“İnsafsız, zamanın harasındasan?!”- Vüsal Ağayevin şeirləri

Müstəqil.Az gənc şair Vüsal Ağayevin şeirlərini təqdim edir:

 

ÖLÜMÜM
 
Bu qədər insanlar niyə toplaşıb?
Nə üçün hamının üzündə qəm var?
Niyə kimsə duymur səsimi mənim?!
Elə bil ki, hamsı olubdular kar.
 
Nə üçün yadıma sala bilmirəm,
Bu üzlər tanışdı haradan mənə?!
Bu nə cür sınaqdı nə cür imtahan?
Bəxş edib nə üçün Yaradan mənə?!
 
Bəs bacım nə üçün qara bağlayıb?
Nə üçün gözləri giryan olubdur?
Axı O cavandı, qara yaraşmır,
Üzünün gülüşü niyə solubdur?!
 
Bəs anam, qardaşım, onlar hardadır?
Kim üçün gəlibdir təcili yardım?
Nə üçün anama iynə vururlar?
Ürəyim dayanır, yaman daraldım.
 
Kimdir o, bəm-bəyaz geyinib yatan?
Bu qədər insandan utanmırmı heç?!
Uzanıb otağın tən ortasında,
Bu qədər səs-küyə oyanmırmı heç?!
 
Bir deyin nə olar qəmin səbəbin,
Nə üçün ağlayır bu qədər insan?
Kim üçün göz yaşın axıdır hamı?
Kimdir o ailəmi üzən, o nadan?!
 
Aman Allah, mənəm, o yerdə yatan?
Nə üçün ismimi zikr edir hamı?
Öldümmü mən indi? Yox deyin, nolar,
Axı var anamın arzusu, kamı.
 
Nə üçün qaldırdız məni yerimdən?!
Niyə ayırırsız anamdan məni?
Anacan, ağlama, qurbanın olum,
Allaha əmanət edirəm səni.
 
Gedirəm, anacan, gedirəm daha
Gedirəm, dönüşü olmayan yola.
Vallah istəməzdim bircə an belə,
O nurlu gözlərin kədərlə dola.
 
Bağışla, anacan, bağışla məni,
Sənin tək vəfalı ola bilmədim.
Sən məni tək qoyub getmədin amma,
Mən sənin yanında qala bilmədim.
 
 
NƏ QƏDƏR DÖZÜM MƏN, NƏ QƏDƏR AXI?
Deyirsən, darıxma, düzələr, keçər.
Nə qədər dözüm mən, nə qədər axı?
Adam günahlardan nə qədər keçər?
Nə qədər dözüm mən, nə qədər axı?
 
Otuz altı ildi bu dərdin yaşı,
Didik-didik olub bağrımın başı.
Sayıb yaraşdırmır qardaş qardaşı,
Nə qədər dözüm mən, nə qədər axı?
 
Bu qədər həqarət, bu qədər təhqir,
İşıqlı dünyada görünməyibdir!
Gəl indi, körpüdən koru sən keçir!
Nə qədər dözüm mən, nə qədər axı?
 
Əlim uzanırsa, əlimi kəsir,
Dinmək istəyirəm, dilimi kəsir,
Dirçəlib, dururam, yolumu kəsir,
Nə qədər dözüm mən, nə qədər axı?
 
Adam da bu qədər qəddar olarmı?
İnsanla bu cürə rəftar olarmı?
Deyirsən, döz! Dözüm! Bir xeyri varmı?
Nə qədər dözüm mən, nə qədər axı?
 
Qınama! Bəlalar çəkən başım var,
Özümə münasib ağlım-huşum var.
Vüsalam, eh:– otuz altı yaşım var,
Nə qədər dözüm mən, nə qədər axı?
 
GƏLİRƏM…
 
Bir az səbirli ol, ay ömrüm-günüm,
Qalan günlərimi sayıb, gəlirəm.
Soyunub cansıxan qəribliyimi,
Sevinci çiynimə salıb, gəlirəm!
 
Elə ki, inamım könlümü sardı,
Müxənnət şübhəmin gözü bozardı.
Səfil düşüncəmi ümid apardı…
Qüssənin cəngini yarıb, gəlirəm!
 
Qəlbim can atdıqca vüsal dəminə,
Xəyalım küsənir ömrün kəminə.
Tamarzı qalmadım hicran qəminə,
Qəriblik yükünü atıb, gəlirəm!
 
Möhnəti bəsləyib, başa yetirdim,
Nahaqda qazandım, haqda itirdim.
Hönkürür arxamca vəfalı dərdim,
Bir təhər ayrılıb, qaçıb, gəlirəm!
 
Vüsalam, bulaqtək axmış, süzülmüş,
Fikri muncuq kimi sapa düzülmüş,
Çətin olsun artıq bu yoldan dönüş
Sözün xəzinəsin açıb, gəlirəm.
 
 
DÜZ ANLA MƏNİ !
 
Ya sıyrıl qılınc tək, ya pas at qında,
Uyuma tərəddüd arasında sən!
Sızlama sim kimi mizrab altında,
İnsafsız, zamanın harasındasan?!
 
Fikirsiz, xəyalsız insan – buz kimi.
Oğurluq atəşdən işıq umma, gəl!
Vədəsiz şığıyan bir ulduz kimi,
Açmamış gözünü tez də yumma, gəl!
 
Nağıldı ömrümüz – naxışlı, çinli,
Əlçatmaz, ünyetməz, dərindən-dərin.
Zirvə yolçusuyuq yoxuşlu, çənli,
Bu yolu getməyə varmı hünərin?
Ağıl səbirlidi, xəyal səbirsiz,
Əzizdi ürəkçün qan da saf su tək.
Tərk edər od-ilham bizi xəbərsiz,
Əyilər qəddimiz qoç buynuzu tək.
 
Sevginin sonu var! Düz anla məni!
İlğım tək azdırar yoxsa o, bizi!
Yetər! Qoşa tutma onunla məni!
Bənzətmə bulağa çılğın dənizi!
 
 
****** GƏL ******
Baharlı çəmənlər,çöllər gül açıb ,
Yuxumu gözümdən qaçırmağa gəl.
Könlüm gəlişinə yenə dil açıb,
Hicran hasarını uçurmağa gəl.
 
Pəncərəm önündə iydə ağacı,
Dönüb bir kamana inləyir külək.
Qayıt , ömür-günüm, başımın tacı,
Quş kimi çırpınır sinəmdə ürək.
 
Gəl, gör ki, aşiqin nə çəkir indi,
Tükənən səbrimin əlindən yapış.
Eşqimin əzəli ,ilki sənindi
Sevdalı aylardan, illərdən danış.
 
Sən aylı, ulduzlu uzun gecəyə,
Nur saçan günəşi, səhəri gətir.
Son qoy bu həsrətə, bu işgəncəyə,
Gəl gülüm,ömürlük həsrəti bitir.
 
Bənövşə ətirli sözümü dinlə,
Qoy, durum, dolanım sənin başına!
Sevinim səninlə, gülüm səninlə,
Səni qərq eləyim gül yağışına.
 
SƏN KİMƏ GƏRƏKSƏN,
MƏN KİMƏ GƏRƏK!
 
Bəxtimiz uğurlu,
ömrümüz nurlu,
ləhcəmiz bülbüldən,
ətrimiz güldən.
Belə bir zamanda
pas atsaq qında,
Sən kimə gərəksən,
Mən kimə gərək?
 
Bir də ki, dünyada
şərəfli ada
ömür-gün qıymasaq,
bir iz qoymasaq,
yaşasaq mürgülü,
diriykən ölü…
Sən kimə gərəksən,
Mən kimə gərək?
 
Əri yavaş-yavaş,
ərinmə, Qardaş!
Sinif otağında,
peşə yağında
alışıb yanmasaq,
işıqlanmasaq,
Sən kimə gərəksən,
Mən kimə gərək?
 
Rəvan dilimizlə,
əməlimizlə,
Nəcib işimizlə,
Vüsal, bir sözlə,
Vətəndaş olmasaq,
cilalanmasaq,
Sən kimə gərəksən,
Mən kimə gərək?
Müstəqil.Az
Share: