Çətin ki, koronavirus məni depressiyaya sala – Sevil Gültən yazdı

Dünən Shahbaz Xuduoglu zəng etmişdi mənə. Başqa vaxtlar zəng edəndə ya tərcümə etdiyim kitabın adıyla bağlı nəsə deyir, ya da tərcüməylə bağlı nəsə soruşurdu. Dünən zəngə cavab verən kimi “ Xeyir ola? Nə yaxşı zəng etmisiniz? dedim. “ Elə -belə zəng etdim. Dedim görüm neynirsən”. Qanorarı soruşdum. Dedi həmişəki vaxtda olacaq. Onun bu çətin vaxtlarında zəng edib vəziyyətimlə maraqlanması ürəyimcə oldu.

 

Bu gün Şahbaz bəyin bir statusunu oxudum. Başqa bir tərcüməçinin depresiyyada olduğunu qeyd etmişdi. Bu barədə oxuyan kimi düşündüm ki, yəqin mənə də dünən zəng edib depressiyada olub-olmamağımla maraqlanırmış. Bu vaxtacan keçirdiyim həyatım kitab kimi gözlərim önündə səhifələndi.

Elə ağır, elə çətin günlər keçirmişəm ki, indiki vəziyyətim nə vaxtsa ən əlçatmaz arzum olub.Təyinatla rayonumuzun ən ucqar kəndində işləmişəm. Rayon mərkəzindən o kəndə lafetdə getmişəm. Həftə sonu öz kəndimizə gedirdim, birinci günü vaxtında işə çatmaq üçün səhər saat 6-da dördyol deyilən yerdə olurdum. Eşşəklə su daşımışam o kənddə, dərs dediyim şagirdlərim məni görəndə utandığımdan başımı aşağı salmışam.

fBöyük qızım dünyaya gələndən sonra cəmi 40 gün analıq məzuniyyətdə olmuşam.Təhsil şöbəsinin müdiri məni məcbur etdi ki, ya yerimə başqa müəllim tapım, ya da işə qayıdım. İki kənddə işləyirdim. Bıçaqçı və Yuxarı Seyidlər məktəbində. Yuxarı Seyidlər Bıçaqçıdan ən azı 3-4 kilometr aralıdır. Hər səhər qucağımda körpə uşaq Yuxarı Seyidlər məktəbinə getmişəm. Uşağı məktəbin yaxınlığındakı bir ailəyə tapşırıb dərs keçmişəm, sonra Bıçaqçıya qayıtmışam gah tozlu, gah da palçıqlı yollarla.
Sonralar öz kəndimizdə ev tikdim. Aldığım torpaq sahəsinin ətrafına çəpər çəkməyə imkanım yox idi. Ən çətin dövrdə, 1994-cü ildə. Maaşların 3-4 aydan bir verildiyi vaxtlarda. Evimin kərpicinin hamısını özüm kəsdim. Elə olub günorta anamgilə nahara getmişəm. Qayıdanda gəlib görmüşəm ki, mal-qara kərpicləri tapdalayıb. Göz yaşım sel kimi axıb zülmlə kəsdiyim kərpiclərin üstünə. Kərpic kəsəndə də Gültən yanımda olub. Sudurğa keçirdiyi üçün onu heç kimə etibar etmirdim.

Yanvar ayında evimin içinə palçıqdan suvaq vurmuşam. Bir gün görmüşəm ki, əllərimi saxsı doğrayıb, palçıq tamam qandır. Palçığı vedrəyə yığıb evin içinə aparana qədər əynimdəki donum şaxtadan buz bağlayıb.

Yayın cırhacırında evimin arxasına palçıq suvaq vurmuşam, çatlamasın deyə gün ərzində neçə dəfə şirələmişəm. Bir gün gördüm çit donumun çiyinlərini gün yandırıb, cırılıb, boynum, boğazım günün təsirindən qabıq bağlayıb.

Qonşu Dəkkəoba kındində uşaq bağçasında işləyirdim. Hər gün piyada, Gültən qucağımda işə gedir, axşam saat 6-dək Gültəni qucağımdan yerə qoymur, iş bitəndə yenidən piyada öz kəndimizə qayıdırdım. Evimiz hazır olandan sonra düz bir il işığımız olmayıb. Evimiz kəndin kənarında olduğundan işıq çəkdirmək baha başa gəlib. Bir il işıqsız yaşamışıq. Yeməyi ocaqda bişirmişəm. Qışda qalın odunu doğraya bilməyəndə ən azı 2 metr uzunluğunda ağac budağını odun sobasına qoyub otağın qapısını açıq qoymuşam. Odun yandıqca gödəlib sobanın ölçüsündə olana qədər çölün soyuğu evə dolub.
Bakıya gələndən sonra iş yerimdən çıxmışam. 6 ay heç kimə deməmişəm işdən çıxdığımı. Uşaqlarım dərsdən çıxanda kirayədə qaldığım evə yox, qonşu binada yaşayan tanışım, xeyirxah insan Gülzargilə ( Sərdar İmrəliyevin qızı, anamın yerlisi) gedib nahar etmək üçün. Elə vaxtlar olub evdə bir kartofdan başqa yeməyə heç nə olmayıb.Onu soyutma edib, yarı bölmüşəm ki, uşaqlar yesin.Özüm isə Muğam Teatrına- iş yerimə getmişəm. İşdə bizə yemək verirdilər. Əsl restoran yeməyi. Keyfiyyətli. Orda, günortalar yemək payımı götürüb öz otağıma gətirmişəm. Amma evdə yemək olmadığını xatırlayıb mən də yeməyimi yeməmişəm…
Şükür, indi ev kirayəmi verə bilirəm. Qızlarım işləyir. Vaxt vardı internet klubda yazırdım tərcümələrimi. Neçə ildir komputerim var…Yüngülvari ev işləriylə məşğul olub tərcüməmlə məşğul oluram. Hava soyuq olanda kombini qış rejiminə keçirirəm. Bir dəfə hardasa oxudum ki, çörək pulunu sevdiyi işlə qazanan insanlar xoşbəxtdir. O mənada xoşbəxtəm.
Bir sözlə, mənim depressiyaya düşməli olduğum günlər geridə qalıb. Həmin vaxtlarda başım elə bərk qarşıq olub ki, depressiya mənə yaxın düşə bilməyib. Çətin ki, koronavirus məni depressiyaya sala.

Share: