Saday Şəkərlinin Avropada nəşr olunan beş yeni kitabı ədəbiyyatımızı dünyaya tanıdır

Saday Şəkərlinin Avropada nəşr olunan beş yeni kitabı ədəbiyyatımızı dünyaya tanıdır

Hazırda qürbətdə, Belçikada mühacir həyatı  yaşayan tanınmış Azərbaycan şairi və Azərbaycan sevdalısı Saday Şəkərlinin ölkə hüdudlarından uzaqlarda nəşr olunan kitabları milli ədəbiyyatımızın təbliği və beynəlxalq səviyyədə tanıdılması baxımından diqqət çəkir.

Son dövrlərdə şairin ingilis, fransız, rus və digər Avropa dillərində nəşr olunan əsərləri haqqında dövri mətbuatda mütəmadi olaraq yazılar dərc edilir. Xatırladaq ki, Saday Şəkərlinin ilk kitabı da məhz rus dilində işıq üzü görüb.

Hazırda Belçikada yaşayan şairlə əlaqə saxlayan Müstəqil.Az onun yaradıcılıq fəaliyyəti və son nəşrləri ilə bağlı fikirlərini öyrənib.

Saday Şəkərli bildirib ki, 2026-cı il onun yaradıcılığı baxımından kifayət qədər uğurlu başlayıb. Belə ki, son iki ay ərzində Avropada şairin beş kitabı nəşr olunub.

“2026-cı il uğurlu gəldi. Son iki ayda Avropada nəşr olunan beş kitabım işıq üzü gördü. Sonuncunu “Üç poema” (trilogiya) adlandırmışam. Bura “Lənətlənmiş cənnət və ya Azadlıq şərqisi”, “Sürgün”“Tənha keçən” poemalarımı daxil etmişəm”, – deyə şair qeyd edib.

Şəkilin açıqlaması yoxdur.

Şairin sözlərinə görə, kitabın tərcüməçisi Almaniyanın Köln şəhərində yaşayan Vika Krutu, redaktoru SŞA-nın (Sietl) nümayəndəsi Tariyel Azərtürk, tərtibatçısı isə ukraynalı tənqidçi İrina Savitskayadır.

Saday Şəkərli xarici dillərə tərcümə prosesinin kifayət qədər çətin və uzunmüddətli olduğunu vurğulayıb:

“Tərcüməçilərlə işləməyin nə qədər məşəqqətli olduğunu təsəvvür edə bilməzsiniz. Ağır prosesdir. Üç ildir dizimi yerə qoyub əziyyət çəkdim. İndilərdə zəhmətimin bəhrəsindən xeyli şadam”.

Şair bildirib ki, “Üç poema” kitabından əvvəl də iyun və iyul aylarında bir sıra əsərləri müxtəlif dillərdə oxuculara təqdim olunub.

Onun sözlərinə görə, “Mən səndən ayrılmazdım” kitabı Azərbaycan dilində nəşr edilib. Həmvətənlərinin kitab almağa marağının az olduğunu nəzərə alan şair əsərin internet saytlarında pulsuz yerləşdirilməsinə qərar verib.

Bunun ardınca “Vuruş, sözüm”“Ümid işığı” kitabları fransız dilində, “Ümiddən uzun” kitabı isə ingilis dilində nəşr olunub.

Saday Şəkərli xarici dillərdə nəşr olunan kitablarının qiymətinin nəşriyyatlar tərəfindən nisbətən baha müəyyənləşdirildiyini də bildirib. Şairin sözlərinə görə, əsas məqsəd kitabların daha çox oxucuya çatması və Azərbaycan ədəbiyyatının xaricdə tanıdılmasıdır.

Saday Şəkərlinin son illərdə müxtəlif Avropa dillərində nəşr olunan kitabları Azərbaycan ədəbiyyatının ölkə sərhədlərindən kənarda təbliği baxımından diqqətçəkən nümunələrdəndir. Onun əsərlərinin müxtəlif dillərə tərcümə olunması həm şairin yaradıcılığının, həm də Azərbaycan ədəbi sözünün beynəlxalq oxucu auditoriyasına çatdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər.

Faiq Balabəyli

Share: