4 qardaş 44 günlük döyüşlərdə… – Gülnar Səma yazır

4 qardaş 44 günlük döyüşlərdə

 

Dörd qardaşın dördünün də qırx dörd günlük Vətən Müharibəsində qələbənin təminatçılarından olması, bəlkə də, ölkəmizdə yeganə hadisədir. Dörd qardaş ola, dördü də canla-başla müharibədə iştirak edə. İki qardaşından biri döyüşən insan kimi, bir ailədən dörd nəfərin döyüşməsinin nə demək olduğunu bütün varlığımla hiss edirəm. Qürur duyduğumuz bu igid qardaşlar mənim həmkəndlilərimdir. Tovuz rayonunun Dondarquşçu kəndindən olan bu qardaşlar qələbə tariximizin ən qeyri-adi iştirakçılarındandır. İndi döyüş salnaməmizə adlarını yazan qardaşlar 8-9-cu siniflərə kimi kənd məktəbində oxuyublar.

Onlardan üçü ixtisaslı zabit, biri MAXE kimi qələbəyə imza atıb. Səməd, Elnur və Kamran  Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitiriblər. Onlardan ikisi hərbi təyyarəçi, Elnur hava hücumundan müdafiə üzrə mütəxəsisdir. On bir il mənimlə bir sinifdə oxuyan Afiq isə MAXE-dir. Bu döyüşlərdəki sücaətlərinə qədər xidmətləri boyu nümunəvi fəaliyyətlərinə görə bir neçə dəfə həvəsləndirici mükafatlar alan qardaşlar hərbi bilikləri ilə yanaşı, ədəb-ərkanları ilə də seçiliblər.

Qardaşlardan ən böyüyü Hüseynov Səməd Mahir oğlu 1 sentyabr 1984-cü ildə dünyaya göz açıb. O, kəndimizdən Naxçıvanskiyə qəbul olunan ilk kursant olub. 1999-2002-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirdikdən sonra, 2002-2006-cı illərdə təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində davam etdirib. 2006-ci ildə leytenant hərbi rütbəsi ilə Hərbi Hava Qüvvələrində Su-25 təyyarəsində təyyarəçi kimi fəaliyyətə başlayıb. Ardıcıl olaraq 2006-cı ildə leytenant, 2008-ci ildə baş leytenant, 2011-ci ildə kapitan, 2015-ci ildə mayor rütbəsini qazanıb.

Sin descripción disponible.

Uçmaq Səməd üçün sadəcə peşə olmayıb, o, bütöv pilot sevgisi ilə yaşayır. Bunun nəticəsini ilk işə başladığı anlardan görüb. Məlumdur ki, bu ixtisasın sahibləri işə yeni təyin olunanda müəyyən müddət təyyarəni iki nəfər idarə edir. Səməd cəmi üç aydan sonra tək uçuş edərək, yüksək nəticə göstərib və təyyarəni tək idarə etmək icazəsinə sahib olub. Pilotluğa çox bağlı olması onu bir neçə təklifdən boyun qaçırmağa vadar edib. Belə ki, onu Amerika, Ukrayna, Pakistan  kimi ölkələrə ezam etmək istəsələr də, imtina edərək, öz işinə vətənində davam etməyi seçib.

Səməd müxtəlif vaxtlarda Su-25-də müəyyən vəzifələrdə işləyib, vertolyotda uçub. Hazırda Hərbi yük təyyarəsinin qərargah rəisi vəzifəsində xidmət edir. O, təcrübəli pilot kimi, mayor rütbəsində Vətən Müharibəmizin əsas sütunlarından biri olub. Döyüşlər zamanı hərbi təyinatlı yüklərin daşınmasında fəal iştirak edən zabitlərdəndir.

Qardaşlardan üçüncüsü Hüseynov Elnur Mahir oğlu 13 aprel 1987-ci ildə doğulub. 2001-2004-cü illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə oxuyub, ardınca 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini bitirib, leytenant rütbəsi alıb. İlk xidmətə Bakıda N saylı hərbi hissədə tağım komandiri kimi başlayıb. Sonra 2 il Beyləqanda işləyib. Sonradan Şəmkir zonasına qayıdıb. Komandirin müavini vəzifəsində çalışan Elnur son bir ildə iki dəfə təşəkkür alıb.

Döyüşlərə kapitan kimi qatılan Elnur bu müharibədə əsas məsuliyyətli işlərin icrasında iştirak edib. Düşmənin Pilotsuz Uçuş Aparatlarının bir neçəsinin, eləcə də Azərbaycan Respublikasının hava sərhədlərini pozmağa cəhd edən düşmən təyyarələrinin havada məhv edilməsində xidməti olan zabitlərimizdəndir. Leytenant (2008), baş leytenant (2011) və kapitan (2016) rütbələrinə yiyələnən Elnura  qələbədən sonra  mayor (2020) rütbəsi verilib.

Sin descripción disponible.

Qardaşların yaşca kiçiyi olan Hüseynov Kamran Mahir oğlu 8 avqust 1995-ci ildə anadan olub. O da Cəmşid Naxçıvanski adına hərbi liseyin (2010-2013) və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin (2013-2017) məzunudur. Kursant vaxtlarında nizam-intizamılı olub kursu fərqlənmə ilə bitirdiyinə görə Türkiyəyə gəzintiyə göndərilməklə mükafatlandırılıb.  2017-ci ildə leytenant rütbəsi alan Kamran 2020-ci ildə baş leytenant olub. Leytenant rütbəsi ilə Bakıda N saylı hərbi hissədə vertolyotda pilot kimi xidmətə başlayıb. İki illik pilot təcrübəsi ilə baş leytenant kimi müharibədə iştirak edib.

Qardaşların yaşca ikincisi olan Hüseynov Afiq Mahir oğlu 17 oktyabr 1985-ci ildə dünyaya gəlib. 2014-cü ildən MAXE işləyən Afiq artilerist sürücüdür.  Çox təcrübəli sürücü kimi çətin iqlimə malik dağlıq relyefdə ustalıqla maşın idarə edərək qələbəmizin təmin olunmasında misilsiz xidmətlər göstərib. Onunla adaş olan qardaşım Afiqlə Murovda birlikdə döyüşüblər.

Bu qardaşların belə vətənpərvər yetişdirilməsində ataları Mahir müəllimin əməyi danılmazdır. Mahir müəllim Birinci Qarabağ döyüşlərinin fəal iştirakçısı olub, müharibə veteranı, ehtiyatda olan leytenantdır. 1990-1995-ci illərdə xidmət edən Mahir müəllimin döyüş bölgəsi əsasən Boztəpə əraziləridir. Bir neçə il Hərbi Komissarlıqda şöbə rəisi işləyən bu vətənpərvər ata məktəbimizdə müəllim kimi də çalışıb.  Döyüşçü qardaşların anası Lətifə xanım Dondarquşçu kənd məktəbində müəllim kimi fəaliyyət göstərir.

İndi bu qardaşlar sadəcə öz el-obalarının deyil, bütöv Azərbaycanın fəxr mənbəyi olan döyüşçülərindəndir. Onlara bu şərəfli peşələrində uğurlar arzulayıb, həmişə qalib olmaqlarını diləyirəm.

 

Gülnar Səma

 

Müstəqil.Az

Share: