Sinəmə dağ çəkə-çəkə,                                     Hər yanı dağlıq etmişik

                       Əlirza HƏSRƏT

(yeni şeirlər)        

        KİÇİLDİM

 

Belə nə faydası var boşuna axan tərin,

Keçmək olmur bu seldən,körpü uçuq,arx dərin.

Evindən-eşiyindən didərgin düşənlərin,-

Ayaqlar altda qalan papağında kiçildim.

 

Baş əyməyin yeri var heykələ də,bütə də,

Halal çörək bal dadar, kündə getsə kütə də.

Bölündükcə ay Vətən, tanındın hər qitədə,

Səndəki böyüklüyün qabağında kiçildim.

 

Əl-ayağı yığışdı çöldən əkin-biçinin,

Çoxaldı isinənlər oduna öz içinin.

O gün mənə əl açan o xanım dilənçinin,-

Görəndə çörək yoxdur tabağında,kiçildim.

 

Ruhu çiçəkləyəcək dünyada hər şəhidin,

Cənnətlikdir məkanı bu bəxtəvər şəhidin.

Azadlıq bayrağına bürünən ər şəhidin,-

Düşmən gülləsi açmış çapığında kiçildim

 

                                        DUMAN ŞEH

Boyanıb eşq qanına,

Gələn də yox yanına.

Bu çiçəyin canına,-

Məlhəmdir duman şehi.

 

Dönüb qəfəs quşuna,-

Gələcəkdim qurşuna.

Günəş çəkdi başına,-

Ovcuma daman şehi.

 

Ahıma tut yandır şam,

Bəlkə belə aldıq kam.

Bir də gözümü sıxsam,

Aparacaq qan şehi.

                  BİR ŞİRİN NAĞILDI EŞQ

Durnalar dəstə-dəstə,

Sən divanə, mən xəstə.

Şeh idi bir gül üstə,-

Toxundun, dağıldı eşq.

 

Açılıncan bənövşən,

Qardan nə qorx, nə üşən.

Alması göydən düşən,-

Bir şirin nağıldı eşq.

 

Dağlar duman, çən seçib,

Hər ruh bir bədən seçib.

Özünə Vətən seçib,-

Ürəyə yığıldı eşq.

                UŞAQLIQ ETMİŞİK

Adımıza bir gül əkib,-

Bağçalıq, bağlıq etmişik.

Şam tutub quzey qarını,

Əcəb qonaqlıq etmişik.

 

Eşq-lalə bağrında ləkə,

Kim könül verər bu təkə?

Sinəmə dağ çəkə-çəkə,

Hər yanı dağlıq etmişik.

 

Ətirləndi o çiçək də,

Şehində şəklimi çək də.

Biz belə tez böyümək də,-

Yaman uşaqlıq etmişik.

                     ŞANAPİPİK KİMİ

Nəfəsin gül qoxusu,

Qaçıb kəndin yuxusu.

Çəkincə bu arxı su,-

İmtahana, ayrılaq.

 

Xoruz verir ban belə,

Nə səsdir aman,belə?

Gözəlim,bundan belə,-

Yana-yana ayrılaq.

 

Dik yox belə dik kimi,

Tapdıq, itirdik kimi?

Gəl şanapipik kimi,-

Şana-şana ayrılaq.

            YOL

Ayağımdan su içib,-

Gözümdə uzanan yol.

Səni bağrına basan,-

O qərib ozanam,yol.

 

Xəbər göndər pərimə,

Batmışam qan-tərimə.

Bu ayaq izlərimə,-

Bükülüb qızınan yol.

 

Dilə düşüb adımla,

Uçmuşam qanadımla.

Atdığım hər addımla,-

Mən sənin ruzunam,yol.

 

           ŞƏFQƏT BACILARI

                                        (Ömür yoldaşım Nailə xanımın şərəfinə)

Əllərində şərbət dadır ən acı dərman da elə,

Heyrandır bu gözəlliyə Hörmüz,Əhriman da elə.

Can istəsən əsirgəməz vallah,verər can da elə,

Ürəyimdə ən sevdalı sözüm şəfqət bacıları.

 

Elə bil hər tibb bacısı bir ağ çiçək dəstəsidir,

Ayaq səsi simfoniya,gülüşü eşq bəstəsidir.

Dünyanın ən bəxtəvəri bu qızların xəstəsidir,

Gözəllik ilahəsidir bizim şəfqət bacıları.

 

Bir heykəl ucalsın gərək şərəfinə hər həkimin,

Hücum çəkən xəstəliyə sinəsi sipər həkimin.

Qabağında başın əyib yan gedəndə şər,həkimin,

Biz də sizə eləyirik təzim,şəfqət bacıları…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

125 baxılıb
mersin escort