Alim ömrünün şərəf xronikası: Nahid Paşayev- Leyla Məcidova yazır

Alim ömrünün şərəf xronikası: Nahid Paşayev- Leyla Məcidova yazır

 

Həyatın mənalı və şərəfli yollarından biri də insanlara elm işığı paylamaq, tərbiyə etdiyin gənc nəsillərin qəlbində silinməz izlər qoymaq, dostluğun və sədaqətin ali dəyərlərini yaşatmaqdır. Bu gün elm, təhsil və dostluq aləmində özünəməxsus yeri, böyük hörməti olan dəyərli alim, gözəl insan, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Nahid Cəlil oğlu Paşayevin doğum günüdür. Yubilyarı bu əlamətdar gün münasibətilə təbrik edərkən, onun ömür yoluna nəzər salmaq, insani keyfiyyətlərini, elmi-pedaqoji fəaliyyətini və fədakar xidmətlərini böyük qürur hissi ilə xatırlamaq hər birimizin mənəvi borcudur.
Nahid müəllim 1964-cü ildə Lənkəran rayonunun cənnətməkan guşəsi Gərmətük qəsəbəsində dünyaya göz açmışdır. Doğma diyarın saf havası, zəngin mənəvi mühiti onun xarakterinin formalaşmasında, sadə və samimi bir insan kimi yetişməsində mühüm rol oynamışdır. Gənc yaşlarından dəqiq elmlərə, xüsusən riyaziyyata böyük həvəs göstərən Nahid Paşayev Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” fakültəsini müvəffəqiyyətlə bitirərək, elmin mürəkkəb və şərəfli yollarında ilk addımlarını atmışdır.
1999-cu ildən etibarən onun taleyi sıx şəkildə Lənkəran Dövlət Universiteti ilə bağlanmışdır. O, bu təhsil ocağında müəllim, baş müəllim, dosent, dekan müavini, inzibati təsərrüfat işləri üzrə prorektor, riyaziyyat və informatika kafedrasının müdiri kimi məsuliyyətli və şərəfli vəzifələrdə çalışaraq, tələbələrinə və işlədiyi müəssisəyə təmənnasız xidmət etmişdir. 2010-cu ildə “Diferensial tənliklər” ixtisası üzrə doktoranturaya daxil olmuş, 2014-cü ildə elmi dərəcəsini, 2015-ci ildə isə dosent elmi adını alaraq elmi nailiyyətlərini möhkəmləndirmişdir. 2024-cü ilin oktyabr ayından isə LDU-nun Təbiət elmləri fakültəsinin dekanı vəzifəsində fəaliyyətini uğurla davam etdirir. O, 57 elmi məqalə və tezisin, 1 metodik vəsaitin, 3 dərs vəsaitinin və 6 fənn proqramının müəllifi olmaqla yanaşı, bir sıra mühüm qrant layihələrində də fəal iştirak etmişdir.
Nahid Paşayev yalnız dərin bilikli alim və təcrübəli təşkilatçı kimi deyil, ilk növbədə, öz sadəliyi, səmimiyyəti və yüksək əxlaqı ilə hər kəsin qəlbinə yol tapmış bir insandır. Gənclik illərindən bəri çiyin-çiyinə çalışdığımız, birgə addımladığımız bu dəyərli dost hər zaman ətrafındakılara arxa-dayaq olmağa, hər bir kəsin köməyinə çatmağa hazır olmuşdur. Onun tələbələrlə qurmuş olduğu dostluq münasibəti, gənclərə göstərdiyi ata qayğısı və səmimi diqqəti xüsusi vurğulanmalıdır. O, tələbələri üçün sadəcə dekan və müəllim deyil, həm də yol göstərən dürüst bir rəhbərdir.
Dövlətinə, dövlətçilik ənənələrinə son dərəcə sədaqətli, işində fədakar olan Nahid müəllim həm də gözəl ailə başçısı, iki övladın mehriban atası və nəvələrinin sevimli babasıdır. Onun ocağında hakim olan səmimiyyət və əxlaq onun şəxsi keyfiyyətlərinin bariz təzahürüdür.
Ömrünün müdrik çağını yaşayan dəyərli dostumuza və həmkarımıza möhkəm cansağlığı, ailə səadəti, elmi və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Doğum günün mübarək, dəyərli Nahid müəllim!

Niyyəti təmizdir, qəlbi nur saçan,
Dostluq dünyasında zirvələr açan.
Hər xeyir işlərə sevinclə qaçan,
Xeyirxah insandır Nahid müəllim.

Ömrünü elminə, elinə verən,
Tələbə qəlbinə sevgilər sərən.
Dövlətə, bayrağa sədaqət verən,
Vətənpərvər candır Nahid müəllim.

Hər yeni yaşınla ucal bu çağda,
Sevinci, fərəhi yaşa ürəkdə,
Dilimizdə arzu, alqış dodaqda,
Doğum günün mübarək, Nahid müəllim!

Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru, dosent,
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Leyla Qadir qızı Məcidova.

Share: