Həmdulla müəllimin ağ göyərçinləri” – Mirbağır Bünyatov

İbtidai sinif müəllimimiz vardı: Həmdulla! Hər dərs qurtaranda lövhəyə göyərçin şəkli çəkib deyərdi ki, siz sabah məktəbə gələndə bu göyərçin uçub getmiş olacaq. Ona inanardıq. Axı müəllimə necə inanmayasan? Həqiqətən də səhər dərsə gələndə lövhədə göyərçin olmazdı, heyrətlənərdik ki, aman Allah, göyərçin yenə də uçub gedib.

Bir də Həmdulla müəllim deyərdi ki, yolu keçəndə ehtiyatlı olun, birdən maşınları vurarsınız, əzilərlər.

Bir gün sinif otağına girəndə gördüm ki, lövhəyə bir göyərçin qonub, uşaqlarsa səssiz-səmirsiz o quş şəklinə baxır, nə edəcəklərini bilmirlər. Onları sarsıdan lövhədəki göyərçin deyildi, Həmdulla müəllimə olan inamın birdən-birə yox olması idi. O gündən biz bir daha Həmdulla müəllimi görmədik, çox sonralar bildik ki, həmin gün müəllimimiz ölübmüş. Lakin biz onun ağ göyərçinlərini heç zaman unutmadıq. Axı müəllimimiz bizi uşaqkən qəhrəmana çevirmişdi: maşınlardan da güclü olan qəhrəmana!

Həmdulla müəllimdən sonra çoxumuz yol qəzalarının qurbanı olduq, ağır yaralananlar da oldu. Ona görə yox ki, bu bir tale idi və olmalı idi, ona görə ki, bir daha heç bir müəllim bizi maşınlardan güclü ola biləcəyimizə inandıra bilmədi.

 

Share: