“İçində hıçqıran bir “mən” in varkən, üzdə saxta-saxta gülsən, nə fayda…”- Şamil Ənvəroğlunun şeirləri

Nə fayda…

(Şamil Ənvəroğlu)

Dönmürsə arzular bir xoş gerçəyə,
Bu Yerlə birlikdə dönsən, nə fayda.
Dayaz ürəklərin,dayaz hislərin
Baş vurub dibinə ensən, nə fayda.

 

“Keçər bu günlər də” deyib keçərkən,

“Mənim də Günəşim doğar” deyərkən.

İçində hıçqıran bir “mən” in varkən,
Üzdə saxta-saxta gülsən, nə fayda.

Gözlərin uzağa çox baxacaqsa,
Qoynunda boşluqlar uyuyacaqsa.
Hələ bu sevgin də dərd olacaqsa,
Qəlbini kül edib sevsən, nə fayda.

Səni ovudacaq sözlər yoxdursa,
Baş qoyub yatmağa dizlər yoxdursa.
Səni anlayacaq ürək kordursa,
Ömrünü şam edib yansan, nə fayda.

Xoş günlər yanından ötüb keçibsə,
Ruhun da əlindən cana gəlibsə.
Səni “sən” edənlər çoxdan gedibsə,
Bir quru bədənlə qalsan, nə fayda.

Elə dərin dolmuşam ki…

Elə dərin dolmuşam ki,
Dibsiz bir dəniz kimiyəm.
Təbəssümə həsrət qalan,
Solmuş bir bəniz kimiyəm.

Elə səssiz qalmışam ki,
Atılmış bir əşya kimi.
İnsanlığı qətl edilmiş,
Xaraba bir dünya kimi.

Elə donub qalmışam ki,
Ümidlər inciyib gedir.
Bir baxıram arzular da,
Ağlayıb,kiriyib gedir.

Elə sönüb həvəsim də,
Üfürməyə köz gəzirəm.
Eşələyib qırıqları,
Bir ümidli söz gəzirəm.

Elə yadımdan çıxıb ki,
Son sevincim nəydi axı?
Ruhuma çökən ağrılar,
Sol yanımı əydi axı…

Elə tənha qalmışam ki,
Ümidlərdən yetim kimi,
Əvvəli,sonu dağınıq,
Yarımçıq bir mətin kimi.

Elə bil,dağılmış evəm,
Divarda bir adım qalıb,
Sanki hər bir doğmam ölüb,
İstəməyən yadım qalıb.

Elə qərib haldayam ki,
Boşluqdan əlim darıxır,
Uzaqdan məni səsləyən,
Mənsiz bir ölüm darıxır.

 

 

Bəs sən nə bilirdin…

Bəs sən nə bilirdin,
guya bu həyat,
Sənə ömrün boyu güləcəkdi ki?
Canından daha çox sevdiyin kəs də,
Guya təmənnasız sevəcəkdi ki?

 

Günlər də içini yeməsə getməz,
Ağrın da ha çəksən, yenə də bitməz.
Min xəyal, min arzu bir səbəb etməz,
O səbəb səssizcə gələcəkdi ki?

Bəs sən bilmirsən ki, bu ki həyatdır,
Susduqca üstünə gələcək yenə?
Üsyanın yoxdursa haqsızlıqlara,
Ağrına uzaqdan güləcək yenə?

Bəs sən nə bilirdin,
belə asanca,
Yaşayıb hər şeyi edə bilərsən?
Heç nə olmamıştək dünənki günü,
Unudub ürəkdən gülə bilərsən?

Silinməz, əzizim, ötsə anın da,
Alışar boşluğa tənha canın da,
Çəkdiyin bu qədər ağrı-acın da,
Elə bir gülüşlə bitəcəkdi ki?

Qonar təbəssümün qar dənəsitək,
Sevgin də yüklənər dərd şələsitək.
Bəxtəvər olmadıq, o olanlartək,
Olsaydıq,bu dünya duracaqdı ki?

Bəs sən bilmirsən ki,
biz xoşbəxt olsaq,
Dünyanın başına hava gələcək?
Zaman da hirsindən tərsinə dönüb,
Tanrı da özünə nifrət edəcək?

Bəlkə, məğlubların qalibi olmaq,
Ən gözəl yaşamaq təsəllisidir?
Daha itirməyə nəyimiz var ki,
Qorxusuz yaşamaq ən gözəlidir…

Müstəqil.Az

Share: