Minasyan erməniləri təhqir etdi: 3 Ermənistan var

Bu gün bizim kollektiv mənəviyyat və ləyaqətimizi sıfıra bərabərləşdirdilər. Bu gün matəm günü deyil, ümummilli rüsvayçılıq günü idi. Hansısa əclaf bir daha bütün milləti rəzil edib bir günün içində bütün vətəni ləkələdi.

Müstəqil.Az xəbər verir ki, bunu Ermənistanın Vatikandaki sabiq səfiri, keçmiş prezident Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyan öz Feysbuk səhifəsində bugünkü matəm yürüşü ilə bağlı yazıb.

O, qəbiristanlıqda, ölənlərin ziyarəti zamanı ”Nikol – baş nazirdir” şüarlarına kəskin etiraz edib və yazıb:

“Hazırda 3 Ermənistan var: Birincisi, gələcək uğrunda mübarizə aparan Ermənistan. Dünən mövcud olan Ermənistan.

İkincisi, bu günün ilk yarısındakı həyasız, qanlı, isterik və imansız Ermənistan. Sifarişlə “Nikol – baş nazirdir” deyə bağıraraq soyumamış qəbirləri tapdalayan zəif iradəli, xuliqan kütləsi. Bu kütlə öz varlığı ilə oğlanların məzarlarını ləkələdi. Bu çığır-bağır və bronjiletlərin altında ölkənin bir nömrəli xaini — ermənilər arasındakı axırıncı əclaf, bütün günahlarımızın əsas təcəssümü, ən pis erməni gəzirdi. Əsgərlərimizi o öldürdü. Və bu gün qəbirlərini murdarlayaraq onları yenidən öldürdü.

Üçüncü bir Ermənistan var – qorxaq və istehlakçı. Həmin üçüncü Ermənistandır ki, bunun siyasi mübarizə olduğunu və burada iştirak etmək istəmədiyini bəyan edir, lakin qəbiristanlıqda “Nikol – baş nazirdir” deyə bağıranları inadkarlıqla görmür.

Bu, bayram alış-verişi edən, endirimlərdən danışan, Yeni ilə hazırlaşan, kafedə söhbət edən Ermənistandır. Bu o Ermənistandır ki, bir neçə həftə sonra kafedə qəhvə içməyin belə inanılmaz bir lüks olacağının fərqinə varmır, çünki nə pul, nə də kafe olacaq. Ümidlə yaşayırlar. Bunun sadəcə bir siyasi mübarizə olduğunu, müharibənin bitdiyini və indi hər şeyin normallaşacağına ümid edirlər. Hesab edirlər ki, heç nə etməsələr, deməsələr, eşitməsələr hər şey normallaşacaq və keçib gedəcək”.

Minasyan qeyd edib ki, heç nə normallaşmayacaq, hər şey pis olacaq və bu pisdə bu “Nikol – baş nazirdir” deyənlər və bunu görməyənlər, yəni bütövlükdə xalqın böyük hissəsi, kütləsi günahkardır.

Xədicə Nəbiyeva

 

 

Share: