“Anlayarsan ki, Allahın şeytana hədiyyəsidir bütün sevgilərin günahı…” – Günay Ümid

Müstəqil.Az bu gün doğum gününü qeyd edən istedadlı şair Günay Ümidi təbrik edir, yeni şeirlərini təqdim edir:
Karantin düşüncələri
Ağ vərəqə rəngbərəng
Gül, çiçək əkən qızım,
Buludları günəşdən
Çox böyük çəkən qızım,
Mən də öz dərdlərimə
gülən üzlər cəkmişəm.
Bütün olmazlarıma
Təsəllilər əkmişəm…
Pambıq şəkəri
əlinə cox yaraşanım,
Şirin- şirin danışanım,
Ağlımın fərmanını
Ürəyə dedirtmişəm,
Səbrin qırıntısını
Ümidə yedirtmişəm…
Haçan ki,
yarım qalmış düşüncələri
tamamlamaq istəsəm,
Özüm kiçildim qızım…
Bax, gecə yenə
barmaq ucunda girdi otagıma.
Düşüncələrdən qalma yorğunluğum
sərildi yatağıma…
Üstü açıq qalmış gözlərimə
qapaqlarını örtdü qaranlıq…
Göz gözü görmür
içimin viranlığında,
Sən bilməzsən bu zülmət
nələri aydınladır qaranlığında…
İlahi, bu nə darıxmaqdı?
İçimdə tufan qoparır.
İlahi, bu nə darıxmaqdı,
Adam lap həsəd aparır…
Pambıq şəkəri
əlinə çox yaraşanım,
Rəngləri çox qarışdırma!
Çəkmə günəşin önünə gecəni, körpəm.
Rəsmindən ümid saçılsın,
Mənim zülmətimdə səhər açılsın…

 

Şəkil adam
Ax bu şəkil adam, bu şəkil adam,
Divardan asmisan bir cut gözumu.
Səndən başlamışdım xatirlamağa,
Səndən unuduram indi özümü…
Güclə susdurduğun şəkildəki it
Məni sənlə gorcek hururmu yenə?
İndi uzağında, dunənindəyəm,
Eynəyin uzağı gorurmu yenə?
Tükü də tərpənməz kuləklər əssə
Mənim siğalımı geyən tellərin.
Yumruq əllərimdə olan soyuğu
İsitməz sənin bu şəkil əllərin.
Ax bu şəkil adam, bu şəkil adam
Divardan asmısan bir cut gozumu
Səndən başlamışdım xatırlamağa
Səndən unuduram indi özümü…
Riyazi natamamlıq
Hərdən çıxar əllərinin yaddaşından
Toxunduği hər şey…
Dizlərini qucaqlayıb oturarsan
Yarımçıq şeirlərinin nida yerində…
Qismətinin üstünə alın yazını,
Alin yazının üstünə qismətini gələrsən
Yenə də dəyişməz cəm.
Bizi bir yerə cəmləyə bilməz cəm.
Ömrünü çıxarsan, bölərsən
Gözlərinin ilişdiyi boşluqlarda
Uzun-uzun yol gedən bərabərlik işarəsi
Yer kürəsini qucaqlayar sənə çatmağa.
Anlayarsan ki,
Böyük bir sıfır imiş dünya.
Gözlərindən yuxun,
Dodaqlarından gülüşlərin
Qopub töküləndə başlayar payız…
Hərdən çıxar ayağının yaddaşından
Qaçmaq,tələsmək,yerimək…
Xəyalların qan itirdikcə
Elə bərkdən susar ki, addımların…
Saatlar gecikdikcə
Ömür tələsər.
Yağış gözlərdən başlayanda
Şeirdən kəsilər ilham pərisi.
Anlayarsan ki
Gündüzün kirli köynəyidir gecə,
Anlayarsan ki,
Allahın şeytana hədiyyəsidir
Bütün sevgilərin günahı.
Müqəddəs bildiyin hər şey
İki ruket, bir tövbəlikmiş…
Hərdən çıxar ürəyinin yaddaşından yaşamaq.
Son nəfəsini yay buludu çəkər ciyərlərinə…
Yağar ekvator boyu
Əriyər…əriyər buzlu okean
Yuyunar…yuyunar kainat
Həzrəti israfilin surunda
Titrəyər butun üsyanlar
İnləyər sari simidə
Bir körpə gülümsəyər Nuhun gəmisində.
Günay Ümid
Müstəqil.Az
Share: