“Uzaqdan bir şeir” layihəsində SƏYAVUŞ SƏRXANLI

YOLLAR, QATARLAR

Yollar qatarları çəkir yürüşə,
Qatarlar yolları ötə bilməyir.
Görüşə çıxıblar onlar görüşə,
Relsləri külək də öpə bilməyir.

Pəncərə önündə dünya ötüşür,
Qalır duracaqlar,kimdir dayanan?
İnsanlar, talelər aralı düşür,
Qatarlar qıy vurub şığıyan zaman.

Kimin arzusudur,tapacaq kimi?
Keçir səkilərə gül tökə – tökə.
Düşüb qatarlardan sərnişin kimi
Yollar obalara gərək baş çəkə.

Çırpınır təkərlər – yola köz düşür
Tükənir səbrlər, ildimi hər an?
Həsrətlər, hicranlar gəlib görüşür,
Qatarlar ah çəkib dayanan zaman…

Yollar günlərimdir, ey dost,
qoy deyim:
Mənim ürəyimdir, mənim ürəyim
qışqıra-qışqıra gələn qatarlar,
qışqıra-qışqıra gedən qatarlar…


Layihənin Kamalə ABİYEVA təqdim edir

Share: