İçən adamın sonradan molla olması

Qəşəm Nəcəfzadə yazır…

Mən din adamlarındakı radikalizmi qəbul edə bilmirəm. Özü də ən çox radikalizmi əvvəllər içki içib, sonradan dinə qayıdanlar öz keçmişlərini ört-basdır etmək üçün yaradırlar.

Bir dostum var, eyni kənddənik, universitetdə oxuyurdu, atasının göndərdiyi pulların hamısını verdi içkiyə, ayıq günü olmadı. Dərsə getmədi. Kitab üzü açmadı. Borclu olmadığı adam qalmadı. Çəkdiyi siqaretlər bığlarını saraltdı. Vurduğunu vurdu, vurmadığına vuruldu. Qələm əvəzinə cibinə bıçaq qoydu. Gözlərı qıyıldı. Keçdi narkotiklərə, otlara, nə bilim, nələrə – çəkmədiyi, içmədiyi bir şey qalmadı. Bir gün tutuldu. Bir gün türmədən çıxdı. Bir gün alver elədi. Bir gün damarını kəsdi.

Universitetdən qovdular. Arvad aldı, boşadı. Arvadının gətirdiyi cehizi dəyər-dəyməzinə satdı, pulunu verdi arağa, iynəyə, nə bilim, daha nələrə…

Heç kəs bu adamla yola getmədi, salam alıb-vermədi. Duz-çörək kəsmədi, oturmadı. Bu adam qaldı tək.

Bir neçə il öncə Təhsil Nazirliyinin qarşısında məktəblilərin hicab bağlaması ilə əlaqədar aksiya keçirilirdi. Bu gözünə döndüyüm də gəlib çıxıb buraya. Soruşub ki, bu adamlar nəyə görə yığılıb? Deyiblər, hal-qəziyyə belə: balalarımızı məktəbdə hicab bağlamağa qoymurlar.

Dostum görüb ki, əla fürsətdir. “Ya Əli” deyib, cumub irəli. Aksiya keçirənlər də qalıb mat-məəttəl ki, bu, haradan çıxdı? “Ölü yiyəsi kiriyib, ölü yerinə gələn kiriməyib”. Nə qədər eləyiblər, sakitləşməyib.

Deyib ki, niyə orta məktəblərdə hicab bağlamağa icazə vermirsiniz? Salıb səsinin gur yerinə. “Allahu-Əkbər” deyib cumub polislərə. Qışqıra-qışqıra deyib ki, ay camaat, dinimiz əldən gedir. Camaatın da bundan xoşu gəlib. Səsinə səs veriblər. Görüb ki, əla məqamdır. Daha da qızışıb. Tutublar, tutdurmayıb. O yana qaçıb, bu yana qaçıb. O polisə təpik, bu polisə təpik. Axırda polislər dostumu tutub aparıblar Kürdəxanıya, yəni müvəqqəti saxlama təcridxanasına.

On gündən sonra dostum müvəqqəti təcridxanadan molla kimi çıxdı. Saqqal çənəsində, təsbeh əlində. Beş dəqiqədən bir “Allahu-Əkbər” dilində. Çıxan kimi kəndimizə təcili bir məlumat göndərdi ki, guya onu universitetdən dini təbliğat apardığına görə qovublar. Guya onu din üstündə tutublar. Keçmişdə nəyi vardısa, hamısını yıxdı dini təbliğatın üstünə.

İndi yas yerlərində keçib yuxarı başda molla ilə yanaşı əyləşir. Yanındakı cavan molla bir az ötkəmlik eləyəndə üstünə qışqırır, deyir, ay uşaq, kəs səsini, mən din uğrunda türmədə can çürüdəndə sən kənd məktəbinin həyətində futbol oynayırdın, hücumçu da deyildin, qapıda dayanırdın, bütün toplar da səndən keçirdi.

Hələ bunlar nədir ki?! O gün qardaşlarını düzüb sıraya. Deyib, niyə oruc tutmursunuz, niyə namaz qılmırsınız, niyə toylarınızda araq verirsiniz? Sonra lap hirslənib, çıxıb özündən. Deyib, mən din yolunda universiteti buraxdım, türmələrdə can çürütdüm, şirin yuxu yatmadım sizə görə. İndi siz mənim qabağımda baş əymirsiniz? Namaza əyilməyən başları öz əllərimlə kəsəcəyəm. Qonum-qonşu tökülüb, bıçağı güclə alıblar əlindən.

Qohum-əqrəbasında nə qədər qız uşağı var, məktəbə getməyi qadağan eləyib. Nə qədər qohum-əqrəbası var, saqqal saxlamaq göstərişi verib. Kənd dükanlarındakı bütün araqların ağzını açıb boşaldır yerə.

Bir gün kəndə getmişdim, necə oldusa, Allah-təala bir dar cığırda bizi qəflətən qarşılaşdırdı. Yapışdı yaxamdan ki, müəllim, niyə təsbeh çevirmirsən? Dinmədim. Cibindən yaşıl rəngdə təsbeh çıxardı, dedi, müəllim, sənin üçün Məkkədən gətirmişəm. Dinmədim. Təsbehi verdi əlimə, sonra qəti şəkildə dedi ki, bir də səni təsbehsiz görməyim.

Bir sözlə, dostumu Allah-təala kəndimizə bəla göndərib. Kənd camaatı deyir ki, bu adam içəndə də əzab-əziyyət çəkirdik, dinə gələndə də. Molla dostum keçmişin intiqamını insanlardan din vasitəsilə çıxır. İndi az qalıb ki, kəndimizdən adamlar başını götürüb getsin başqa kəndlərə. O gün bir kişi deyir: “Siz Allaha şükür eləyin ki, o, tövbə eləyib, haqq yoluna qayıdıb”. Başqa bir kişi əks-arqument qoyur ortalığa: “Qardaş, qayıdıb, yaxşı eləyib, amma yazığıq, bizə dəyib dolaşmasın, onun mollalığı da sərxoş adamın hərəkəti kimi bir şeydir”.

Bir neçə gün bundan əvvəl keçmiş dostum zəng eləyib ki, müəllim, təsbeh çevirirsən, ya yox? Həddim nədir, deyəm “yox”. O saat durub gələcək bizə. Qan su yerinə axacaq. Qorxumdan təsbehi əlimdən yerə qoymuram.

Kəndimizdə uşağı olmayan qadınlara dua yazır. Sağılanda təpik atan inəklərin buynuzuna bağlanan duaların hamısı onunkudur.

Kənddə bir qonşumuz var, adı Nadirdir. Sən demə, onun dükanında araq varmış. Molla dostum cumub dükana, birinci həmlədə Nadirə bir karlı şillə vurub. Deyib ki, çıxar araqları, boşaldaq küçəyə, içki İslamda haramdır.

Nadir:

– Ayə qardaş, başına dönüm, sən “uçastkovısan”, reketsən, polissən, nəsən, əl çək məndən.

Molla dostum:

– Mən din yolunda türmədə yatanda sən quzu otarırdın.

– Mən indi neyləyim ki, sən türmədə yatıbsan?

– Dinə görə universiteti atmışam.

Nadir qışqırıb:

– Rədd ol burdan, atmayaydın.

Molla dostum cumub dükandan araqları götürəndə Nadir də eləməyib tənbəllik, yapışıb araq yeşiyinin o biri qulpundan. O dartıb, bu dartıb, axırda ikisi də yıxılıb xəndəyə. Orada dartışıblar.

Araq şüşələri səpələnib üstlərinə.

Nadir ağzını dirəyib Molla dostumun düz qulağına:

– Məndən nə istəyirsən, ay alçaq?

Molla dostum da Nadirin qulağını dişləyə-dişləyə deyib:

– Mən üç il bundan qabaq səndən nisyə araq istədim, niyə vermədin? Ona görə də bu kəndin dükanlarında bir dənə də olsun araq satılmamalıdır. Çünki haramdır. Dinimizin qanunlarına ziddir.

Mən də indi yaxşı təsbeh çevirirəm…

Share: