ALLAHI SEVƏN RAFİQ TAĞI…

“Amalı xaos olanların kamalı qüsurludur”

(Rafiq Tağı)

 

  8 il  öncə noyabrın 19-da gecə evinə dönərkən bıçaqlanan tanınmış  yazıçı Rafiq Tağı  xəstəxanada jurnalistə müsahibə verəndən  bir-neçə gün sonra  (noyabrın 23-də) dünyasını dəyişdi. Qətlinə fətva verilən  Rafiqin bıçaqlanması  nə  qədər  “başa düşülən” idisə,  4 gündən sonra  xəstəxanada qəfildən  vəfatı  bir o qədər də müəmmalı  idi.

Axı  noyabrın 20-də  APA agentliyi həkimlərə istinadən “ölüm təhlükəsi olmadığını”, 21-də isə  BBC News Azərbaycanca  onun səhhətində  müsbət dəyişiklərin  olduğunu bildirmişdi. Yeddi  yerdən yara almış Rafiqin  jurnalistə  dediklərindən belə məlum olurdu ki, hücum edən şəxs onun sinəsinə bıçaq vurmaq istəyərkən, yazıçı əlindəki qovluğu sinəsinə sıxıb, buna görə də, bıçaq ürəyinə girməyib…

O gün onu reanimasiyadan palataya köçürmüşdülər.  Rafiqi 40 ildən çox tanıyan yaxın dostu  şair Baba Vəziroğlu da BBC Azərbaycancaya  onun  özünü çox yaxşı hiss etdiyini  söyləmişdi…

Əfsuslar  olsun ki, “Cinayətlərimizin əksəriyyəti əxlaq və mənəviyyat motivlidir” deyən  yazıçını,  esseisti və təcili yardım həkimini  “təcili və təxirəsalınmaz”  ÖLÜM ağuşuna aldı.  Bu  ölüm onu dörd – beş il idi ki, casus kimi izləyirdi.

Lakin  Allahı sevən  və Allahın da onu  sevdiyini düşünən Rafiq  Tağı  din xadiminin Allahın adı ilə başqasının ölümünə fətva verməsini absurd  sayırdı.

Rafiqin Masallıdan olduğunu  təbii ki, çoxumiz bilirik.  Fəqət Allahdan aşağı baş verən  fırıldaqları həzm edə  bilməyən  yazıçının qətlinə fətva verən iranlı ayətulla   Şeyx Fazil  Lənkaraninin əslən Masallıdan  olduğunu  bilənlər azdır. Şeyx Fazilin  atası  da  adlı-sanlı din xadimi idi, Azərbaycanda  Sovet hakimiyyəti qurulandan sonra  İrana mühacirət etmişdi.

“Sənət qəzeti”ndə çap etdirdiyi “Avropa və biz” essesinə  görə  milli, irqi və   dini ədavəti qızışdırma ittihamı ilə həbs  olunması,  2007-ci ildə  75 yaşlı Şeyx Fazil Lənkəraninin vəfatı  da  Rafiqin  qətlinə verilən  fətvanı  “durdurmadı”

Rafiq Tağının  fikrincə,  əsl İslam dinini ortaya çıxarmaq üçün bütün mövhumi işləri tənqid etmək lazımdır.   Deyirdi ki,  mənim dinlə  bağlı  yazdıqlarım  Axundovun «Kəmalüddövlə məktubları»nın yanında milyonda bir dəyərində deyil… “Avropa və biz” yazım din haqqında deyildi. Avropa dəyərləri haqqında idi” 

                                             ***

Azərbaycanda  Rafiqə  vicdanlı, olduqca təmiz, xeyirxah, maarifpərvər,  əsl ziyalı    kimi dəyər verənlər də vardı.  Baba Vəziroğlunun  təbrincə desəm,  Rafiq böyük yazıçı olduğu kimi kiristal və ziyansız bir insan idi.

Haqqında yazılanlardan:   Təcili yardımda işlədiyi vaxt yataqxanada ağır güzəran keçirən bir qaçqın ailəyə xəstə üstünə gedir. Çıxanda balaca uşaqların suda çörək isladıb yediklərini görür. Gəlib bir həftəlik bazarlıq edərək geri qayıdır və ərzaqları qaçqın ailəyə verir.   Rafiq Tağı tutulanda o ailədə həmin islanmış çörəkləri yeyən uşaqlar böyüyüb Rusiyada ticarətlə məşğul olurmuşlar. Xəbəri eşidən kimi gəlib yazıçı-həkimin başsız qalan ailəsinə öz yardımlarını təklif ediblər.

Müsahibələrinin birində   “Rafiq Tağı mənim tərcümeyi-halımdı…”  deyən  Baba Vəziroğlu  onun hekayələrini  Çexovun hekayələrinə bərabər  tutur.

“…Mən Allahı 16 yaşımda Tibb İnstitutuna qəbul olunanda tanımışam. Ona qədər isə kor-koranə ateist idim, çünki sovet məktəbi bunu tələb edirdi. Amma tibb sahəsinə gələndən sonra gördüm ki, bu cür dərin, gözəl şeylərin mütləq bir yaradıcısı olmalıdır. 16 yaşımdan bu günə kimi heç kim deyə bilməz ki, sən ateistik fikir demisən. Amma Allahdan aşağı olan bir çox fırıldaqları həzm eləmirəm…”

Şərqdə baş verənlərə təəssüf edirdi Rafiq. Bir də deyirdi ki, niyə Qərb ölkələri çiçəklənir, amma İslam ölkələrinin çoxu acından ölür?

Rafiqin bəzi fikirləri ziddiyətli olsa da  özü konfliktə meylli adam deyildi.  Səmimiliyi,  saflığı, həlimliyi,  təmkini danışığından, davranışından  bəlli olurdu.

Yazılarına olduğu qədər də həkimlik sənətinə  çox məsuliyyətli  və  ciddi yanaşırdı.  Baxın,  bu adam  görün  nə qədər  doğru – dürüst,  vicdanlı  adam idi ki, ağır yaralandığı  gecə işlədiyi təcili yardım məntəqəsinə zəng edib, sabah işə gələ bilməyəcəyi üçün icazə alıb.

Rafiq  Tağı  on bir  il Moskvada  yaşamışdı. Dediyinə görə, Moskva mühiti onu azad düşünməyə öyrətmişdi.  Amma   özünün dediyi kimi,  Azərbaycana gələndən sonra yazılarına etiraz dalğası təbəqə-təbəqə olurdu. “Məsələn. elə yazım olur ki, siyası təbəqə qoşulur. Elə yazım da olur dini, bəzən də ziyalı təbəqə qoşulur.”

Təssüf ki,  8  il əvvəl  Rafiqin  ölümünə sevinənlər  də  vardı… Yazıçı  Seyran Səxavət  haqlı  olaraq deyirdi ki,  “Rafiq Tağının ölümünə sevinənlər, görünür, ondan xeyli əvvəl ölüblər, sadəcə elə-belə fiziki cəhətdən mövcuddurlar”.

Mən məktəbli ikən Rafiqi  rayon qəzetində  dərc olunan yazılarından tanıyırdım. Bədii yaradıçılığa şeirlə başlamışdı.  İlk  şeirləri  19 yaşında   “Çağırış” qəzetində dərc olunmuşdu.   Şeirlərində  bulaqları su dolu sərincə,  daşları  dağ çayının yumruqlarına,  kəhraba  zəmilərdə  başını aşağı dikən sünbülləri həyalı, utancaq gözəllərə bənzədən Rafiq  Tağınin  özü də  çox abırlı, el arasında deyildiyi kimi,  başıaşağı, qızdan- gəlindən həyalı  İNSAN idi.

70-ci illərdə “Çağırış”ın şənbə səhifəsində  “Novruz Xoşbəxt kopmleksi” adında  maraqlı bir yazısı  dərc olunmuşdu.  Düzü, belə  “fağır” adamın qələmindən  sərt  yazı  çıxmasını çoxu gözləmirdi.   İllər keçdi,  mən də   Novruz Xoşbəxt haqqında  esse yazdım.   Bəzən xarici görünüşü şair olanın daxili şair olmur. Bəzən də əksinə….  Rafiqin və  sonralar  mənim  obrazını yartmağa çalışdığım əyalət şairi Novruz müəllim həm daxilən, həm zahirən şair idi . Rafiq   də “Novruz Xoşbəxt kombleksi”nə fəlsəfi aspektdən yanşmışdı. Əslində sovet dönəmində  belə  təxəllüs götürən şairlərin heç biri xoşbəxt deyildi…

Rafiqlə  Bakıda dəfələrlə  görüşüb,  həmsöhbər olmuşduq. Mən onun  heç vaxt  hündürdən danışan, ya da küçədə gedərkən  dönüb qız-gəlinə baxdlğını görmədim. Belələri ailəyə də sədaqətli olur, dosta da, Vətənə də, elə  SÖZƏ də …

Rafiq  sözün təəssübünü çəkən  qələm sahibi idı…

“Bəşəriyyətin xilası, tərəqqisi üçün həbsə düşmək olar..”   deyirdi Rafiq.  Bir dəfə məndən soruşdu ki, sən  heç həbsxana həyatı yaşamısan?  Dedim, yox. Dedi: Rəhmətlik Mamed haqqında qəzetdə  dərc olunmuş yazının  bir parçasını oxudum. Maraqlı üslub seçibsən… Axıracan belə davam etsən yaxşı olar…” Söhbət mənim o vaxt həbsxanada dünyasını dəyişmiş  Masallı Mamedə  həsr etdiyim  “Novruz elegiyası”dan gedirdi.

Müsahibələrinin  birində “ həbsxana insan üçün, xüsusən də yazar üçün necə bir yerdir?-  sualına  gülümsünə – gülümsünə  belə cavab vermişdi: “Pis yer deyil… Mən hərdən həkim yoldaşlarıma deyirəm ki, hərənizin üç-dörd ay orda yatmağınız pis olmazdı. Məsələn, xırda oğurluq-filan eləyib düşün ora. O mənada ki, həyat təkcə komfort yaşamaqdan ibarət deyil. Elə olsa, insan çox zəif olar. Düzdü, ora heç kim gedib elə-belə düşmür, amma ordakıların heç də hamısı cani deyil. Pozitiv şeylərə görə də həbsxanaya düşmək olar. Məsələn, hansısa ideologiya uğrunda…”

Onun yas mərasiminə sevimli sənətkarımız, mərhum xalq artisi  İlham Əsgərovla  birlikdə getmişdik. O vaxtdan  ta bu günəcən haqqında  həmişə  nəsə yazmaq istəmişəm.  Hər dəfə də düşünmüşəm ki, Rafiq kimi  qələm sahibini  elə   onun  öz fikirləri ilə təqdim etmək daha yaxşıdır. Deyirdi bizim  “Azərbaycan insanı öz talantlı və nəcibliyi ilə ciddidir. Axtarsan, korrupsionerimiz də ciddidir, canimiz də: milli dəyər daşıyıcılarıdır…”

Rafiqin həbsinə və ölümünə  “səbəb olan” fikirləri  bu gün  bir çoxları da deyir.  Əksəriyyəti  şiə olan xalqın  heysiyyatına toxunan, türkü a.ağılayan, onun tarixi şəxsiyyətlərini, hətta ŞEYXÜLİSLAMINI təhqir edənlər arasında millət vəkilləri də var.  Amma onların  heç  biri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsi  ilə (milli, irqi və dini ədavətin qızışdırılması)  məsuliyyətə cəlb olunmur.

Bu mənada  özünü  ölümünə fətva verən İranın 7  din xadimindən  Allaha yaxın  bilən  və  bədəninin yeddi  yerindən  bıçaqlanan Rafiq  Tağının bəxti də gətirməmişdi. Hər dəfə onun müəmmalı ölümü barədə düşünəndə yadıma   Masallının digər  bəxtsiz  və istedadlı qələm əhli  Böyükxan  PƏRVİZİN bu misraları düşür:

“Yenə haxlımı öldürən,  yenə günahkar ölənmi?”

 Hər ikisinin ruhuna ehtiramla,

 Nurəddin ƏDİLOĞLU.

                                                                                         23.11.2019

 

 

 

Share: