Azərbaycanda bu sayt vasitəsilə 100 minlərlə vətəndaşa yardım göndəriləcək – Video

Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyi koronavirus pandemiyası çərçivəsində əhalinin sosial rifahının yüksəldilməsi və həssas qrupdan olan insanlara yardım edilməsi istiqamətində həyata keçirilən xeyriyyə aksiyalarını davam etdirir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, artıq bu işlərin genişləndirilməsi, əhalinin yardıma ehtiyacı olan insanların hamısının bu aksiyadan yararlanması üçün yeni “bizbirlikdegucluyuk.az” saytı yaradılıb.

Heydər Əliyev Fondunun nümayəndəsi Fidan Yusifova AzTV-də çıxışı zamanı bildirib ki, Heydər Əliyev Fondu öz fəaliyyətində sosial istiqaməti prioritet tutur:

“Dövlətin sosial-iqtisadi sahədə gördüyü bütün proqramlara və tədbirlərə dəstək olur, müxtəlif layihələr həyata keçirir. Valideyn himayəsindən məhrum olan, xüsusi qayğıya ehtiyacı olan insanlarla yanaşı, Fond aztəminatlı ailələrə də daim dəstək göstərir. Xüsusi günlərdə, bayram günlərində onların yanında olur, problemləri ilə maraqlanır. Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə hazırda elan olunan xüsusi karantin rejimi zamanı dövlətin həyata keçirdiyi tədbirlərə də Heydər Əliyev Fondu dəstək verərək yaxından iştirak edir. Ölkəmizdə virusun yayıldığı ilk gündən etibarən onun yayılmaması istiqamətində görülən işlər birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın daim diqqətindədir. Bu məqsədlə də Fond karantin rejimi zamanı növbəti aksiyalara start verib.

Bu layihələr həm sosial xarakterlidir, həm də səhiyyə istiqamətində həyata keçirilir. Hazırda “Evdeqal” kampaniyası həyata keçirilir, iş yerləri bağlanıb və bu günlərdə aztəminatlı ailələr ərzaq yardımına ehtiyac duyurdular. Bununla əlaqədar Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyi Bakı şəhəri və regionlarda könüllülərimizin iştirakı ilə 65 yaşdan yuxarı olan şəxslərə, sosial durumu ağır olan insanlara, həssas qrupa aid olan vətəndaşlara ərzaq məhsullarından ibarət sovqatlar paylayır. Artıq 10 minlərlə ailənin ehtiyacı təmin olunub. Yeni yaradılan portal çərçivəsində 100 minlərlə vətəndaşa yardım göndərilməsi prosesi baş tutacaq. Təqdirəlayiq bir haldır ki, bizim bu nəcib aksiyamıza xalq artistləri,müğənnilər də qoşularaq aksiyanın bir parçası oldular. Bizim bu fəaliyyətimizdə “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin fəaliyyəti danılmazdır. Heydər Əliyev Fondu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edir. Fond artıq fevral ayından etibarən gərgin iş rejimində fəaliyyət göstərir. Bunun üçün artıq bütün gücümüz səfərbər olunub.

Heydər Əliyev Fondu himayəsində olan uşaq evləri, qocalar evləri, internatlarda dezinfeksiya işləri həyata keçirdi. Qocalar evində xüsusi növbələşmə sistemi tətbiq edildi. Bütün bu müəssisələrə qoruyucu vasitələr paylanıldı. Bu tədbirlər çərçivəsində Türkiyədən dəvət olunan mütəxəssislər bizim yerli həkimlərimizə təlimlər keçir. O cümlədən, videokonfrans vasitəsilə xaricdəki həkimlərlə daim əlaqələr qurulur, treninqlər keçirilir. Bununla da biz də, bizim dövlətimiz də virusla effektiv mübarizə apara bilir.

Karantin rejimi dövründə talassemiya, hemofiliya, leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatları azalmışdı. Qan ehtiyatlarını artırmaq üçün ölkəmizin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində qanvermə aksiyası təşkil olunmuşdu. Bu günə olan məlumata görə, artıq növbəti bir neçə həftə üçün qan ehtiyaclarını ödəyə biləcək qan ehtiyatları var. Biz əminik ki, bu kimi xeyirxah aksiyalar davam edəcək”.

“Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Hüseyn Abdullayev deyib ki, təmsil etdiyi təşkilatın könüllüləri ölkənin bütün regionlarını əhatə edirlər: “Bu kimi gözlənilməz situasiyalarda dövlətin qəbul etdiyi inzibati qərarlarla yanaşı, vətəndaş olaraq hər birimizin üzərinə çox böyük məsuliyyət düşür. Könüllülük vətəndaş birliyinin, milli həmrəyliyin ən gözəl nümunələrindəndir. 2020-ci il cənab Prezidentin sərəncamı ilə “Könüllülər ili” elan olunub. Bizim könüllülərimizin sayı yüzlərlədir. Amma təhlükəsizlik baxımından bu sayı lazımı həddə minimum tutmağa çalışırıq. Onlar hər gün yoxlanışdan keçirlər. Biz çalışırıq onlar evlərə daxil olmasınlar, sovqatları qapıdan versinlər.

Yaxın günlərdə “bizbirlikdegucluyuk.az” portalı isifadəyə veriləcək. Portalın məqsədi aztəminatlı ailələri və onlara yardım etmək istəyən şəxsləri bir araya toplamaq, virusla mübarizəyə qarşı tədbirdə vətəndaşlar arasında həmrəyliyi artırmaqdır”.

F.Yusifova qeyd edib ki, bu gün ailələrə sovqat apararkən insanlardakı ruh yüksəkliyini görmək onları çox sevindirir:

“Onların bizi bu cür qarşılamaları, təşəkkürləri bizi daha da enerji ilə işləməyə sövq edir. Biz bu gün həqiqətən də həmrəylik və birlik göstərə bildik. Hazırda portala ianə vermək üçün müraciət edən şəxslərin, şirkətlərin, qurumların sayı çoxdur. Bütün bu məlumatlar şəffaf şəkildə həm saytda yerləşdiriləcək, həm də ianəçilərin özlərinə təqdim ediləcək. Kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə bu tədbirlərlə bağlı yayılan məlumatlar Heydər Əliyev Fondunun işinin təbliğatı demək deyil. Biz digər insanların bu aksiyaya qoşulması üçün çağırış edirik”.

Qeyd edək ki, layihənin əsas donoru Heydər Əliyev Fondudur. Aksiyaya bu günədək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, “Yeni Həyat” Şirkətlər Qrupu, “Kontakt Home” mağazalar şəbəkəsi, “Kristal Abşeron MTK”, “Plane Construction “MMC dəstək göstərib.

Sovqatların regionlara çatdırılmasına və paylanılmasına qədər xüsusi şəraitdə saxlanılmasına “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti, ailələrə çatdırılmasına isə “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti dəstək verir.

 

Share: