Yaz ömrün payız taleyi… – Şəhid Fariz Zülfüqarzadə

Günəslı bir payız günüdü…Hətta o qədər ki, təqvimə baxmasan və gözlərini yumsan elə bilərsən bahardı. Hə, bir də sarı-qızılı yarpaqların ayağına dolaşması, qəfildən gəlib çiyninə qonması, üzünə toxunması olmasa…Əslində elə payız da bir bahardı, sadəcə üzü qışa gedən talesiz bir bahar…Bu gün haqqında sizə söhbət açacağımız ömrünün yazı payıza dönən şəhid Farizin taleyi kimi…
Farizin özünü də, ailəsini də bir az tanıyırdım.Rusiyadan gələndən sonra şəhər 4 saylı orta məktəbdə oğlumla bir sinifdə oxumuşdu, yaxşı münasibətləri vardı…Elə qapıdan içəri ayaq basan kimi qabağıma yeriyib boynuma sarılaraq hönkür- hönkür ağlayan anasının da ilk dilə gətirdiyi bu oldu:
–Sənin oglunla dost idilər axı…
Heç nə deyə bilmədim…Ümumiyyətlə, belə ekstremal hallarda dilim tutulur sanki…Bildiyim bütün münasib sözlər- təsəllilər, təskinlillər, ovutmalar harasa birdən və bir yerdə yoxa çıxır…İndi də elə oldu- leksikonumdakı bütün uyğun sözlər yaddaşımı əclafcasına tərk edib allah bilir hansı cəhənnəmə getdilər…
Zülfüqarzadə Fariz Fərhad oğlu 1992-ci il 20 noyabrda Lənkəranda dünyaya gəlib.
1997-ci ildə ailə Rusiyaya köçüb . 2007-ci ildə Azərbaycana- doğma yurdu Lənkərana qayıdıblar.Fariz təhsilinə şəhər 4 saylı orta məktəbin rus bölməsində davam edib.Orta təhsilli idi. 2012-2013–cü illərdə hərbi xidmətdə olub (tuşlayıcı kimi).2015-ci ilin mart ayından müddətdən artıq hərbi xidmət (MAXE) üçün yenidən orduya qayıdıb.Bu dəfə tankçı kimi hərbi xidmətini davam etdirib.Aprel döyüşlərində, Lələtəpə uğrundakı savaşda fəal iştirak edib, fəxri fərmanlarla təltif olunub.19 oktyabrda Qubadlı ətrafında gedən döyüşlərdə şəhid olub.Lənkəranın Kiçik Bazar qəbiristanlığında dəfn olunub.Evli idi. Fərhad adlı oğlu(3 yaş), Aylin adlı üzünü cəmi bircə dəfə gördüyü 6 aylıq qızı qaldı…
Evin kiçik oğlu idi Fariz…Üzdən sakit, bəzən laqeyd görünsə də həyatsevər, istiqanlı bir gənc idi…5 il idi ki MAXE kimi orduda xidmət edirdi.Aprel döyüşlərində,Lələtəpə uğrunda gedən savaşlarda işrirak etmişdi.Bu döyüşlərdə göstərdiyi xüsusi şücaətlərinə görə MN tərəfindən fəxri fərmanla da təltif olunmuşdu.Bu müharibənin də ilk günlərindən tankı döyüşün ən qaynar nöqtələrində, ən ön cərgələrdə olub.Tankçı olub Fariz- sələfi və dünya şöhrətli həmyerlisi qəhrəman Həzi Aslanov kimi… Elə o günlərdə tankları düşmən tərəfində vurulur, Fariz döyüşçü yoldaşlarını yanan tankdan çıxararaq yalın əlləri ilə onların üst-başını saran odu, alovu söndürməyə nail olur.Özü də ağır yanıq xəsarətləri ilə qospitala yerləşdirilir.Amma orda çox qala bilmir, bir az müalicədən sonra yenidən işinin başına, əsgər yoldaşlarının, sevimli maşınının ( tankına deyirmiş-X.X) yanına qayıdıb.
Anası¸ uzun illər bundan əvvəl tanıdığım zəhmətkeş, üzündə daim xəfif bir təbəssüm gəzdirən, indi isə bala dərdinin yumub yumağa döndərdiyi Həqiqət bacı mümkün qədər özünü ələ almağa çalışaraq Farizlə bağlı xatirələrini bölüşür:
–Çox mehriban, səmimi uşaq idi…Hərbçi olmağı özü seçdi.Əsgərlikdən gələndən iki il sonra yenidən orduya qayıtmağa qərar verdi.Biz də ( əli ilə masanın o biri başında oturmuş həyat yoldaşını göstərir-X.X) mane olmadıq.Sonra evləndi, ailəsini də özü ilə apardı, arada gətirirdi, yenə aparırdı…Amma harda oldusa, ailəsini, bizi bir gün də olsun diqqətdən kənarda saxlamadı- o qədər işin-gücün içində demək olar ki hər gün zəng edirdi…Bəzən bir gündə bir neçə dəfə…Deyirdim, Fariz, bayaq danışdıq axı? Deyirdi, nə bilime, mamuska, birdən səsini eşitmək istədim…Mənə mamuska deyirdi,-deyib gülümsünür, bu ani və xatirələr dalğasından qopub gələn təbəssümdən masa ətrafında oturan hər kəsə bir damla pay düşür- qızmar yay günü şəlalədən üzünə çilənən sərin su damcıları kimi…
Artıq soyuyub üstü qaysaq tutmağa başlamış çaylarımızdan bir qurtum alırıq…Bu dəfə qardaşı Fərid söhbətə davam edir:
– Yaxşı qardaş idi, dost idik həm də…Aramızda cəmi 2 il fərq olsa da, böyük- kiçik münasibətlərini həmişə qoruyub saxlayıırdı…Oxumaq arzusu vardı, deyirdi kurs, təlim kecib rütbəmi böyüdüm,hərb sahəsində daha da təkmilləşmək istəyirdi.Atamızın adını qoyduğu 3 yaşlı Fərhadını oxutdurmaq, gözəl təhsil vermək haqqında xəyalları, arzuları vardı…Çox idi arzuları, hansını deyim…
Farizin ailəsinə son zəngi oktyabrın 19-da səhər saat 6.21-də olub.
-Bütün zənglərini saxlamışam balamın,- deyə bayaq yarımçıq qoyduğu söhbətinə davam edir Həqiqət bacı.-Hələ müharibə təzə başlamışdı, hər dəfə deyirdim bala, özünü qoru, Allah bilir indi orda nələr yaşayırsız…Deyirdi ki, ana, müharibədi, başqa necə olmalıdı ki? Bu, bir gün olmalı idi…Mən getməyim, o getməsin, bəs sizi kim qorusun?Dedim, Allah sizə xeyir versin, mənim balam, yolunuz uğurlu olsun…daha nə deyim… Özü də bunları gülə- gülə deyərdi, elə bil heç o odun- alovun içində deyildi…
Hər zəngində deyərdi özünüzü qoruyun.Deyərdim ki, bala, bizdən narahat olma, şükür, evimizin içində, hamımız bir yerdəyik.Sən özündən müğayat ol.Son zəngində də eyni şeyləri dedi:
,,Salam, ana, necəsən?” Yaxşıyam,- dedim,-mənim balam, sən necəsən? ,,Mən də yaxşıyam,- dedi,- özündən muğayat olasan”. Dedim,- bizdə hər şey yaxşıdı, sən özünü qoru…Sözümə qulaq asmadı…
Bir gün əvvəl da qardaşı ilə danışmışdı, xeyli zarafat edib deyib-güldülər….Elə bil heç müharibədə deyil, toy- bayramda idi balam, o qədər gözəl əhvalı vardı…İndi başa düşürəm ki, hamısı bizi arxayın eləmək üçün imiş…
Həmin o məşum 19 oktyabr günündə Farizin tankı vurulub.Tankdan birtəhər çıxmaq istədikdə bu dəfə minaatan atəşinə tuş gələrək şəhid olub…Düz ayağının yanına düşüb mərmi…
Şəhidin həyat yoldaşını dinləmək istəyirik… Üz -gözündən orta məktəb şagirdinə oxşayan, çəlimsiz, cəmi 21 yaşı olan gəlin çəkinə- çəkinə, güclə eşidiləcək səslə sözə başlayır:
-Cəmi 4 il bir yerdə olduq onunla…Gözəl ata, gözəl həyat yoldaşı idi…Harda olsa bizi düşünər, qayğımıza qalardı…Uşaqlarına çox bağlı idi, onlarla bağlı o qədər arzuları vardı ki…Son zəngi səhər tezdən oldu…Anamgildə idik…Telefonu səssizə alıb yatmışdım, odur ki zəng səsini eşitməmişəm.Bir də gördüm qardaşım çağırır ki, Fariz zəng edib…Uşaqları söruşdu, yatıblar dedim… Özünüzə yaxşı baxın, uşaqları öp əvəzimə dedi…Gələndə özün öpərsən dedim…Onda onu başa düşməmişdim…Həm yuxulu idim, həm də …Hardan biləydim ki, halallaşmağa zəng edib…
Şəhid olmazdan öncə hamı ilə danışıb halallaşmışdı Fariz …
Bu sətirləri yazdıqca yadımda qalan o hündürboylu, sarışın, təmkini ilə yaşından çox böyük görünən yeniyetməni xatırlayıram…Evdə də 10-12 il öncənin o uzaq, o həzin Farizli xatirələri çözələnir… Sinif yoldaşlarından təxminən iki il böyük idi Fariz…Kimsəyə qaynayıb –qarışmazdı…Bəlkə sinif yoldaşları ilə yaş fərqindən, bəlkə də öz dünyasında buralardan çox- çox uzaqda olduğundan…kim bilir…Amma sinifdə hamı onun xətrini çox istəyərdi… Yaza-yaza qeyri-ixtiyari oğlum Kərimin sinif yoldaşı haqqındakı söhbətinə qulaq verirəm:
– Çox yaxşı,mәrd oğlan idi.Sinfә girib möhkəm səslə ,,zdorova, mujiki” deyərək ən arxa sıraya keçir, qulaqcıqlarını taxıb sakitcə otururdu. Canım, ay Fariz. Çox pis adamam, hamını bir yolla gördüm, səni görә bilmәdim uzun illәr boyu. Sәn demә sinifimizdә qәhrәman var imiş, bilmirdik. Lәnkәranın fәxri… Azәrbaycanın igid oğlu… Allah sәnә rәhmәt elәsin, şәhid qardaşım… Mәktəbdən ayrılanda demişdin ki, gәlәcәm yenә… Getdi sәnin gәlmәyin…
Dost itkisi ağır olur həmişə…yaşayanlar bilir…
Yenə ora qayıdıram- Farizlı xatirələrin dolub-daşdığı o hüznlü evə… Yenə Həqiqət bacının yanan ürəyindən qopan kəlmələri icimizdəki qəhəri uda-uda dinləyirik:
-Ən böyük arzum…indi bir saniyəlik də olsa onu görməkdi…O gülər üzünü, daim gülən gözlərini bir dəfə də görüm, ,,Mamuska” deyərək qollarını açıb məni əvvəlki kimi qucaqlasın…başqa heç nə…
Farizin hələ dünyadan bixəbər-biri əmisinin yanında oturub mat-mat tanımadığı bu qəfil qonaqlara baxan, digəri isə anasının qucağında oynayan körpələrinə baxıram…Şəhidin atası Fərhad kişi ilə baxışlarımız orda –Farizin 6 aylıq körpə qızının dünyaya bədəl təbəssümündə toqquşur…Özümü saxlaya bilməyib deyirəm:
-Yükün çox ağırdı, usta…
Fərhad kişi dərindən bir köks ötürərək:
-Ən böyük, ən ağır yükümüz Vətəndi,- deyib ömür boyu daş daşımaqdan, divar hörməkdən, palçıq tutmaqdan cadar-cadar olmuş ovcunda saxladığı stəkandakı çoxdan buza dönmüş çayından bir qurtum alır…Boğazına tıxanan qəhəri zorla udması gözümdən yayınmır…Bu tip adamlar pafosun nə olduğunu bilməz, bilirsiz yəqin…
Bəli, bu zəhmətkeş, çiləkeş atanın dediyi kimi- dünyada işğalda olan torpaq dərdindən,Vətən borcundan ağır yük ola bilməz.Bizi, düz 27 il ürəyimizdə daşıdığımız bu ağır yükdən canları, qanları, həyatları bahasına Fariz kimi oğullar xilas etdi…Bu oğullar, bu igidlər var olduqca bu Vətən basılmaz, bu torpaq düşmən əlində qala bilməz, qalmamalı idi…Ruhunun qarşısında baş əyirik, Şəhidim! Bizə haqqını halal elə…
P.S: Sağollaşıb evdən çıxmaq istəyirəm, ayağım masanın altında yumşaq bir şeyə toxunur.Əvvəl pişik zənn edirəm, masanın örtüyünü azacıq qaldıranda gördüyüm mənzərədən dodağım qaçır: Farizin 3 yaşlı oğlu Fərhad masanın altında xalça üzərində bizə qulaq asa-asa yuxuya gedib…Üzündəki o qayğısız, o məsum ifadəni seyr etməkdən doymuram…Yuxun şirin olsun, körpə bala, arxayin, qayğısız böyü…Bu Vətən sənin atan kimi ərənlərə əmanət olduğu kimi, siz də Vətənə əmanətsiniz- Şəhid əmanəti!
P.P.S: Küçəyə çıxıram, bayaqkı kimi yaz havası var…Maşına oturmazdan əvvəl dərindən nəfəs almaq, payızın oğlan çağında Lənkəran üçün tapıntı olan bu havanı içimə çəkmək istəyirəm- 6 aylıq Aysunun təbəssümü, 3 yaşlı Fərhadın yuxusu kimi …
Xatirə Xatun,
yazar-publisit
Bakı, 8 dekabr, 2020 –ci il
Müstəqil.Az
Share: