Gənc şair Arzu Hüseynin yaradıcılıq gecəsi keçiriləcək…

Müstəqil.Az bildirir ki, 11 avqust,2019-cu il, saat 12:00-da gənc və istedadlı şair Arzu Hüseynin yaradıcılıq gecəsi keçiriləcəkdir.

Tədbir Sumqayıt şəhəri AYB Qubadlı regional bölməsinin dəstəyi ilə baş tutacaq.

Bütün poeziyasevərləri sözün sehrinə dalmağa, şeirdən mənəvi qida almağa dəvət edirik…

 

Gənc və istedadlı həmkarımıza yaradıcılıq yollarında daha böyük uğurlar arzulayır,sabahkı möhtəşəm gündə hamınızı Arzu Hüseyn sözünün işığına dəvət edirik.

 

Qarşılıqsız.

(Arzu Hüseyn)
Yenə dolaşırıq nəm küçələri,
Göydəki buludun ürəyi dolu.
Eybi yox tanıma, say heçə məni,
Sən Allah bəndəsi, mən Allah qulu.

Payız toxunmayıb güllərə hələ,
Lalələr çəməndə al örpək kimi.
Bəxtimiz uyubdur soyuq yellərə,
İpindən qırılan çərpələng kimi.

İndi sükütuma burunub şəhər,
Lal olub Xəzərin dili dalğalar.
Oturub beləcə alabəxtəvər,
Susaraq, sükütu dinləmək olar.

Çox dildə danışdı sənlə ürəyim,
Nə söz başa düşdün, nə söz anladın.
Yağışdan,doludan gizlənəcəyim,
Bir isti, ocağım, yuvam olmadın.

Özün də tüfeyli, mən də tüfeyli,
Kim bilir qəlbində kimin qəhəri…
Baş alıb qaçırıq öz özümüzdən,
Hər gün tərk edirik biz bu şəhəri.

Hər gün qayıdırıq durnalar kimi,
Yaz eşqi qaytarır bizi geriyə.
Sanki yol gözləyən biri var kimi,
Yenə tələsirik gecikək deyə…

 

Müstəqil.Az

Aysel Səfərli

Share: