Aleksey Kulakın son taleyi

1984-cü ildə Moskvada Aleksey Kulak vəfat etdi.

Mərhum mükəmməl tərcümeyi-hala malik idi. İkinci dünya müharibəsində göstərdiyi xidmətlərə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

1960-1977-ci illərdə Dövlət Təhlükəsizlik Komitəsi xətti ilə ABŞ-a göndərilib. Orada elmi-texniki casusluqla məşğul olub. 1977-ci ildə Moskvaya qayıdaraq polkovnik rütbəsində istefaya çıxıb. Təsadüfi deyil ki, o, əsgəri ehtiramla dəfn edildi, məzarının üzərinə xeyli əklillər qoyuldu.

Bir il sonra sovet kəşfiyyatı ciddi uğura nail oldu. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin SSRİ-yə qarşı kəşfiyyat şöbəsinə rəhbərlik edən Eyms Oldric əməkdaşlıq istəyilə onlara müraciət etdi. Oldric ABŞ-a casusluq edən xeyli adamın adını sovet kəşfiyyatçılarına təqdim etdi. Onların arasında Aleksey Kulakın adını görən kəşfiyyatçılar şoka düşdülər.

Sən demə, 1962-1977-ci illərdə Kulak ABŞ-ın xeyrinə casusluq edirmiş.
O, 1990-cı ildə, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adından və polkovnik rütbəsindən məhrum edildi. Eyms Oldrici isə amerikalılar 1994-cü ildə ifşa etdilər. Hazırda ömürlük həbs cəzasını çəkir.

Yadigar SADIQLI

Share: