisən, tək-tənha küçələrdəyəm,
Nə vaxt qayıdacam evə, bilmirəm.
 
QADINDAN YETİM 
 
Üzü yalnızlığa doğru gedirəm,
Daha arzularım mənimlə qalmır.
Bütün küçələrə nifrət edirəm,
Onu heç birində unutmaq olmur.
Nə qədər istəsəm, qayıtmaz geri
Çətin ki, ikiyə, üçə dayanım.
Mən, adi mahnıya kövrələn biri,
Onun yoxluğuna necə dayanım?
 
Getsə də , amma ki, görünür yeri,
Vermədi ömrümə tən xöşbəxtliyi.
Bilirəm, halımdan yoxdur xəbəri,
O, məni unutdu, mən xöşbəxtliyi.
 
Ümidim günbəgün əriyir, solur.
Əsla düşünməyin,mətin qalmışam.
Mənim sağ tərəfim adamla dolu,
Sol yanım qadından yetim qalmışam.
 
Sətirlər yaramı qaşıyır indi,
İnsanlar dərdimi, bilir şeirdə.
Hardasa bir qadın yaşayır indi,
Hardasa bir şair ölür şeirdə…!!
Elçin Nur
Müstəqil.Az
Share: