Göy adamı, ruh adamı şair Rəşad Məcid…

Ədəbi aləm qədər zəngin mədəni həyatın ruhuna birdəfəlik özünü həkk edən, tələbəlik illərimizin ən şux, üzu hey təbəssümlü, bol gülüşlü, poeziyaya vurğun göy adamı, ruh adamı şair Rəşad Məcid.

Mətbuatımızda uzun illərdi dərc olunan “525 – ci qəzet” də onun adı ilə bağlıdı. Neçə il öncə Azərbaycan Yazıçılar Birliyinin katibliyinə seçiləndə də sevindim. Eyni zamanda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, ötən ildən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvüdü Rəşad.

Sovetlər dönəmində indiki BDU Azərbaycan Dövlət Universiteti adlanırdı, jurnalıstika fakultəsi yalnız bu universitetdə idi. Azərbaycan bölməsinə cəmi 25 qəbul olardı. Adətən iş staji çox olanları,öz ixtisası üzrə işləyənləri qəbul edirdilər deyə qrupumuzda yaş fərqi kəskin bilinirdi. Rəşad yaşda hamıdan kiçik olsa da başqaları ilə yola getmək bacarığı – liderliyə meyilli xarakteri ilə özünə hörmət qazanırdı. “Vaxt olacaq mənimlə fəxr edəcəksiniz” deyirdi.

Tələbə ikən şeirə marağını hiss etmişdik. Bəzən tənəffüslərdə, o dövrlərdə əlçatmaz kimi dillərinə həsrət qaldığımız osmanlı türkcəsində şeirlər söyləməsi hamımızın marağına səbəb olurdu, daima diqqət mərkəzində idi. Qrupun qızları ilə dostluğu da o dövr üçün nadir hadisə olsa da, hamı bu saf oğlanı dürüstlüyünə, səmimiliyinə görə qiymətləndirirdi.

Onun ruh halında həmışə bir nıkbınlik var. Ailəsində İnsanlara məhəbbət mühitində böyüdüyü davranışından, səmimiyyətindən bəlli olur. Bu günlərdə  tədbirlə əlaqədar Yazıçılar İttifaqında oldum və   yolüstü təsadüfi görüşümüzdən sonra ikinci dəfədir ki, Rəşadı görürdüm. Bu illər ərzində arada haqqında eşitdiklərimin yalnış olduğunu, heç bir vəzifənin onu qətiyyən dəyişdirmədiyini anladım. Bütün davranışı – səsi, söz – söhbəti ilə yenə həmin istiqanlı Rəşad idi. Daima inkişafda , ucalığın fövqündədir Rəşad.

Yaxşını yaratmağın tək yolu səmimiyyəti ilə yanaşı əzmi, fantaziyası ilə daima irəli gedəndi Rəşad. Üslubundakı ən cəlbedici element həqiqi maraqdır, oxucusunu emal olunmuş fikirləriylə düşündürür. Ən gözəli də ürəyindəkiləri oxucuların beyninə ötürə bilməsidir.

” Doğulan kimi

Başının altına yastıq qoydular.

Oturan kimi

Böyrünə-başına yastıq qoydular.

Yeridi – düzdülər keçdiyi yola

Sonra noğul yastığı,

Sonra nağıl yastığı.

Başı üşüyəndə papağı yastıq,

Əli üşüyəndə bayrağı yastıq,

Qəbri üşüyəndə torpağı yastıq.

Ağrıyan dişinə yastıq qoydular

Ləngiyən işinə yastıq qoydular

Axırda yastığa öyrəncəlilər

Çarxın gərdişinə yastıq qoydular.

Çarxın gərdişinə yastıq qoydular

Yuxulatdı bu adamı,

Günün günorta çağında

Yuxu tutdu bu adamı.

… Yatıb yuxuda gördü ki,

ipək yastığı daşlaşıb,

ayağına dolaşıb.

Addımını ha atır, ata bilmir,

Ayağını ha dartır, darta bilmir.

Yastıq çəkir onu quyutək.

Ayağı balacalaşır,

Boyu balacalaşır.

… Diksinib ayıldı yuxudan.

Başı yastıqdan düşmüşdü.

Çəkdi yastığı başının altına…”

Şair əsəblə, həyəcanla, ümidlə və çarəsizcə fikirlərini misralarda ifadə edərkən emosiyaları özü ilə bağlı vacib informasiya mənbəyinə çevrilir. Öz şəxsi münasibətlərimizdə, həyatımızda uğurlu naviqasiya etmək üçün şairin keçirdiyi hissləri bizə doğmalaşdırır.
Və bizə sağlam ol , dolğun həyat sür Rəşad Məcid – demək qalır.

Yeganə İskəndərova

 

Share: