Aytəkin Səfərəliyeva
Şeirlər
Ürək adıyla
Mən bəxtdən, taledən boxcamı yığdım,
Bağladım çiynimdən kürək adıyla.
Toxundum hər gecə gur tellərinə
Əsən meh adıyla, külək adıyla.
Məhəbbət toxudum hər yamacına,
Sandım ki, məlhəməm bütün acına.
Səni pir sanaraq qəlb ağacına
Könlümü bağladım dilək adıyla.
Özümə sevgidən koma tikmişdim,
Hər yerə sən adda fidan əkmişdim.
Sənə göndərməyə bir gül çəkmişdim,
Məktubun içində çiçək adıyla.
Arada yıxılır qəlbimdən hamı,
Sönür duyğuların coşqun ilhamı.
Həyat gözləmədən yıxır adamı,
Sonra da qaldırır kömək adıyla.
Dünyanın qışını, yazını tanı,
Yolun göz çıxaran tozunu tanı.
Çox insan görərsən, azını tanı —
Çoxu daş gəzdirir ürək adıyla.
Ağıl tərbiyədi
Ağıl tərbiyədir, elm, bilikdir,
Ağıl nə yaş işidir, nə baş işidir.
Düz yolda ilişib yıxılırsansa,
Nə kərpic işidir, nə daş işidir.
Sözünü ağzından yerə salıbsa,
Dərdin ürəyində düyün olubsa,
Səni yandırmağı gözə alıbsa,
Nə quru işidir, nə yaş işidir.
İnsan insan deyil, insan seçirsə,
İçdiyi bulağa zəhər tökürsə,
Yediyi çörəyi əzib keçirsə,
Nə çörək işidir, nə aş işidir.
Sevgi təmiz hissdir, ürəkdə gəzər,
Çox vaxt nakam qalıb, könülü üzər.
Özgə baxışlara salıbsa nəzər,
Bu nə göz işidir, nə qaş işidir.
Məhv edib ümidi, söyləmə qəza,
Həyat vəfasıza sərt kəsər cəza.
Məni öldürməyə çəkdiyin imza
Nə lələk işidir, nə quş işidir.
Adın yaddaşımdadı
Əzizlənə bilmirəm,
Əzizim demə mənə.
Sudan qorxan adamam,
Dənizim demə mənə.
Bir damcı göz yaşında
Boğularaq ölərəm.
Dən götürən quş kimi
Hürkə-hürkə gələrəm.
Sən yollar keçmiş adam,
Mən kənardan bir cığır.
Sən dağı daşıyarsan,
Mənə daş gələr ağır.
Ürəyinə bir sözüm
İz qoyarsa, bağışla.
Ayrılıq bizə tərəf
Üz qoyarsa, bağışla.
Xəstəsinə dönərsən
Həkim ayrılıqların.
Anası, atasıyam
Yetim ayrılıqların.
Güllərə gül demərəm,
Sənə tikan batırsa.
Gəl oxşayım könlünü,
Bir tumara yatırsa.
Sözləri baldan şirin,
Ürəyi kəhriz adam.
Adın yaddaşımdadı,
Həmişə əziz adam





















