Şəhadət zirvəsinə ucalan şair – Aysel Nəsirzadə yazır

Son sözü “HƏR ŞEY VƏTƏN ÜÇÜN…” oldu.Bütün şeirlərini qoyduq bir kənara, Şəhid Şairimiz Xəyyamın bu bir kəlmə sözünü yaddaşımıza,ürəyimizə həkk elədik.
Dostlarının onu yola salarkən çəkdiyi video görüntüsündə “Xəyyam ,video çəkirik nə demək istəyirsən” sözünə əl sallayıb ürkək baxışıyla, cəsur ürəyi ilə “Hər şey vətən üçün” deyib vida etmişdi. Sanki ürəyinə danmışdı bu vidanın son vida olduğu. Son şeir paylaşımlarında da xeyli ayrılıqdan bəhs edərdi:
Məni itirməyi asanmı sandın?
Axtarsan bir daha tapa bilməzsən.
Gedərəm izimə düşsən də mənim,
Qaçsan da arxamca çata bilməzsən.
Şəhidlik elə bir zirvədir ki, ora ancaq Allahın yer üzündə seçilmiş bəndələri ucalır. Şəhidlik zirvəsinə Xəyyam öz təmiz əqidəsi ilə, vətənpərvər ruhuyla layiqlilik qazanmışdır. Xəyyamı tanıyan hansı şair dostundan, tanışından onun haqqında soruşursan “Allah rəhmət eləsin çox yaxşı insan idi” deyir. Hələ bizim qiraətçi Zümrüd ananın göz yaşları heç dinmək bilmir. ”Görən eşitdiyim doğrudurmu?”– sualını verib hönkü-hönkür ağlayır. Xəyamın özü çox gözəl şeir səsləndirsə də, axırıncı dəfə “Mən olmayanda” şeirini Zümrüd xanımın qiraətində eşitmək istəyib. Köçsəm bu dünyadan zamansız əgər,
Hönkürüb ağlama mən olmayanda.
Bir-iki şəklimi saxla yadigar
Hərdən bir baxarsan mən olmayanda
Qələbə tariximizə vətənpərvər şəhid şair kimi iz salaraq, Vətən deyə döyünən ürəkləri şəhadətə ucalmaqla fəth edən Xəyyam şəhid olmaqla ölümsüzlük qazandı. Qarabağın işğal altında olması onu çox narahat edirdi. Ona görə müharibəyə getmək üçün könüllü hərbi komisarlığa ərizəsini vermişdi. Şuşa şeirində belə bir misrası var,
“Sən göz dağısan qeyrətini satanlara”,
Əminəm ki, Xəyyamın ruhu şaddır bu gün. Şuşa onun kimi qeyrətli, cəsur oğullarımız sayəsində azaddır. Xəyyamı şeirləri ilə sosial şəbəkədən tanısaq da həyatı haqqında bacısı ilə danışıb, ətraflı məlumat aldım. Bacısı Hənifə xanım Xəyyam haqqında danışdıqca qəhər boğazında düyünlənirdi… “Xəyyamın çox gözəl səsi var idi. Atam da musiqiçidir, o baxımdan bizdə musiqiyə böyük həvəs olub. Uşaq vaxtı bütün məktəb tədbirlərində ikimiz bir yerdə gedib oxuyardıq. Ən böyük arzusu konservatoriyada oxumaq olmuşdu.
Sin descripción disponible.
Əsgərlikdən gələndən sonra da işləməli oldu deyə tələbə olma arzusunu gerçəkləşdirə bilmədi. Şeir yazmaqla yanaşı yaxşı rəsmlər çəkərdi.Biz iki bacı bir qardaş olmuşuq. O bizim yaxşı təhsil almağımızı çox istəyirdi. Mən konservatoriyanı oxuyub bitirmişəm.İstəyirəm onun arzuladığı kimi öz aldığım təhsil üzrə işləyim bilirəm onun ruhu çox şad olacaq. Xəyyamın yoxluğu anamı çox sarsıb,deyir kaş evləndirərdim bir yadigar balası qalardı,qoxusunu ondan alardıq. Heyif…Tək təsəllimiz Qarabağın işğaldan azad olması və şəhidlərimizin qisası alınması oldu.  Hüseynov Xəyyam Hüseyn oğlu 1996-cı il iyulun 11-də Göyçay rayonunun Məlikkənd kəndində anadan olub. 2002-ci ildə Məlikkənd kənd orta məktəbində 1-ci sinifində oxumağa başlayıb. 2013-cü ildə həmin məktəbi bitirib. 2014-cü ildə Beyləqanda Hərami düzündə ön cəbhədə hərbi xidmətdə olub. Tovuz döyüşlərində Generalımız Polad Həşimovun şəhid olması bir çox gənc kimi Xəyyama da çox təsir edir. Bu ağır itki və hələ də torpaqlarımızın işğal altında olması onu rahat buraxmlr. Hərbi komisarlığa gedib könüllü olaraq döyüşə yazılır. Sentyabrın 21-də Hərbi komisarlıqdan çağrılıb Goranboya yollayırlar.  Tapqaraqoyunluda gedən döyüş vaxtı şəhid olur. Sentyabrın 28-i Göyçay rayonunda böyük bir izdihamla, VƏTƏN SAĞOLSUN sədası altında dəfn olunur. Məkanın cənnət olsun, müharibə şairi, şəhid şair!

Aysel Nəsirzadə.

XƏYYAM HÜSEYNOV
DÜNYA
Dünya Yenə od qalayıb sinəmiz üstə,
Çəkib səbrimizi sınağa dünya .
Polad biləkləri, dağ vüqarları,
Əridib ,döndərib yumağa dünya .
Hərdən layla çalır, ürək dağlayır ,
Hərdən vulkan kimi coşub çaglayır.
Yetimin, kasıbın belin bağlıyır ,
Gücünü göstərir fağıra dünya .
Haqdan pay umurlar, haqa girənlər,
Nədənsə çoxalır toxdan ölənlər .
Bir yalan söz üstə dili kəsənlər ,
Bəs niyə çəkilib qırağa, dünya?
Xəyyam ,sözlərini götür qoy eylə,
Enişi ,yoxuşu döndər yol eylə .
Kövrək ürəyimdə dərdi bol eylər,
Bilirəm qənimdi canıma dünya.
Sin descripción disponible.
Share: