Sosial şəbəkələrdə gəncləri tələyə salanlara hökm oxundu ..

Sosial şəbəkələr vasitəsi ilə gəncləri kafeyə görüşə çağırıb, onları hədələyərək pul alan şəxslərin məhkəməsi keçirilib.

Müstəqil.Az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Rakif Xəlilov, Asiman Məmmədov və Arifə Musayevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən İ.Meybullayev 10 il 6 ay, R.Rəhimov 10 il 6 ay, Elnur Balakişiyev 10 il 3 ay, R.Xəlilov 14 il, A.Məmmədov 10 il 6 ay və yetkinlik yaşına çatmayan A.Musayeva isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

A.Musayeva barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə şərti cəza təyin edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, təqsirləndirilən şəxslər sosial şəbəkələr vasitəsi ilə gəncləri Bakıda kafeyə çağırıb, onları külli miqdarda hesab ödəməyə məcbur ediblər. Bu cür cinayət əməlləri barədə sosial şəbəkələrdə geniş məlumatlar paylaşılırdı. Daha sonra vətəndaşların müraciətləri əsasında Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başladılıb.

İstintaq əməliyyatları nəticəsində dəstə üzvləri – Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü R.Xəlilov, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü İ.Meybullayev, Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü R.Rəhimov, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü E.Balakişiyev, Naxçıvan MR sakini, 1989-cu il təvəllüdlü A.Məmmədov və yetkinlik yaşına çatmayan, yəni 2000-ci il təvəllüdlü, Salyan rayon sakini A.Musayeva tutulublar. A.Musayeva barəsində polisin nəzarətinə verilmə qərarı çıxarılıb, digər şəxslər isə həbs ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən A.Musayeva ilk iclasda həbs edilib. Buna səbəb çağırıldığı halda prosesə gəlməməsi olub. Elnur Baxşıyev barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi. O, hökm elan edildikdən sonra məhkəmə zalında həbs edilib.

 

Müstəqil.Az

Share: