Bir kəndin dörd qəhrəmanı

Qusar rayonundakı Urva kəndinin Qarabağ döyüşlərində həlak olmuş cavanları

BU DOSTLARI MÜHARİBƏ DƏ AYIRA BİLMƏDİ
Mayıl, Cumart, İkraməddin. Onlar uşaqlıqdan dost olublar, eyni məktəbdə oxuyublar. Üçü də ağıllı, gözəl, yaraşıqlı, boy-buxunlu idi. Hər üçü məktəbdə yaxşı oxuyurdu. Qarabağ müharibəsinə də eyni vaxtda yollandılar. Eyni vaxtda da qəhrəmancasına həlak oldular. Onların 20 yaşı var idi.
MAYIL KÜRƏBƏYOV tarixçi olmağı planlaşdırmışdı. Valideynləri ona əlavə müəllimlər tutmuşdular. Atası Kamran, anası Səidə, qardaşı Ruslan onunla fəxr edirdilər. Hərbi xidmətini bu ilin oktyabrın 2-də başa vurub evə qayıtmalı idi. Sentyabrın 27-də Füzulidə gedən döyüşlərdə həlak oldu.
Oğlunun tabutunu görən atası Kamran həmin gün böyük sarsıntı keçirdi. Həkimlər ona orta-ağır iflic diaqnozu qoydular.
CUMART ƏLİMURADOV maşın mühərrikləri yığmağı çox xoşlayırdı. Ali təhsil alıb mühəndis olmağı planlaşdırmışdı. Hərbi xidmətini başa çatdırmağa 2 ay qalmış müharibə başlandı. Oktyabrın 5-də Goranboyun Tapqaraqoyunlu kəndi ətrafında gedən döyüşlərdə həlak oldu.
Anası Məlahət, atası Şixrəhim, qardaşı Cavad, nənəsi Minəgül taleyin bu amansız zərbəsindən hələ də özlərinə gəlməyiblər.
İKRAMƏDDİN ARAZOV hərbi xidmətini başa vurmağa hazırlaşırdı. Amma atası Qüdrətlə anası Sitarəyə eşitdirmişdi ki, xidmət etdiyi hərbi hissədə qalmaq fikrindədir. Gələcəkdə hərbi təhsil alacağını da demişdi. Amma müharibə onun arzularını yarımçıq qoydu. Sentyabrın 27-də o, qəhrəmancasına həlak oldu.
Hələ də ana torpağa qovuşmamış İkraməddinin nəşi nəhayət, 3 gündən sonra valideynlərinə təhvil veriləcək, o, dostlarının yanında dəfn olunacaq.
BAŞ TUTMAYAN TOY
VADİM ƏLƏSGƏROV uşaqlıqdan hərbçi olmaq istəyirdi. Bu arzu onu MAXE-yə gətirmişdi, yaxşı kəşfiyyatçı kimi ad qazanmışdı. 6 il idi xidmət edirdi. Valideynləri ona qız gözaltı etmişdilər. Bu yaxınlarda toyu olmalı idi. Qarabağda gedən döyüşlərlə bağlı toyu təxirə saldılar. Çavuş Vadim Ələsgərov 6 oktyabrda Füzulidə gedən döyüşlərdə həlak oldu.
Hərbi xidmətini başa vurub qayıtmış qardaşı Xair, dərddən saç-saqqalı ağarmış atası Ağababa, əlləri qoynunda qalmış anası Larisa hələ də bu itkinin ağırlığından özlərinə gələ bilməyiblər.
Müharibədən əvvəl bu dörd ailə bir-birinə o qədər bənzəyirdi! Cavan valideynlər böyük ümidlərlə gələcək üçün planlar qururdular. Həmin ailələr yenə də bir-birinə oxşayır. Oğul dərdi onları vaxtından əvvəl yaşlaşdırıb. Allah rəhmət eləsin bu igidlərə! Allah doğmalarına səbr versin!
Sədaqət Kərimova
Share: