Yolların ağaran yeri

Məlahət Yusifqızını ötən əsrin 80-ci illərindən tanıyıram. Bir gün unudulmaz xalq şairimiz Xəlil Rza Ulutürk yanıma, – işlədiyim “Gənclik” nəşriyyatına fövqəladə bir coşqu ilə gəldi. –İgid, səni elqızın qüdrətli, cəsur şairimiz Məlahət Yusifqızı ilə tanış etmək istəyirəm! –dedi və əl çantasından xeyli kağız bükülüsü çıxardı. Bunları bir-bir sənə oxumalıyam, gör, Gədəbəy torpağı dünyaya necə böyük ürəkli, mərd, mübariz bir şair bəxş eləyib.

Açığını deyim ki, mən o ana qədər belə bir imza eşitməmişdim. Məlahət Yusifqızı adına dövri-mətbuatda da rast gəlməmişdim.
Xəlil Rzanın geniş ürəkli insan olduğunu bilirdim, xoşuna gələn bir şeirin, bir misranın tərifini göyə qaldırmasının da dönə-dönə şahidi olmuşdum. O, həyatda da, poeziyada da böyüklük axtarırdı, əzəmət gəzirdi. Duruluğun, saflığın, ürəkdən gələn sözün, kəlmənin heyranı idi. Xüsusən poeziyamızın bütün sıra nəfərlərindən alicənablıq umurdu, nə qədər milli dərinliklərə ensə də, bəşəri duyğuların təşnəsi idi.
Xəlil bəy bizim redaksiyada hamını bir yerə yığıb, Məlahətin şeirlərini özünəməxsus pafosla, məhəbbət və vurğunluq təlqin edən bir avazla oxumağa başladı:
… Düyün-düyün işimiz var,
qarı düşmən göz eləyir.
Yaşıdlarım gəlin köçür,
qonşularım söz eləyir.

Qonşuların 
boş-boşuna qeybətini kəsmək üçün 
gəlməlisən!
Anam ağlar “Vağzalı”ya 
hönkür-hönkür, qırıq-qırıq,
gözlərini silməlisən!
Belimin bağlanmaq vaxtıdır, qardaş!

Qız uşağındakı bu cəsarətə, qeyri-adi səslənən bu müraciətə nəşriyyatımızdakı qadınlardan etiraz edənlər də oldu. Ancaq Xəlil bəy bu şeirin bağrından qopan ictimai mənaya, daxili təlatümə diqqəti yönəldib, Məlahət Yusifqızının, -bu gənc qızın, Universitet tələbəsinin gələcəkdə böyük bir şair olacağına dərin inamını ifadə etdi, bu şeirlərin ilk dəfə onun xeyir-duası ilə çap olunacağından qürur duyduğunu bildirdi.
Əlbəttə, Xəlil bəy haqlı idi. Məlahət Yusifqızı poeziyamıza gəldi və bütün yaşam sıxıntılarına, qadın olduğundan dolayı yoluna çıxan bütün çətinliklərə baxmayaraq öz imzasına vətəndaşlıq hüququ qazandıra bildi.
Məlahət vətəndaş şairdir. Onun qələmindən süzülən sətirlərdən bu torpağın ağrı-acıları boylanır, dərdi, niskili axır, şeirlərinin qəhrəmanı özüdür, şax, ötkəm, sözü adamın gözünün içinə deyən, saf, təmiz, qorxusuz-hürküsüz.
Nədənsə Məlahəti görəndə amazonkaları xatırlayıram. Kitablardan, ekran əsərlərindən xəyalımda obrazlaşan amazonkalar Məlahət Yusifqızının gözləri ilə boylanır üzümə.
Məlahətin poeziyası qəhrəmanlıq, cəsurluq poeziyasıdır. Dahi Nizaminin təsvir etdiyi şahzadə Nüşabənin dediyi bu kəlmələr Məlahətin dilindən deyilib, elə bil.
Erkək tinətliyəm, olsam da qadın,
Hər işi bəllidir mənə dünyanın.
Məlahət dünyanın istisini, soyuğunu əlbəəl hiss edən, xeyrindən, şərindən baş açan şairdir. Gördüklərinin, duyduqlarının özünəməxsus poetik həllini tapa, bu keşmə-keşli dünyanın bütün olaylarına öz sözü ilə qiymət verə bilir.
Yeyən yeyir məmləkəti,
Mənsə dərdimin acıyam, – deyən şairin üstünə çox dərdlər yerisə də, o, tək bircə dərdin əlacıdır.
Poeziyanın ürəkdən gələn duyğularının, -buludlar tək baş-başa gələn duyğularının şimşək qığılcımından qılınctək sıyrılıb çıxan poeziyanın… Bu qəzəbin, bu üsyanın bəşəri bir kökü var:
Ozon qatı dəlinir, təbiət zorlanır,
Hava qatı qarışıb, korlanır.
Bəs bu dərdin çarəsi nədir?
Çalış, çıxma Yaradanın əlindən. 
Çıxdınsa itir haqqın, Şeytan gəlıb, aparır,
Budur, Adəm oğlu Yerdə qiyamət qoparır.
Məlahət deyir ki insan oğlu, insan qızı, Yeri, Göyü yaradanın ovcundasan, əlindəsən, sən bu haqdan uzaqlaşdıqca, haqqın tapdanacaq, gərək haqqı danmayasan, unutmayasan!
Məlahətin şeirləri haqdan gəlir, Məlahət haqqına yazır, Məlahət kimsədən haqq ummur. O, sevgisində də, lap elə qəzəbində, üsyanında da təmənnasızdır, onun şeirlərində bir əlçatmazlıq, bir ucalıq var:
Zamanı saymadan, 
zamana endirmədən
düşmüsən yolun ağına…
O, poeziyamızın çətin, daşlı, kəsəkli yolunu seçib, öz cığırini aça-aça, öz yolunu ağarda-ağarda yol gedən şairdir.
Məlahət Yusifqızı Qaramuradlının iki kitabı qarşımdadır. Xeyli müddətdir, onu mütaliə edirəm. Ürəyimdən tikan çıxaran şeirləri bol-boldur, ara-sıra xoşuma gəlməyənlərə də rast gəlirəm. Lakin ən önəmlisi odur ki, Məlahətin şeirlərinə böyük bir ruh hakimdir. Bu ruh onu sınmağa, əyilməyə qoymur, qamətini həmişə şax saxlayır, dizinə təpər, yumruğuna güc, qollarına qüvvət, qələminə kəsər verir. Şairin qılıncı qələmdir axı! Onun Xəlil Rza Ulutürkə ünvanladığı bir şeirindən beş-on misranı örnək gətirib, tək bir sözü vurğulamaq istəyirəm. Məlahət mərd şairdir. O, sözünü kişi kimi deyir, şax və ötkəm deyir.
Çox dolanıb-gəzərdin yaralı aslan kimi,
Ruhun tutan insanı tutardın balan kimi.
İçində zərrə qədər qısqanclığın yox idi.
Şan-şöhrətə uymazdın, gözün-könlün tox idi.
Sonda təslimi vardı səndən yan keçənlərin.
Ömrü yetə bilmədi sevgini ölçənlərin.
Örnək olmaq dərsini verdin yurddaşlarına.
Səni Əlhəd daşıtək vurdular başlarına.
Mən elə şeiri Məlahət xanımın özünə də şamil edə bilərdim.
Məlahət sözünü sərbəst və ötkəm deyir. Ancaq bu o demək deyildir ki, Məlahət bir qadın olaraq kövrəkliyi bacarmır, öz daxili dünyasının təzadlarla dolu əsrarəngiz mənzərəsindən söz aça bilmir. Onun çox incə, həssas duyumları ifadə edən lirik şeirləri, təkcə qadın qəlbindən qopa biləcək munis, son dərəcə doğma hissləri var. Bu hisslər şeirlərində öz bədii biçimini tapır, ürəklərə, könüllərə nüfuz edə bilir:
Küncə atdım telli sazı,
Tellər məni yadırğadı.
Gün aylandı, ay illəndi,
İllər məni yadırğadı.

Sarı tellər cığalandı,
Göz yaşımdan sırğalandı.
Çapar atlar yorğalandı,
Yellər məni yadırğadı.

Nə söz qoşdum, nə dilləndim,
Nə axar tapıb, selləndim.
Bir naşıya könülləndim,
Ellər məni yadırğadı.
Mən Məlahət Yusifqızı haqqındakı bu təəssüratımı burada tamamlayır və ondan beş-on yaş böyük bir həmkarı kimi bir öyüd vermək istəyirəm: -Sən nəyi yadırğasan da sazı, sözü yadırğama, çünki ən yaxşı şeirlərinin qaynağı, mayası arabir döşünə sıxdığın o qara sazdadır. Sən də aşıq olmağına aşıqsan, həm də aşıqların ən yaxşılarından. Elə yolların ağaran yeri də o sazın “sarı” siminin göynərtisindədir.
Müsa Ələkbərli
15.05.2010.

Melahet Yusifqizi adlı şəxsin şəkli.
Share: