Son xəbərlər

replica rolex watches within the quest for the best style simultaneously an ideal blend associated with resourcefulness distinctive daring style .

bodrum escort

Üzdəniraq məruzəyə cavab – Nüşabə Araslı

OKSFORD UNİVERSİTETİNİN PROFESSORU CƏNAB EDMUND HERZİQƏ CAVAB

Oksford Universitetinin Şərqşünaslıq fa­kül­təsinin professoru cənab Edmund Herziq 2017-ci il aprel ayının 15-də Kaliforniya Uni­versitetində “Nizami Gəncəvi Azərbaycan milli şairinə necə çevrildi?” mövzusunda üzdəniraq bir məruzə ilə çıxış etmişdir. Alim başdan-başa yalan, böhtan üzərində qurulmuş, həqiqətdən uzaq olan məruzəsində nəyin bahasına olursa olsun, Azərbaycan xalqının dahi şairi və mütə­fəkkiri Nizami Gəncəvini mənsub olduğu milli zəmindən ayırmağı, onu yetirən ədəbi-mədəni mühiti, yaradıcılığında aydın əksini tapan milli-mənəvi dəyərləri inkar etməyi qarşısına məqsəd qoymuşdur. Bu istəyinə çatmaq üçün elmi-tarixi faktlara söykənməyən məruzəçi qondar­ma mülahizələr irəli sürmüş, sosial-siyasi və mədəni hadisələri təhrif etməkdən çəkinməmiş, dünya miqyasında tanınan nüfuzlu alimlər, görkəmli şəxsiyyətlər, dövlət xadimləri və eləcə də Azərbaycan xalqının ünvanına təhqiramiz fikirlər söyləmişdir.

Edmund Herziqin məruzəsində qədim kök­lü ənənələrə malik olan və dünya mədəniy­yətinə ölməz dühalar bəxş edən Azərbaycan xalqı barədə söylədiyi “erməni, gürcü xalqları ilə müqayisədə çox da qədim olmayan”, “uy­durma tarix və mədəni irs düzəltmək” kimi həqi­qətdən uzaq olan mülahizələr və Azərbaycanı “keçmiş Sovet məkanında milli şairi olmayan yeganə respublika” kimi qələmə vermək cəhd­ləri onun təkcə məsuliyyətsizliyini deyil, həm də elmə və alimə yaraşmayan qərəzli müna­sibətini göstərir. Onun Nizami yaradıcılığından və şairi yetirən ədəbi-mədəni zəmindən xə­bər­sizliyini, dahi sənətkarın Qətran Təbrizi, Məh­səti Gəncəvi, Əbül-üla Gəncəvi, Xaqani Şir­va­ni, Fələki Şirvani, İzzəddin Şirvani, Mücirəddin Beyləqani, Qivami Mütərrizi və başqa azərbay­canlı sələf və müasirlərinin adlarını belə eşit­mə­diyini nümayiş etdirir. Bütün bunlar bizə cənab Edmundun belə yüksək tribunadan nəinki yaxşı bilmədiyi, hətta təsəvvürü olmadığı bir məsələ haqqında mühakimə yürütmək iddiasına düşdüyünü söyləməyə əsas verir.

Buna görə də ilk növbədə məruzəçinin nəzərinə çatdırmaq istəyirik ki, çoxəsrlik qədim tarixi olan Azərbaycan xalqının bədii irsi siyasi və ictimai-ədəbi zərurət üzündən ana dilindən başqa, ərəb və fars dillərində də yazılıb inkişaf etmişdir. Azərbaycanın alim və şairləri Şərq ədəbi ənənələrinə uyğun olaraq uzun müddət elmi və bədii əsərlərini ərəb dilində yazmış, ümumislam mədəniyyətinin yaranma və inki­şafında fəal iştirak etmişlər.

XI əsrdən başlayaraq yalnız Azərbaycan deyil, hind, əfqan, özbək və türk şairləri də əsər­lərini yeni fars-dəri dilində yazmışlar. Qə­dim və Orta fars dillərindən fərqlənən bu dil Yaxın Şərqdə uzun müddət şeir dili olmuşdur. Azərbaycan xalqının dahi şair və mütəfəkkiri Nizami Gəncəvi və bir çox qüdrətli sənətkarları öz əsərlərini fars-dəri dilində yaratmışlar. An­caq bu, dahi Nizaminin, eləcə də fars dilində yazan başqa şairlərin soy-kökünün azərbaycanlı olmasını inkar etmək üçün əsas ola bilməz. Qədim Türk mədəniyyəti və Türk psixologiyası ilə bağlı olan sənətkar tez-tez türk mənşəli söz­lər, danışıq ifadələri və atalar sözləri işlət­miş­dir. Şairin əsərlərinin bədii dilindən bəhs edən tədqiqatlarda Nizaminin şeir dilinin fars şair­lərinin bədii dilindən əsaslı şəkildə fərqləndiyi aydın göstərilir. Bunu İran alimləri də inkar etmirlər. Nizaminin əsərlərində sırf Azərbaycan dilində olan, yalnız türkün başa düşə biləcəyi söz və idiomatik ifadələrlə tez-tez qarşılaşırıq.

Azərbaycan nizamişünaslarının əsərlə­rin­də təkzibedilməz dəlillərlə sübut edilmişdir ki, Nizami “Xəmsə”sində hadisələrin harada baş verməsindən asılı olmayaraq əhvalatların ço­xunu Azərbaycanla bağlamışdır. Şair Azər­bay­can ərazisində olan İnhiraq adlı dağın adını çəkərək (tədqiqat bu dağın Kəpəz olduğunu müəyyənləşdirmişdir), onun keçmiş əzəməti ilə bərabər, zəlzələdən sonrakı acınacaqlı vəziy­yətindən də söz açmış, Dezaqna adlı bir qala haqqında məlumat vermişdir.

وز آن کوهی که خوانند انحراقشسری بینی فتاده زیر ساقش

(O İnhiraq adlanan dağdan sən qolunun altına düşmüş bir baş görərsən).

Öz əsərlərində Gəncədən böyük məhəb­bətlə söz açan Nizami “Sirlər xəzinəsi”ndə gən­cəli olmasını qürurla bildirmiş, Gəncənin o za­mankı vəziyyətindən bəhs etmişdir. “Xosrov və Şirin” poemasında Şapurun dili ilə Bərdə hökm­darı Əfrasiyab soylu Məhin Banudan, onun ədalətindən, qardaşı qızı Şirinin gözəl­liyindən, əhatəsində olan at minən, ox atan türk qızlarının qoçaqlığından və ovçuluq məharət­lərindən heyranlıqla danışmışdır. Nizami bu poemasında hadisələrin mühüm bir hissəsinin həm də Azərbaycan torpağında getdiyini gös­tər­mişdir.

Şair “Leyli və Məcnun” poemasında “Şə­ki alması”nı bənzətmə kimi işlətmişdir. “İskən­dərnamə”də qəhrəmanı İskəndəri Azərbaycana gətirmiş, Bərdənin keçmişindən, hətta quş südü də tapılan bərəkətli torpağından, onun bol ne­mətlərindən, yaz-qış ölkəni bəzəyən çiçəklə­rin­dən, Nüşabə adlı, aslan təbiətli, ağıllı hökm­darından bəhs etmişdir. Şair onu İskəndər şahla qarşılaşdırmış, ölkələr fəth edən əzəmətli hökm­darın zəka və hünər sahibi olan Nüşabə qarşı­sında baş əydiyini göstərmişdir. Nizami bu əsə­rində Azərbaycandakı atəşkədələr haqqında da məlumat vermiş, xalqın maddi və mənəvi sər­vətlərinin qorunduğu bu atəşkədələrin İskəndər tərəfindən dağıdılmasının Azərbaycan mədə­niy­yətinə vurulan ağır zərbə olduğunu təəssüflə bildirmişdir.

Onu da qeyd edək ki, İran alimi Bərat Zəncani “İskəndərnamə” əsərindəki Bərdənin tərifini Firdovsinin “Şahnamə” poemasındakı Mazandaranın tərifindən təsirlənərək qələmə almasını, Mazandaranı vəsf edən sələfi kimi doğ­ma Bərdəni məhəbbətlə təriflədiyini bildirir.

Həqiqətdə isə məzmunla bağlı və tarixə müraciətlə yazılmış “Bərdənin tərifi” şairin öz təbiətinin məhsulu olub, bəlkə də, Firdovsiyə cavab, şairin öz sələfi ilə sənət yarışıdır. Hər iki şairi yüksək vətənpərvətlik ruhu və təsvir obyektinə məhəbbət birləşdirir.

Bununla belə, nizamişünas alimin bu qey­di Nizaminin Azərbaycanla bağlılığının təsdiqi kimi diqqəti çəkir. Yəni Mazandaran Firdovsi üçün nə olmuşdursa, Bərdə də Nizami üçün eyni dəyər kəsb etmişdir. Tasadüfi deyil ki, Nizami “İskəndərnamə”sində Bərdənin zəma­nə­sindəki acınacaqlı vəziyyətini ürəkağrısı ilə təsvir edir. Doğma xalqının vətənə olan sev­gisini yaxşı bilən, onun qurub-yaratmaq iste­dadına inanan şair Bərdənin tezliklə əvvəlki əzəmətini qaytara biləcəyini də inamla söyləyir:

در آن بوم آباد و جای مهان

زمانه بسی گنج دارد نهان

بدین خرمی گلستانی کجاست

بدین فرخی گنجدانی کجاست

(Bu abad diyarda, böyüklər yurdunda zəmanə çox xəzinələr gizlətmiş. Bu şənlikdə gü­lüstan harda var, belə səadətli xəzinə harda var).

Nizami “İskəndərnamə”ni yazmazdan əv­vəl də “Xosrov və Şirin” əsərində Bərdədən, das­tanın oradakı əlyazma nüsxəsindən bəhs etmiş, Bərdənin yaşlı adamlarından bu barədə məlumat topladığını və əsəri də onların təşviqi ilə qələmə aldığını bildirmişdir.

Vətənpərvər sənətkar əsrarəngiz təbiət təsvirlərində Azərbaycanın təbii və mənəvi zən­ginliklərini, Bərdənin yaşıl çəmənliklərini, Kə­pəz dağının əzəmətini ilhamla tərənnüm et­miş­dir. Nizami doğma vətəni Gəncədə baş vermiş zəlzələdən də ətraflı bəhs etmiş, onun xalqa gə­tir­diyi ağır fəlakətləri dərin kədərlə xatırla­mış­dır:

Qopdu bir zəlzələ yeri oynatdı,

Şəhərlər dağılıb yerlərə batdı.

Dağ-daş sarsılaraq qopub uçanda,

Fələk toz altında qalır bir anda.

Fələk zəncirinin həlqələritək,

Yerin bəndləri də ayrıldı tək-tək.

Nizami Gəncənin zəlzələdən sonrakı və­ziy­yətindən, viran qalmış binaların bərpa­sın­dan, şəhərdə aparılmış abadlıq işlərindən də söz açmışdır.

Azərbaycan nizamişünaslığında Nizami­nin şifahi xalq ədəbiyyatı, folklor yaradıcılığı ilə bağlılığına xüsusi diqqət yetirilmiş, “Kitabi-Dədə Qorqud” eposunun Nizami sənətinə təsiri konkret faktlar və müqayisələr əsasında üzə çı­xa­rılmış, şairin doğma xalqın tarixi taleyi və mədəniyyəti ilə bağlı sözlər, idiomlar, atalar söz­ləri və məsəllər işlətməklə fars sənətkar­la­rın­dan fərqləndiyi də sübuta yetirilmişdir. Şairin əsərləri ilə qədim Azərbaycan nağılları və das­tanları arasındakı oxşarlıqlar da müfəssəl araş­dırılaraq oxuculara çatdırılmışdır.

Nizaminin əsərlərində “Dədə Qorqud” dastanları üçün xarakterik olan “xatun”, “çalış”, “sancaq”, “külüng”, “qəlavuz”, “yaylaq”, “ya­ğı”, “tutuq”, “tutmac”, “alacuq”, “yataq”, “ye­dək”, “yaraq” və başqa Azərbaycan sözlərini ol­duğu kimi [5], “xanlar-xanı”, “Ağ tozlu yay”, “dəmir don”, “at oynatmaq”, “gözə gəlmək”, “göz dəymək”və başqa ifadələri fars dilinə tərcümə edərək işlətmişdir.

Şairin “Yeddi gözəl” əsərində rastlaş­dı­ğı­mız:

دختری داشت دلربای شگرف

چهره چون خون زاغ برسر برف

(Ürək ovlayan, gözəl qızı vardı. Sifəti qar üzərindəki qarğa qanına bənzəyirdi).

– beyti bizə “Kitabi-Dədə Qorqud”da qarşı­laş­dığımız “Qar üzərinə qan dammış kimi qızıl yanaqlım” təsvirini xatırladır.

Dediyimiz kimi, bu haqda nizamişünaslıq və qorqudşünaslıqda xeyli araşdırmalar apa­rıl­mış və maraqlı fikirlər söylənmişdir. Məlumat üçün məruzəçiyə Azərbaycan qorqudşünasları və nizamişünaslarının əsərləri ilə tanışlıq ki­fayət edərdi.

Nizaminin qəzəllərinin birində belə bir beyt­lə qarşılaşırıq:

داغ کن داغم که صید لاغرم

آن نمی ارزد که قربانم کنی

(Mən arıq ovam, dağımın üstündən dağ vur, məni qurbanlıq etməyə dəyməz).

Bu beytdə şairin “seydi-lağər” (arıq ov) bənzətməsi “Kitabi-Dədə Qorqud”da xatırlanan bir adəti yada salır. Ovçuluq qanunlarına görə təcrübəli ovçu arıq ovu öldürməməli, ona öz damğasını vurub buraxmalıdır. Nizami “Yeddi gözəl” əsərində Bəhramın cavan gurun qanını haram saydığını, buna görə də onları öldür­məyib damğasını vuraraq azad etdiyini yazır. Bu motiv “Kitabi-Dədə Qorqud” abidəsindəki “Bəkil oğlu Əmranın boyu”nu xatırladır.

Həmin boyda dastanın qəhrəmanlarından olan Bəkil haqqında deyilir: “Üç yüz altmış atlı alp ata minsə, qınalı keyik üzərinə yürüş olsa, Bəkil nə yay qurardı, nə ox atardı. Haman yayı yeləyindən çıxarardı, buğanın, sığının boynuna atardı, çəkib durğurardı. Arıq olsa, qulağını dələrdi, av da bəlli olsun deyü, amma simiz olsa, boğazlardı”. Nizami də qəzə­lində “seydi-lağər” – arıq ov bənzətməsi ilə ovçuluqla bağlı olan bu qaydanı nəzərdə tutur.

“Leyli və Məcnun” əsərində oğlunu acı­na­caqlı vəziyyətdə görən ata öz müsibətini pa­pağını çıxarıb yerə vurmaqla nümayiş etdirir.

چون دید پدر بحال فرزند

آهی بزد و عمامه بفکند

(Oğlunun halını görəndə, ata ah çəkib əm­maməsini yerə atdı).

“Kitabi-Dədə Qorqud”da Beyrəyin ölü­mü­nü Qazan xana çatdıran igidlər də onun qarşısında sarıqlarını yerə atırlar “Sarıqlarını yerə urdular: – Beyrək – deyü çox ağladılar”…

Nizaminin əsərlərindəki “Təngiye-posteye-şəkər sekənəş” (Şəkər tökən ağzının püstə kimi darlığı), “rox ço sibi ke delpəsənd bovəd” (alma kimi ürək bəyənən yanaq), “rəsəni-zolf ta bedamən biş” (zülfü ətəyindən uzun) və başqa bu kimi ifadələr “Kitabi-Dədə Qorqud” das­tan­larını yada salır: “Qoşa badam sığmayan dar ağızlım”, “Güz almasına bənzər al yanaqlım”, “Topuğunda sarmaşanda qara saçlım”.

Nizami əsərlərində yer alan yuxu görmək, atın tərifi, ürəyin döyünməsi, gözün səyrimə­sinin baş verəcək uğursuzluqlardan xəbər ver­məsi və başqa inam və sınamaları “Kitabi-Dədə Qorqud” dastanlarında da görmək mümkündür. “Xosrov və Şirin”də Şirin Xosrovun gizlicə sa­raya gəlmək təklifini ona çatdıran Şapura deyir:

دلم می جست و دانستم کز ایام

زیانی دید خواهم کام و ناکام

بلی هست آزموده در نشانها

که هر کش دل جهد بیند زیانها

کنونم می جهد چشم گهر بار

چه خواهم دید بسم الله دگر بار

(Ürəyim döyündü bildim ki, zəmanədən, istər-istəməz ziyan görəcəyəm. Bəli, bu sınan­mışdır ki, kimin ürəyi döyünsə, ziyan görər. İndi gövhər yağdıran (ağlayan) gözüm səyriyir, bismillah, daha nələr görəcəyəm).

“Kitabi-Dədə Qorqud”da ovdan qayı­dan­lar içərisində oğlunu görməyən Dirsə xanın qadını da: “Çıxsın mənim gözlərim, Dirsə xan, yaman səyrir” – deyir.

Hər iki nümunədə gözün səyriməsi uğur­suzluqdan xəbər verən əlamət kimi mənalan­dırılır.

Nizaminin doğma xalqına məhəbbətindən bəhs edərkən şairin əsərində rəğbətlə təsvir etdiyi türk mənşəli qadınlardan da danışmaq la­zım gəlir. Nizami Xosrov şahın mənəvi boş­luq­dan xilas olub elmlə, həyat və kainatın sirlərilə maraqlanan ədalətli şaha çevrilməsində Əfra­siyab soylu Şirinin rolunu xüsusi rəğbət hissi ilə oxucuya çatdırmışdır. Bəhram şahı öz ağıl, tədbir və iradəsi ilə məğlub edən Fitnə, döyüş meydanlarında adlı-sanlı qəhrəmanlara üstün gələn Nistəndərcahan surətlərində də “Kitabi-Dədə Qorqud” dastanlarının təsiri aydın duyu­lur.

Nizami ümumtürk mədəniyyətinə yaxın­dan bələd olmuş, Azərbaycan ədəbiyyatının ən qədim nümunəsi olan “Kitabi-Dədə Qorqud”la yanaşı, Yusif Xas Hacibin “Qutadqu bilik”, Mahmud Qaşqarinin “Divanü-luğatit-türk” əsər­lərini dərindən öyrənmişdi. Şair “Qutadqu bi­lik”də müəllifin xalq səadəti, firavan həyat, hökmdar və xalq münasibətləri, ölkənin əda­lətlə idarəsi, yüksək əxlaq, mənəvi təmizlik, qüsursuz cəmiyyət haqqındakı düşüncələri ilə səsləşən mülahizələr söyləmişdir.

Nizami əsərlərini Mahmud Qaşqarinin “Divanü-luğatit-türk”ünə yaxınlaşdıran mə­qam­lar da çoxdur. Mahmud Qaşqarinin lüğətində yer alan “amac”, “sav”, “yedək”, “ikdiş”, “busərək”, “tutmac”, “çalış”, “yaylaq” və başqa türk sözlərinin Nizami poemalarında da iş­lən­diyini görürük.

Hər iki müəllifi türk xalqlarına olan xü­susi rəğbət, türk xalqlarının mədəni-mənəvi ir­silə yaxından tanışlıq və məhəbbət ruhu bir­ləşdirir. Mahmud Qaşqari “Divan”ında türk­lərdə gözəllik, ədəb, böyüyə hörmət, igidlik, mərdlik, bilicilik kimi yüksək sifətlər olduğunu xüsusilə nəzərə çatdırmışdır. Bu da Nizami sənətinin ümumi ruhu ilə yaxından səsləşir. Nizami əsərlərində də “türk” sözü öz həqiqi etnik mənası ilə yanaşı, həm də “gözəl”, “ül­viyyət”, “müdriklik”, “igid”, “başçı” anlam­la­rında işlənir.

Belə səsləşmələr Nizami ilə türk xalq ya­radıcılığı, türk müəllifləri arasında olan ideoloji-mənəvi yaxınlığı göstərir. Nizami doğ­ma abi­dələrin bədii özünəməxsusluqlarından da öz fərdi bədii düşüncəsinə uyar poetik oriji­nallıqla bəhrələnmişdir. Dediklərimizə dair çox­lu nü­mu­nələr gətirmək olar. Ümumiyyətlə, Nizami sənətinin qədim türk abidələri ilə fikri-poetik bağlılıqları monoqrafik tədqiqat möv­zusudur.

Ümumən, türkologiya elminə dair heç bir məlumatı olmayan məruzəçi cənab E.Herziq yəqin ki, fars ziyalılarının Əfzələddin Xaqani və Nizami Gəncəvinin əsərləri haqqında “Buye tork miyayəd” (“Türk qoxusu gəlir”) demə­sin­dən də xəbərsizdir. Nizaminin qədim türk mədəniyyətinə bağlı olduğunu, əsərlərin­dəki türk əhvali-ruhiyyəsini, türklük və türk məişətindən qaynaqlandığını bütün bunlardan xəbərsiz olan məruzəçinin diqqətinə çatdırmaq istərdik. Fikrimizcə, VIII-XI əslərdə bütün Ya­xın Şərq alimlərinin birgə səyi ilə yaradılmış ümumislam mədəniyyətində Azərbaycanın alim və şairlərinin mühüm rolu olduğunu E.Herziqin yadına salmaq da yersiz olmaz.

Nizami Gəncəvi Yaxın Şərqdə elm və mədəniyyətin inkişafında böyük rolu olan Səl­cuqları ədalətli dövlət adamları kimi qiymət­ləndirmiş, “Xəmsə”nin ilk əsəri olan “Sirlər xəzinəsi”nin “Sultan Səncər və qarı” hekayə­sin­də qoca qarının dili ilə:

دولت ترکان که بلندی گرفت

مملکت از داد پسندی گرفت

چون که تو بیدادگری پروری

ترک نه ای هندوی غارتگری

(Türklərin dövləti ucaldığı zaman, ölkə ədalətlə bəzənmişdi, sən ədalətsizlik (zülm) bəslədiyin üçün türk deyilsən, qarətgər hind­lisən) – demişdir.

Nizami sələfi Xaqanini izləyərək İranın əzəmətli şahları ilə yanaşı, qədim türk hökm­darları, sərkərdələri Əfrasiyab, Qaraxan, Qədir­xan, Toğrul, Məlikşah adlarını da əzəmət və qüdrət rəmzi kimi anmışdır. “Xosrov və Şirin” poemasında Azərbaycan hökmdarı Məhin Banu qardaşı qızı Şirini Xosrov qarşısında alçal­maq­dan çəkindirmək məqsədilə etdiyi nəsihətində Şirinə ilk növbədə onun soy-kökünü xatırladır:

گر او ماه است ما نیز آفتابیم

وگر کیخسرو است افراسیابیم

(Əgər o,/yəni Xosrov/ aydırsa, biz də gü­nəşik. Əgər o, Keyxosrovdursa, biz də Əfra­siyabıq) – deyir.

Nizaminin fars araşdırıcılarının doğru-düzgün izah edə bilmədiyi türk xalq rəvayətləri və əfsanələrinə, görkəmli türkoloqlardan V.Rad­lof, Bariber de Meynard, V.A.Qordlevski, A.Zaynçokovski, Ö.Aksoy tərəfindən türk­ mən­şəli olduğu təsdiq edilən deyim və xalq mə­səllərinə müraciəti, “Əyri oturub, düz danış­maq”, “Günəşi palçıqla suvamaq”, “Görünən kəndi xəbər almaq” və onlarla belə deyimlərdən faydalanması onun doğma ana dilinin incəlik­lərinə dərindən bələd olduğunu aydın göstərir. Bunu XVI əsr türk ədəbi-bədii fikrinin gör­kəm­li nümayəndəsi Qüvahinin “Pəndnamə”sində toplanmış türk atalar sözlərinin Nizami əsər­lə­rindəki eynilə tərcüməsi də təsdiq edir.

Güvahinin 1526-cı ildə yazdığı və Ana­doluda xalq içərisində işlənən türk atalar söz­ləri, deyim, xalq məsəlləri, hekayə və lətifələrin məcmusu olan bu əsərində əksini tapan nümu­nələrin Nizami poemalarında farsca tərcümə­lə­rilə qarşılaşırıq.

Güvahi “Pəndnamə”sində verdiyi bir öyüdlə bağlı olaraq “su sənəyi suda sınar” xalq məsəlini belə işlədir:

Həmin anlayana bu məni yetər

Ki, axər sulu sənək suda sınar.

Bu məsəli Nizami “İskəndərnamə”də İs­kən­dərin anasına yazdığı məktubunda belə ifa­də edir:

که گر قطره شد چشمه بدرود باد

شکسته سبو بر لب رود باد

(Əgər qətrə getdisə, çeşmə sağ olsun, su sənəyi suda sınar).

Güvahinin əsərində oxuyuruq:

 

Yalunuz iş tutuban umma uzlik,

Ki, Tanruya yaraşur yalunizlik.

 

Nizami “Xosrov və Şirin” əsərində yazır:

ترا از یار نگریزد بهر کار

خدایست آنکه بی مثل است و بی یار

(Sən hər işdə yoldaşla ol ki, taysız və yol­daşsız ancaq Tanrı ola bilər).

“Pəndnamə”də belə bir atalar sözünə rast gəlirik:

Dirilən murği-çabuk naçar,

Olur iki ayağından giriftar.

Bu atalar sözü Nizaminin “Yeddi gözəl” əsərində belə işlənir:

مرغی زیرک بجستجوی طعام

بدو پای اوفتد همی در دام

Bu cür oxşar nümunələrin sayını istənilən qədər artıra bilərik. Bütün bunlar Güvahinin əxlaqi-didaktik görüşlərilə Nizaminin həyati baxışları arasında bir yaxınlıq olduğunu gös­tərir.

Azərbaycan danışıq dilinə aid ifadə və deyimlərin Nizami əsərlərindəki bədii əksinə diqqət edək:

بیا تا کج نشینم راست گویم

چه خواریها کز و نامد برویم

(Gəl əyri oturum, düz danışım, ondan nə əziyyət qaldı ki, mənə yetişməsin?)

زخلق آنچنان برد پیوند را

که سگ وا نبیند خداوند را

(Xalqdan o qədər ayrılmışdı ki, it yiyəsini tanımırdı).

چنینزدمثلشاهگویندگان

که یابندگانندجویندگان

(Söz deyənlərin şahı belə məsəl çəkdi ki, axtaran tapar).

امروزمگرچهخوردهامدوش

کانخودسخنی بودفراموش

(Bu gün dünən nə yediyim yadımdan çıxır).

Nizaminin əsərlərində “başımı qaşımağa vaxtım yoxdur”, “qarışqanı da incitməmək”, “iynə atmağa da yer yox idi”, “başından bir tük də əskik olmasın”, “qoyun quzu ilə otlayır” və başqa türk danışıq ifadələrinin tərcüməsi də diqqəti cəlb edir.

Göründüyü kimi, şair türk xalqları içəri­sində geniş yayılmış danışıq ifadələrini farscaya çevirmişdir.

Nizaminin əsərlərində türk xalq məsəlləri, atalar sözləri də geniş işlənir. Bunların çoxu türk xalqının məhsulu olub, türk psixolo­giya­sını əks etdirir. “Bir qarğa kəklik kimi səkmək istədi, öz yerişini də itirdi”, “elnən gələn qara gün bayramdır”, “pişik balasını istədiyindən yeyər”, “ilan vuran ala çatıdan qorxar”, “beş barmağın beşi də bir olmaz”, “oddan kül törər”, “vaxtsız banlayan xoruzun başını kəsərlər”, “nərdivana pillə-pillə çıxarlar”, “qaradan artıq rəng olmaz” və başqa nümunələr şairin xalq ədəbiyyatına dərindən bələdliyini, bu bitməz-tükənməz xəzinədən məharətlə bəhrələndiyini göstərir. “Nizaminin doğma xalqdan aldığı ifa­dələri, atalar sözləri və məsəllərin hamısını diq­qətə çatdırmaq üçün cildlərlə əsər yazmaq la­zım gələr”.

Nizami Gəncəvinin türk dilinə həssas mü­nasibəti ifadəsi onun türk adlarından poetikliklə faydalanmasında da özünü göstərir.

Əlaəddin Körpə Arslanın tərifinə həsr edilən fəsildə belə bir beytlə rastlaşırıq:

همسرآسمان وهمکف ابر

هم بت نشیر وهم بنام هژبر

(Asimanla baş-başa duran, bulud kimi ələ malik (səxavətli), həm bədəncə şirdir, həm də adı Şirdir).

 

Dahi şair son misrada şahın həm bədəncə, həm də adı ilə şirə bənzədiyini bildirərkən “Arslan” sözünün türkcə mənasını da diqqətə çatdırır.

Nizami Çin xaqanının İskəndərə hədiyyə göndərdiyi şahini belə xarakterizə edir:

طغان شاه مرغان طغرل بنام

به سلطانی اندر چو طغرل تمام

(Quşların toğan şahı, adı Toğrul, sultan­lıqda Toğrul kimi tamamdır).

Bu beytdə də Nizami şahinin türkcə adın­dan poetik baxımdan faydalanaraq onun eyni zamanda sultanlıqda Toğrul kimi olduğunu diq­qətə çatdırır. Bu misrada da “Toğrul” həm “şahin”, həm də Toğrul şah mənasında anlaşılır.

الانی سواری قرنجه بنام

هنـرهـا نـمــوده بـه شـمشيـر و جـام

قرنجه چو ديد آنچنـان دسـت زور

سپـر بـر كتـف دوخـت چون پرمور

(Qarınca adında bir süvari qılınc və camla hünərlər göstərirdi. Qarınca belə qüvvəti görcək qalxanını qarışqa qanadı kimi çiyninə çəkdi).

Fars oxucuları üçün asan anlaşılmayan bu misralarda qarınca (qarışqa) sözünün farsca tər­cüməsi olan “mur” kəlməsini də işlətməklə Ni­zami türk dilinin incəliklərindən bəhrələn­mək hünərini nümayiş etdirmişdir.

Bütün bunlar bir daha təsdiq edir ki, dahi sənətkar əsərlərini farsca yazmasına baxma­ya­raq, həmişə bir türk, bir azərbaycanlı kimi dü­şünmüş və doğma dilin ifadə imkanlarından faydalanmaqla yeni bir poetik məktəbin əsasını qoymuşdur.

Şərq klassik poeziyasında Nizami ənənə­lərini davam etdirən “Xəmsə” müəllifləri, eləcə də Nizamidən təsirlənən sənətkarların çoxu sə­ləfləri ilə bağlı elmi-bədii düşüncələrində şairin Gəncədən olmasını dəfələrlə qeyd etmiş, onu “Gəncə dahisi”, “Gəncəli ustad”, “Gəncə xə­zinədarı”, – deyə hörmətlə xatırlamışlar. Böyük özbək şairi Ə.Nəvai “Xəmsə”sinin bütün poema­larında Nizaminin mədhinə ayırdığı xü­susi fə­sillərdə sələfinin vətəni Gəncə olduğunu anaraq yazmışdır:

Gəncə vətən, könlü onun gəncxiz

Xatiri gəncurü, dili gəncriz.

“Leyli və Məcnun” əsərində oxuyuruq:

Nəzm əhlinin əfsəhi kəlamı,

Söz durrigə müntəzəm Nizami.

Ol Gəncədə gənctək nihani,

Beş gənc qoyub,vəli nişani.

Gətirilən nümunələr Azərbaycan dilinə uy­ğunlaşdırılmışdır.

Belə nümunələrin sayını istənilən qədər artırmaq olar. Nizami özü də söz sənətinin ma­hir sehrkarı olduğunu bildirərkən Gəncəni də sehrkarlar yurdu Babil ilə müqayisə edərək:

بابل من گنجۀ هاروت سوز

(Mənim Babilim Harutu yandıran Gən­cədir) – deyir.

Şair Gəncəyə bağlılığını xüsusilə diqqətə çatdırmaq üçün əsərlərini Gəncənin mənəvi sər­vəti hesab etdiyini bildirmişdir. “İskən­dər­na­mə”də şeir oğrularından şikayətlənərkən yazır:

نهان مرا آشکارا برند

ز گنجه است گرچه بخارا برند

(Mənim gizli mənalarımı aşkar oğurla­yırlar. Əgər Buxaraya aparılsa da, onlar Gən­cəyə məxsusdur).

Nizaminin ilk davamçısı kimi tanıdığımız Əmir Xosrov Dəhləvi “Şirin və Xosrov” əsə­ri­nin başlanğıc fəsillərində Nizamini xatırla­yar­kən:

اگر چه قیمت ترکان بود بیش

برد هندو هم آخر قیمت خویش

(Türklərin qiyməti yüksək olsa da, hind­linin də öz qiyməti var) – deməsi də Nizaminin türk mənşəli olduğuna işarədir.

Gördüyümüz kimi, Nizaminin orta əsr­lər­də yetişən davamçılarının əksəriyyəti onun Gən­cəli olduğunu xüsusi vurğulamışlar. Dedik­lərimizə çox nümunə gətirmək olar. XX əsr türk şairi M.F.Gürtunca Nizaminin “Leyli və Məcnun” əsərinin türk dilinə tərcüməsinə yaz­dığı müqəddiməsində Nizaminin Ayasofiyada təsadüf etdiyi bir əlyazmasında şairin milli mən­subiyyətilə bağlı belə bir beytə təsadüf etdiyini yazır:

پدر بر پدر مر مرا ترک بود

بفرزانگی هر یکی گرگ بود

Mənim babam, atam türk idi,

Ağıl və hikmətdə hər biri (bir) qurd idi.

Edmund Herziq tutarlı dəlil gətirmədən bu beytin də Nizamiyə mənsub olmasına qəti etiraz etmişdir. Biz isə bunun Nizaminin soy-kökü ətrafında aparılan mübahisələrin yersiz­liyinə bir dəlil olduğunu bildirmək istəyirik.

Göründüyü kimi, Nizami Gəncəvinin ya­radıcılığında dahi sənətkarın doğma mühitindən ayrılmazlığını göstərən faktlar və dəlillər çox­dur. Biz isə bu yazımızda onların bir qismindən bəhs etdik. Ancaq bu dediklərimiz də Niza­minin qədim türk mədəniyyəti və türk aləminə bağlılığı, onun həyata və təbiətə münasibəti, sosial-siyasi baxışları və milli-bəşəri dünya­gö­rüşü haqqında aydın təsəvvür yaradır. Cənab Edmund Herziqə dünya şöhrətli Azərbaycan şairi Nizami Gəncəvinin irsi ilə tanış olmağı, şairin yaradıcılığı haqqında aparılan tədqi­qat­lara nəzər salmağı bir daha tövsiyə edir və dahi sənətkarın aşağıdakı beyti ilə yazımızı yekun­laşdırırıq:

سخن کان نه برراستی ره برد

بود خوار اگر پایه بر مه برد

Doğruluq yolunu tutmayan sözlər

Aya ucalsa da, qiymətdən düşər!

Nüşabə ARASLI

AMEA-nın müxbir üzvü

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

 

Share:

seo