“İşlədiklərindən” xəbərsiz olan işsizlər: 190 manatı almağa nə əngəl olur? – VİDEO

190 manatlıq birdəfəlik ödəmə üçün müraciət edən bəzi şəxslərə bildirilib ki, onların aktiv əmək müqavilələri mövcuddur. Halbuki vətəndaşların çoxu bundan xəbərsizdir.

Sosial şəbəkələrdə də bununla bağlı çoxsaylı məlumatlar paylaşılır.

Vətəndaşların çoxu aktiv göstərilən əmək müqavilələrinə bir neçə il əvvəl xitam verildiyini, illərdir, işsiz olduqlarını bildirirlər.

Hüquqşünaslar bildirir ki, hazırda nazirlik işsiz kimi qeydiyyata düşən şəxsləri elektron sistem üzərindən yoxlayır. Bəzi hallarda faktiki işsiz olan şəxslərin adı elektron sistemdə əmək müqaviləsi aktiv olan şəxs kimi çıxa bilər.

Bu da onunla əlaqədardır ki, hər hansı müəssisə işçilərini öz hesabına uzunmüddətli məzuniyyətə göndərəndə onların əmək müqavilələrini ləğv etmir. O işçilər əməkhaqqı almasalar da, adları elektron sistemdə aktiv əmək müqaviləsi olan şəxs kimi görünür.

Ekspertlərin fikrincə, birdəfəlik ödəmənin verilməsi üçün müraciət edənlər barədə məlumatlar bu sistem vasitəsilə yoxlanılmamalıdır. Bu sistemdə əmək müqavilələri aktiv olan on minlərlə insan var. Amma onların işlədiyi müəssisə fəaliyyətini dayandırıb, işçilər isə öz hesablarına uzunmüddətli məzuniyyətə göndəriliblər.

Onları bu gün məşğul əhali kimi göstərmək olmaz.

Share: