Ürəklərə işıq saçan insan.Təbib və böyük şəxsiyyət ömrü:Professor Rəşad Mahmudov – Leyla Məcidova yazır

Ürəklərə işıq saçan insan.Təbib və böyük şəxsiyyət ömrü:Professor Rəşad Mahmudov – Leyla Məcidova yazır

 

​Hər bir dövrün öz qəhrəmanları, elin-obanın sevgisini qazanmış nurlu şəxsiyyətləri olur. Onlar öz xalqının, millətinin, hətta bütövlükdə bəşəriyyətin ağrı-acısına şərik çıxaraq, fədakarlıqları ilə könüllərdə taxt qururlar. İnsanlara yenidən həyat bəxş edən, sönməkdə olan ümid çıraqlarını yandıran, sinələrdə döyünən ürəklərə həyat ritmini qaytaran gözəl insan, tanınmış ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, əməkdar həkim, millət vəkili Rəşad Məmmədqulu oğlu Mahmudov məhz belə unudulmaz və müqəddəs ömür sahiblərindəndir. O, təkcə neştəri ilə həyat qurtaran cərrah deyil, həm də neçə-neçə soydaşımızın mənəvi sığınacağı, prof. Səyyad Ağayevin yazdığı kimi “Ürəklərə toxunan insan” kimi sevilən unikal bir xarakterdir.
​Rəşad Mahmudovun həyat salnaməsi rəsmi sənədlərdə 18 yanvar 1974-cü ildən başlansa da, onun taleyinin gerçək tarixi yanvarın 14-dən 15-nə keçən soyuq, şaxtalı bir gecədə nura qərq olub. Yaşıllıqlara bürünmüş, sirli-sehrli Cənub bölgəsinin əsrarəngiz güşələrindən olan Astara rayonunun Təngərüd kəndində, halal zəhməti, alicənablığı və ziyalılığı ilə tanınan Məmmədqulu müəllimin ocağında dünyaya göz açan bu nurlu insan, hələ ilk addımlarından öz zəkası, hazırcavablığı və kitaba olan sonsuz sevgisi ilə həmyaşıdlarından seçilirdi. Ətrafındakı hər kəs onun fərqli bir taleyin sahibi olacağını duyurdu. İllər ötəcək, Təngərüdün saf və işıqlı mühitində boya-başa çatan, Astara şəhər Səməd Vurğun adına orta məktəbi parlaq zəka və yüksək nəticələrlə bitirən bu gənc, öz doğma yurdundan ayrılaraq elm və təhsil ardınca qardaş ölkəsi Türkiyəyə üz tutacaqdı.
​Türkiyənin İzmir şəhərindəki nüfuzlu Dokuz Eylül Universitetinin Tibb fakültəsinə qəbul olan Rəşad həkim, tələbəlik illərində zəhmətkeşliyi və dərin biliyi ilə müəllimlərinin, tələbə yoldaşlarının böyük hörmətini qazandı. Daha sonra Ege Universitetinin Ürək-damar cərrahiyyəsi kafedrasında magistratura və doktorantura pillələrində təhsilini davam etdirərək tibb elminin ən çətin, enişli-yoxuşlu zirvələrini fəth etməyə başladı. Lakin onun xaricdə qazandığı uğurlar təkcə bir fərdin qələbəsi deyildi, bu, gələcəkdə Azərbaycan tibbinin simasını dəyişəcək böyük bir missiyanın başlanğıcı idi.
​Rəşad Mahmudovun həyatında və peşə seçimində ən kövrək, ən mənəvi və həlledici dönüş nöqtəsi atasından aldığı son məktub olub. Atası Məmmədqulu müəllim 1998-ci ildə yazdığı həmin tarixi məktubda sevimli oğluna böyük bir qürur və sevinclə bildirirdi ki, Bakıda amerikalı məşhur ürək cərrahı Maykl Debeyki Ulu Öndər Heydər Əliyevlə görüşüb və Azərbaycanda böyük bir ürək mərkəzinin təməli qoyulacaq. Atası gənc Rəşada sevinə-sevinə yazırdı ki, Vətənə qayıdıb öz xalqına xidmət etmək üçün artıq gözəl şərait yaranır, dərslərinə ürəklə davam etsin. Əfsuslar olsun ki, bu məktubdan cəmi səkkiz ay sonra — 1999-cu il aprelin 19-da Məmmədqulu müəllim qəfil ürək tutmasından dünyasını dəyişdi. Həmin vaxt ata itkisinin ağır acısını yaşayan gənc həkim, atasına yardım edə bilməməyin nisgilini qəlbində böyük bir vədiyyəyə çevirdi. O, öz həyatını xalqının ürək döyüntülərinə, minlərlə insanı yaşatmağa həsr etməyi qarşısına məqsəd qoydu. Bəlkə də tale ona görə onu cərrah etdi ki, atasının yarımçıq qalmış arzularını, eləcə də Ulu Öndərimizin vaxtilə Astarada zəhmətkeşlərlə görüşərkən Məmmədqulu müəllimlə yan-yana durduğu o, tarixi fotonun mənəvi borcunu ödəsin. Başqalarının atalarını, övladlarını, sevdiklərini yaşatmaq missiyası elə bu nisgildən, bu mənəvi borcdan doğdu.
​Vətənə qayıdan Rəşad Mahmudov Azərbaycanın müasir ürək cərrahiyyəsinin canlı əfsanəsinə, novator və cəsarətli addımları ilə səhiyyə tariximizə möhür vuran bir korifeyə çevrildi. O, 2009-cu ildə ölkəmizin səhiyyə tarixində ilk dəfə olaraq xəstəyə süni ürək transplantasiyasını uğurla icra etdi. Bununla da kifayətlənməyərək, ölkəmizdə ilk dəfə yüksək epidural anesteziya ilə açıq ürək əməliyyatını, qapalı üsulla anadangəlmə ürək qüsurlarının müalicəsini, aorta damarlarının dəyişdirilməsini və “Impella” ilə “Berlin Heart EXCOR” cihazlarının tətbiqini yüksək peşəkarlıqla reallaşdırdı.
​Onun xilaskar neştəri yalnız respublika daxilində deyil, beynəlxalq tibb aləmində də böyük əks-səda doğurdu. 5 yaşlı pasiyent üzərində eyni cərrahi seansda icra etdiyi qaraciyər transplantasiyası və aorta-koronar şuntlama əməliyyatı dünya tibb tarixində ilk tətbiq nümunəsi kimi qəbul olundu. Bu unikal təcrübə dünya elminin aparıcı jurnallarından olan “Transplantation Proceedings” və “Nature” nəşrlərində işıq üzü görərək, Azərbaycan həkiminin intellektini, savadını və təcrübəsini bütün dünyaya tanıtdı.
​Rəşad həkim təkcə əməliyyat masası arxasında deyil, həm də xalqın içində, insanlara ümid paylayan bir xeyriyyəçi kimi böyük nüfuz qazandı. “Uşaq ürəkləri Azərbaycanda döyünür” devizi ilə keçirilən beynəlxalq konfranslar və aksiyalar çərçivəsində o, regionlara üz tutdu. Naxçıvandan Lənkərana, Cəlilabaddan Şirvana, Gəncədən Qəbələyə, Zaqatalaya, Ağdama, Füzuliyə qədər addım-addım gəzərək, minlərlə aztəminatlı ailənin, Qarabağdan olan qaçqın və məcburi köçkünlərin övladlarını pulsuz əməliyyat etdi, onlara yenidən yaşamaq sevinci bəxş etdi. Onun qurduğu “Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası” vasitəsilə yüzlərlə gənc kadr yetişdirildi, ölkəmizdə ürək-damar cərrahiyyəsi beynəlxalq standartlara qaldırıldı.
​Bu böyük peşəkarlıq, halal zəhmət və xalqa hədsiz sədaqət dövlətimiz tərəfindən də hər zaman yüksək qiymətləndirilmişdir. Rəşad Mahmudov 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə, 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən “Qızıl çinar” beynəlxalq mükafatı ilə, 2014-cü ildə “Əməkdar həkim” fəxri adı ilə, 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olunmuşdur. Həmçinin 2019-cu ildə Beynəlxalq Ekspertlər Şurası tərəfindən nadir patologiyalı uşaq üzərində icra etdiyi uğurlu əməliyyatına görə xüsusi beynəlxalq mükafata layiq görülmüşdür.
​Səhiyyə sahəsindəki fədakarlıqları ilə bərabər, Rəşad Mahmudov parlamenti təmsil edən görkəmli ictimai-siyasi xadim kimi də böyük xidmətlər göstərir. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, 77 saylı Astara seçki dairəsindən Milli Məclisin V, VI və VII çağırış deputatı, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini və Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi o, dövlətçiliyimizə, xalqımıza və Ulu Öndər Heydər Əliyev ideallarına böyük sədaqətlə xidmət edir.
​Bəzən insan orqanizminin ən zərif və şıltaq üzvü olan ürək ağla tabe olmur, duyğuların və gərginliklərin generatoruna çevrilir. Lakin Rəşad Mahmudov insan elminin, müdrikləşmiş təcrübəsinin və həssas qəlbinin gücü ilə o,ürəkləri ram etməyi, onlara yenidən ahəngdar ritm qaytarmağı bacaran nadir şəxsiyyətdir. Onun hər bir uğurlu əməliyyatı bir insanın həyata qayıdışı, bir ananın göz yaşının sevincə çevrilməsi, bir evin ocağının sönməkdən xilas olması deməkdir.
​Körpələrin zərif ürəyinə həyat bəxş edən, Tanrının bəxş etdiyi o müqəddəs güclə dünyanı heyran qoyan şəfalı əllər sahibinə, xalqının uca səsini parlament kürsülərindən ucaldan fədakar millət vəkilimizə ünvanlanan bu ürək sözləri və şeirimiz Cənubun elm və tarix ocaqlarından süzülüb gələn böyük bir minnətdarlığın tərcümanıdır.

​Sən ey şəfa verən, ey böyük insan,
Həm millət vəkili, xalqın fəxrisən.
Ümid qapısısan darda olanın,
Körpə ürəklərin sönməz bəxtisən.

​Bu nəcib əllərlə neçə-neçə körpə yenidən anasına gülümsəyib, neçə-neçə evə yenidən şənlənmək nəsib olub. Həm bir həkim kimi canlara məlhəm olan, həm də bir millət vəkili kimi xalqının rifahı, dövlətinin sabahı üçün çalışan bu uca şəxsiyyətə Cənub torpağından, elm və tarix ocaqlarından gələn ən səmimi duaları, tükənməz minnətdarlıq hisslərini çatdırmaq bizim üçün böyük şərəfdir.
​Rəşad Mahmudov yalnız mahir bir cərrah və dövlətçiliyə sədaqətlə xidmət edən millət vəkili deyil, həm də olduqca kövrək ürəkli, qarşısındakı insanı böyük səbirlə dinləyən, yüksək mədəniyyətə və aristokratik nəcibliyə sahib bir şəxsiyyətdir. O, hər bir döyünən qəlbin sirrinə bələd olduğu kimi, insan daxilini, onun mənəvi ehtiyaclarını da zərifliklə hiss edir, ehtiyacı olan hər kəsə şəfqətlə dəstək olur. O, dövlətini və xalqını cani-dildən sevən, hər an dövlətinin yanında duran, xalqın çağırışlarına dərhal cavab verən fədakar bir insandır.
​Bütün bu gərgin və şərəfli fəaliyyətin arxasında isə onun mənəvi sığınacağı sevgi, qarşılıqlı hörmət və milli dəyərlər üzərində qurulmuş,kökdən gələn gözəl ailə tablosu dayanır. Bu nümunəvi ocaq onun həyatına güc qatan ən böyük dayağıdır.Hər saniyədə 100 min dəfə döyünən ürəklərin, canını başqalarına fəda edən bir insanın lirik və tarixi qələbəsidir. Sizinlə və Sizin qəlbinizlə Azərbaycan daha gözəldir, HƏKİM!
​İnsanlara o,müqəddəs ürək döyüntüsünü yenidən bəxş edən, əlləri ilə möcüzələr yaradan sevimli həkimimiz və millət vəkilimiz Rəşad Mahmudova uzun, xeyirli ömür, möhkəm cansağlığı və xalqımızın səhhəti keşiyində durduğu bu şərəfli yolunda yeni-yeni zəfərlər arzulayırıq. Qoy sizin xilas etdiyiniz minlərlə ürəyin minnətdar döyüntüləri hər zaman həyat yolunuza işıq saçsın doğma insan!

​Lənkəran Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru
Leyla Qadir qızı Məcidova

Share: