Dərdini nəzmə çəkib əzizləyən şair

Sona VƏLİYEVA Fərqanədən yazdı

Sizə gəlmişdim Fərqanə, nə qapıya çıxdın, nə də “xoş gəldin” deyən səsini eşitdim. Darvazasız həyətindən, ürəyin kimi açıq qapından içəri keçdim…

Yaxın rəfiqən Aləmzər “Ülkər, Sona xanım gəldi” deyincə, süzgün baxışlı, sənə çox-çox bənzəyən qızın gözləri dolmuş halda qucaqladı məni… Sən idin elə bil… Tək bir cümlə dedi: “anamın dostu…”

Bu söz səni tanıdığım bu günə qədər bütün münasibətləri kino lenti kimi gözümün qarşısına gətirdi, boğulmağa başladım, qəhərin boğazıma tıxadığı sənsizliyin o biri üzündən səsin gəldi qulağıma:

                                                               Dəyişə bilmədi bu illər məni,

Elə həminkiyəm sadəlövh, fağır.

Xəbərin oldumu başına dönüm,

   Bir dərdə düşmüşəm özümdən ağır.

Sən dərdini nəzmə çəkib əzizlədin, rənglədin, səni tək qoyub, köç edən anana ismarıc göndərdin,” atama xəstə olduğumu demə”– söylədin. Ülkər də, Ülfət də bu taleyi onlara rəva bilməyindən yamanca küskündürlər sənə:

                                       Sən getdin dünyada nələri gördüm,

                                       Bir qız da doğmadın deyəm bacım var.

                                       Nə pula, nə vara, nə dı şöhrətə,

                                       Bircə can sözünə ehtiyyacım var.

Hər gün övladların bu şeirinin hənirtisində, ürəklərini isitməyə çalışacaqlar, sənsizliyi teleyin yazısı kimi qəbul etmək istəsələr də, şeirlərin, səsin, sevgin səpələnən ev-ocağından, övlad qəlbindən yenə özün görünəcəksən: “Mən şeirlərimi özüm əvəzi sizə həyan qoyub getmişəm”– deyə təskinlik verəcəksən…

İki övladının, hər zaman qayğısına qaldığın, “mən didilmiş barmaqlarına, yaralanmış əllərinə baxanda ürəyimin yağları əriyir: işi yaman çətindir”– dediyin həyat yoldaşının kədərli baxışlarından bir vaxtlar yazdığın;

Bu dərdi çəkməyə tərəzi yoxdur,

                                      Çəkir ürəyimi, izin divardan.

                                      Belə darıxmağın əvəzi yoxdur,

                                      Yazım sətirləri düzüm divardan

şeirini oxudum…

Evin-ocağın şeirlərin kimi sadə, mənalı, düzənli idi…Hər şey, hamı səndən danışırdı. Sən yox idin. Ülkər tələsik çay gətirir, elə bil, düşünür ki, sən məni çaysız qarşıladıqları üçün onları tənbeh edərsən… Yenə ağlamaq istəyimi boğmağa çalışıram. Elə bilirəm ki, ağlasam, ölməyinə inanacağam… Axı o nə başdaşı söhbəti idi, illər öncə niyyət gətirdin… İndi göz yaşlarından ölümə inanmaq ehtiyacı yaranır…

                                    Bax, üzümə baxır o daş,

                                    Sındırma könlü xoş olsun.

                                    Eləsini saxla qardaş,

                                    Başıma yaraşan olsun.

 

                                    Hardan gəlib çıxdım bura,

                                    Bir özgə yolum olmadı

                                    İndidən alım, sonralar,

                                    Bəlkə heç pulum olmadı

– dedin. Niyə dedin? Niyə bilmədin ki, daşın yaddaşı var, niyə bilmədin ki, səni sevindirə bilər? Sənə “sən məni arzuladın, mən çox insandan vəfalıyam, özüm gəldim sənə sirdaş, sinədaş olmağa”, – deyəcək… O daş axtarıb tapacaq səni.

(Rəssam: Sehran Allahverdi. “Fərqanənin portreti”)

Və sən yenə hər yerdən, yaddaşlardan, dostların xatirələrindən, şeirlərindən bizə dönürsən, mən sizin evdən ayrılanda həzin səsin gəlirdi qulağıma:

                                     O qədər xatirə var

                                     Gözlərimdi, suvarar,

                                     Yaz adımı divara

                                     Torpaqda, daşda saxla.

 

Övladlarının çaş-baş qaldığı, sənsiz daha da artan həyat təcrübəsizliyi, məsumluğu məni çox ağrıtdı… Şair balası şairin söz əkizidir, saf, sadə, məsum… Hamını doğma görən, hamıya inanan, şeirlərindən görünən, sətir-sətir, misra-misra döyünən şairin öz ürəyi kimi… Şairlər vəhy adamıdır, kədərli, qəmli notları özü yazmır, yazdırırlar, vida nəğməsi, vida göz yaşı kimi:

                                     O nakam nə yatdı, nə yuxu görə,

                                     Bir yuxu görmüşdü yozun indidən.

                                     Ağlayan şeirimin sətirlərindən,

                                     Gülümsər şəklimi asın indidən…

 

                                     Deyin  biri yoxdu, biri var idi,

                                     Yolunda boranı, qarı var idi,

                                     Deyin cərgəmizdə biri var idi,

                                     Tutun qəlbinizdə yasın indidən…

Sən bir vaxtlar yalvarmışdın balalarına… Səni şair olmağa qoymasınlar, bilirdin şair evində, ocağında belə qəribdir, buralarda yaşaya-yaşaya Oraların adamıdır. Övladlarına da, ev-ocağına da min bir əzəba sahib olsa da çox vaxt hər şey dumanlı yuxu kimi gəlir şairə… Şairləri şair edən qəribliyin nisgilidir. Bəli, şairlər doğulduğu yurdda, doğmalar içində qəribdirlər. Onlar üçün yalnız söz var… Var olan, hər iki dünya üçün mülk sayılan, könül evi sayılan söz… Bəlkə ona görə illər öncə bu dumanlı yuxudan gerçəkliyə boylanıb: “nə olur, nə baş verir, buralar niyə mənə yad görünür, bəlkə səbəbi şair olmağımdır?”– deyə övladlarına yalvarıb xilas dilədin:…

Qəbrinin qapağı açıqdı deyin,

                                      Qurduğun yurd yuva uçuqdu deyin,

                                      Ay ana, atamız yazıqdı deyin,

                                      Siz məni qoymayın şair olmağa…

 

                                      Şairlər bölünməz, bütün olurlar,

                                      Tüstüsü çıxmayan tütün olurlar,

                                      Şair balaları yetim olurlar,

                                      Siz məni qoymayın şair olmağa…

 

Həyatının ömür-gün dostuna tənhalıq ərməğanın elə ağır gəlir ki, çətin daşıya bilə…

                                     Hər dərdinə yanası var,

                                     Atası var, anası var,

                                     Ülkər, Ülfət balası var,

                                     Allah İlqar amanatı…                                                        

  • deyirdin bir vaxtlar… Bir vaxtlar sən daha vəfalı idin, ömür-gün yoldaşına, hətta bütün qadınlara səslənirdin:

Qadınlar sıxmayın kişiləri siz

                                      Bəzən kükrəyirik, bəzən daşırıq,

                                      Yox, yox danlamayın, incitməyin siz,

                                      Mən də içinizdə özümqarışıq.

                                    

                                       Qadınlar, sıxmayın kişiləri siz

                                       Eşitsin səsimi qoy yaxın-uzaq,

                                       Yox, yox danlamayın, incitməyin siz,

                                       Köhnəni təptəzə geyinib çıxaq.

İndi köç karvanını uzaqlara çəkərək elə getmisən ki, səni canından çox sevən kişini tənhalıqlara dəyişməyinə də çətin dözə:

                                        Ürəyimdə bir sirr qalıb,

                                        Qoy çağırım yarım gəlsin

– deyincə yenə sənsizlikdə misraların əks-səda verdi:

Bir söz soruşacaqdım,

                                        Soruşammadım ama

                                        Şəklimə baxıb dedin,

                                        Belə qəmli dayanma.

 

                                     Qorudunmu bəndləri,

                                     Qapısından çöləcən

                                     Necə oxudun məni,

                                      Nöqtədən vergüləcən.

 

                                      Bəlkə bu da bir işdi,

                                      Görüşmədik bir daha.

                                      Necə dözüb dayandın,

                                      Suallar çəkən aha…

Share: