Levidən fransalı “tarixçi” və “ziyalılar”a etiraz: Qarabağ…

“RT France” portalının “Ruptures” jurnalının rəhbəri Pyer Levinin “Dağlıq Qarabağda müharibəsi: qərəzli baxışdan çıxmaq” sərlövhəli məqaləsi dərc olunub. Məqalənin sentyabrın 27-dən başlayan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsinə dair nadir obyektiv yazılardan biri olduğunu deyə bilərik.

Müstəqil.Az  xəbər verir ki, sentyabrın 27-dən başlayan müharibənin getdikcə daha da şiddətləndiyini qeyd edən P.Levi Fransada tarixçi və ziyalıları münaqişə ilə bağlı qərəzli, birtərəfli yanaşma nümayiş etdirməkdən çəkinməyə çağırıb. Bildirib ki, xüsusilə “Le Monde” qəzetində dərc olunan “tarixçi” Vinsent Duklert, eləcə də “40 ziyalı”dan ibarət kollektiv yazılarda birtərəfli mövqe tutulması, Fransaya, eləcə də beynəlxalq ictimaiyyətə ermənilərin tərəfini saxlamağa çağırışlar, əslində, bu ölkədəki tarixçi və ziyalıların karyerasına kölgə salır, onlara etibarın itməsinə səbəb olur.

“Ruptures” jurnalının rəhbəri “tarixçilər”ə və “ziyalılar”a beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu deyib. O bildirib ki, hazırda əsasən ermənilərin məskunlaşdığı Dağlıq Qarabağın heç vaxt dövlət olmadığını təsdiqləməliyik. Qondarma “Dağlıq Qarabağ respublikası” heç kim, hətta Ermənistan tərəfindən də tanınmır. Sovet dövründə bu ərazi Azərbaycanın tərkibində muxtar vilayət olub.

Dağlıq Qarabağ münaqişəsinin başlanma tarixi və 1994-cü ildə əldə olunan atəşkəs rejimi barədə məlumat verən müəllif ovaxtkı müharibə nəticəsində Dağlıq Qarabağın və ətraf rayonların Ermənistan tərəfindən işğal olunduğunu, yüz minlərlə azərbaycanlının doğma yurdundan didərgin salındığını diqqətə çatdırıb. Bildirib ki, həmin vaxtdan bəri Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə aparılan danışıqlarda münaqişənin həlli ilə bağlı heç bir irəliləyiş əldə olunmayıb.

Ziyalıların “Şuşadakı kilsədən başqa nə qədər digər kilsələri də bombalamaq lazım gələcək” ritorik sualını cavablandıran P.Levi bildirib ki, əslində, bundan daha çox mülki əhalinin raket atəşinə tutulmasından danışmaq lazımdır.

Ermənistanın guya digər ölkələr, xüsusilə də Fransa tərəfindən unudulması, dəstəklənməməsi ilə bağlı yazılara münasibət bildirən müəllif deyir ki, əslində, son həftələrdəki təhlillər, şərhlər və hesabatlar bunu göstərmir.

“Çünki siyasi liderlər və ya əsas kütləvi informasiya vasitələri tərəfindən Azərbaycana dəstək yoxdur. Bakı yalnız BMT-nin dörd qətnaməsindən yararlana bilir. Cənubi Qafqazdakı reportyorların və ya xüsusi müxbirlərin sayı da əhəmiyyətli deyil, çünki onların böyük əksəriyyəti Ermənistan tərəfindədir. Azərbaycan tərəfinin fikrini bilmək üçün daha çox araşdırma aparmaq lazımdır”, – deə P.Levi qeyd edib.

O bildirib ki, münaqişənin həlli üçün tərəflər güzəştə getməlidirlər. Münaqişənin həlli isə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır.

Müstəqil.Az

Share: