AĞACA BAĞLANMIŞ DƏLİNİN NAĞILI

İlham QƏHRƏMANIN yeni şeiri

Dəlini qorxudan
ağaca sarıyarlar, telli balam, –
qəfil tutması tutar deyə,
ev yandırar, adam öldürər,
gedənə-gələnə daş atar deyə.

Ondan da qorxdular
bağın düzünə qoymadılar…
Bilmədi bu tale hardan gəldi,
Onunki bağın dikindən –
su tutmayan yerdən gəldi.

Cadar-cadar yarpaqları
su istədilər – əli çatmadı…
Suya baxdı yarpaqları,
yarpaqlara baxdı sular.
Köklərinin ucundan axdı sular.

Yollar ona gedib çıxmadı,
yollar çıxımsız oldu.
Yuyulub daralmış paltar kimi
unuduldu, baxımsız oldu…

Yazısı belə yazıldı,
belə gətirdi qisməti…
Hər gecə yuxusunda cin çapan,
qan-tər olan bir köhlən kişnədi.

Ona verilən arayışda yazıla bilər:
Fəsillər təkləmiş –
qışda küləklər budamış,
yayda üstünə gün şaxımış.
Dirigözlü, ayaq üstə öldürülmüş…
Acı təbəssümündən oxunur –
haçansa sağımış.

Nə ev yandırdı, telli balam,
nə adam öldürdü,
nə pəncərə daşladı…
Tutması tutanda şeir yazdı…
Ondan soruşardılar –
meh nədi, gül nədi?!
Niyə ağaca bağlanan dəli kimi
yollarını bağladılar bilmədi.

Telli balam, o tək çəkmədi –
o çəkəndən bağlandığı ağaca,
sarıldığı kəndirə də “pay” düşdü.
Sözlərinin ağzına təzə söz –
“Yiyə, vay!”,
“Yiyə, vay!”,
“Yiyə vay!” düşdü.
Yanvar 2020

Share: