“Qarabağın gələcəyi barədə düşünərkən Rusiya diqqət mərkəzində saxlanılmalıdır”-SORĞU

44 günlük vətən müharibəsinin nəticələrindən şəxsən razıyam. Bu qələbə ilə qürur duyuram və xalqımızı təbrik edirəm.

Müstəqil.Az bildirir ki, bu fikirlər tanınmış şair, AYB üzvü Qabil Dərdliyə məxsusdur. Qabil bəy “Qarabağın gələcəyini necə görürsünüz”, sualını cavablandırarkən belə deyib:
“Mənim fikrəmcə Qarabağın gələcəyi barədə düşünərkən bu bölgədə həmişə maraqlı olan qonşumuz Rusiya diqqət mərkəzində saxlanılmalıdır. Onun gücünü bilərək, bizə qarşı olan basqısını görərək planlı işlər görülməlidir. Çox şey, əsasən də gələcəkdə ortaya qoyula biləcək Qarabağın statusu məsələsi, vaxtı ilə orada yaşamış bütün qarabağlıların Qarabağda maksimum yerləşdirilməsindən asılı olacaq. Bu sahədə yerli icra orqanlarının üzərinə böyük məsuliyyət düşür. Onlar Qarabağa köçürülən əhaliyə nəinki süni maneələr yaratmamalıdırlar, əksinə elə şərait yaratmalıdırlar ki, yerli əhalinin qohumları belə orada məskunlaşa bilsinlər. Mən “qohumları” sözünə açıqlama verim. Məsələn, bir Qarabağlı ailənin məcburi köçgün olduğu zaman dünyaya gəlmiş övladı digər rayon vətəndaşı ilə ailə qurmuşsa, istədikləri halda onların da Qarabağ ərazisində olan rayon və şəhərlərdə yaşamasına icazə verilməlidir. Bu halda oradakı nüfuz sayını təbii surətdə artıra bilərik. Əks halda yaxın gələcəkdə problemlər qaçılmaz olacaq.
Bugünkü böyük qələbəmizi nəyin bahasına olursa olsun, qoruyub saxlamalıyıq.
Qarabağda görüşənədək.”

Müstəqil.Az

Share: