Uzun illər mətbuat sahəsində çalışmış, ömrünün 30 ilindən çoxunu söz, yazı adamları ilə təmasda olmuş, müxtəlif mövzularda söylənilən məntiqi fikirləri acgözlüklə mənimsəmiş bir insan kimi yaxşı bilirəm ki, yaradıcı şəxsə göstərilən ən böyük ehtiram onun yaradıcılığına diqqət və həssaslıqla yanaşmaqdır. Məhz buna görə də, son vaxtlar başladığım işdə, qarşıma çıxan hər bir şeirə, hər bir yazıya müəllifinə görə yox, həmdə təkcə oxucu kimi deyil, sözün məsuliyyətini dərk edən bir qələm adamı kimi yanaşıram.
Hər hansı müəllifin əsəri haqqında fikir bildirərkən məqsədim yalnız mətnin zahiri mənasını izah etmək olmur. Çalışıram ki, şeirin ruhunu, müəllifin daxili duyğularını, poetik düşüncə tərzini, bədii ifadə vasitələrini və sənətkarlıq xüsusiyyətlərini mümkün qədər dolğun şəkildə üzə çıxarım. Buna nə qədər nail oluram bilmirəm, amma istəyimdən də əl çəkmirəm. Ona görə də seçdiyim hər bir şeirə eyni məsuliyyət və eyni həssaslıqla yanaşıram. Çünki fikirimcə, hər yazı özünəməxsus poetik aləmdir və həmin aləmin qapısını oxucunun üzünə aça bilmək isə məncə ən böyük mənəvi qazancdır.
Məqsədim təkcə hər hansı bir şeiri təhlil etmək deyil. Eyni zamanda, poeziyaya baxışımı daha da zənginləşdirmək, sözün estetik və mənəvi dəyərini dərindən duymaq, müəlliflə oxucu arasında görünməz bir mənəvi körpü yaratmaqdır. El arasında gözəl bir deyim var: “Söz ürəkdən çıxanda, ürəyə də çatır.” Mən də inanıram ki, münasibət bildirmək istədiyim hər hansı şeir, şairin ürəyindən süzülüb gələn hər misranı əvvəlcə öz ürəyimdə yaşayıb, yalnız bundan sonra onu oxucuya təqdim etməliyəm.
Bu gün yaradıcılığından söhbət açmaq istədiyim, şair – yazıçı Südabə Sərvi nin yaradıcılıq üslubunu çoxdan izləyən biri kimi deyə bilərəm ki, duyub yaşadığı hissi, poetik çalarlarla bəzəyib oxucusuna çatdıran, bütün dəyərləri özündə qoruyan bir şair və bir yazıçıdı. Bu yaxınlarda onun “QÜRBƏT” şeiri sosial şəbəkədə diqqətimi çəkdi. Şeiri oxuduqca sətiraltı mənaları dərk etdikcə qərarlaşsırdım ki, bu barədə bir dost kimi münasibətimi yazım. Onuda bildirim ki, Südabə Sərvi həmdə “Ağsu Yazarları” Ədəbi Birliyinin ən fəal, səmimi üzvlərindən biridir.
Südabə xanımın qürbət mövzusunda yazdığı “QÜRBƏT” şeiri deyərdim ki, qürbət mövzusunda yazılmış çox səmimi və duyğusal nümunələrdən biridir. Südabə Sərvi burada qürbəti təkcə coğrafi ayrılıq kimi deyil, insanın ruhunda daşıdığı bitməz bir ağrı kimi təqdim edib. Şeirin əvvəlində, Türk ədəbiyyatı və dünya fəlsəfəsində tanınan, siyasətçi Kemalettin Kamudan verilən, – “Mən qürbətdə deyiləm, qürbət mənim içimdə”dir – fikiri, məhz bu şeirin ideya açarıdır. Şeirdə də məhz bu daxili qürbət hissi bədii şəkildə ifadə olunur.
Şeirin əsas mövzusu qürbətin insan taleyinə vurduğu yaralar, ana həsrəti, vətən nisgili və qəriblik ağrısıdır. Südabə Sərvi göstərir ki, qürbət insanı yalnız doğma torpaqdan ayırmır, onu öz keçmişindən, uşaqlığından, doğmalarından da uzaq salır.
Şeirin əsas ideyası isə budur: insan harada yaşamasından asılı olmayaraq, vətənini və anasını unutmur. Qürbətdə yaşamaq maddi rifah gətirsə belə, mənəvi rahatlıq vermir.
“Qürbət məni çəkdi dara,
Urəyimə vurdu yara.
Etdi məni para-para,
Dörd tərəfə düzdü, ana,
Qürbət məni üzdü, ana!”
Şair qürbəti canlı bir varlıq kimi təqdim edir. “Çəkdi dara”, “vurdu yara”, “para-para etdi” ifadələri qürbətin insan həyatını necə darmadağın etdiyini göstərən güclü məcazi bənzətmələrdi. Şeirdə təkrar olunan;-“Qürbət məni üzdü, ana!” – misrası şeirin emosional yükünü daşıyan nəqarət rolunu oynayır.
Şeirin ikinci bəndində isə doğma el-obaya həsrət ön plana keçir.
“Unutmadım elliləri,
Bizim köhnə nəsilləri.
Mənsiz keçən o illəri,
Söylə, necə dözdün, ana?
Qürbət məni üzdü, ana.”
Şair illər keçsə də yaddaşın silinmədiyini göstərir. “Söylə, necə dözdün, ana?” sualı həm anaya, həm də vicdanına ünvanlanan kövrək müraciətdir.
“Kim bilir ki, nələr çəkdim,
İçimdədi acım, dərdim,
Harda ağsaç ana gördüm,
Gözüm səni gəzdi, ana,
Qürbət məni üzdü, ana.”
Bu bənd psixoloji baxımdan çox təsirlidir. Hər ağbirçək qadında öz anasını görmək qürbət adamının ən təbii hisslərindən biridir. Burada ana artıq bütün müqəddəsliyin rəmzinə çevrilir.
“Məni təkcə sən anlardın,
Dəcəl idim, hey danlardın.
Sonra öpüb qucaqlardın,
Zaman məni əzdi, ana,
Qürbət məni üzdü, ana.”
Burada şair Südabə Sərvi ana məhəbbəti ilə zamanın amansızlığını qarşılaşdırır. “Zaman məni əzdi, ana…” -misrası ömrün ağır sınaqlarını ümumiləşdirir.
“Həyat yükü kürəyimdə,
Ümidimdə, diləyimdə.
Vətənsizlik ürəyimdə,
Bir qubardı, közdü, ana,
Qürbət məni üzdü, ana.”
Burada “qubar” və “köz” obrazları çox uğurludur. Qubar içdən boğan nisgili, köz isə sönməyən həsrət odunu simvolik mənasını verir.
“Bu qürbətin dadı olmur,
İsitsə də, odu olmur.
Qəriblərin yurdu olmur,
Qərib dərddən bezdi, ana,
Qürbət məni üzdü, ana,”
“Bu qürbətin dadı olmur,
İsitsə də, odu olmur.” Şair bununla burada paradoks yaradır.
Yəni qürbət zahirdə rahat görünə bilər, amma insanı mənən isitmir. Ən təsirli fikir isə növbəti misradakı: “Qəriblərin yurdu olmur.”- misrası dır ki, buda şeirin fəlsəfi nəticəsidir.
Növbəti bənddə isə ölüm motivi görünür.
“Buralarda azar qərib,
Həyatından bezər qərib.
Üz qoyduğum məzar qərib,
Bir cüt baxan gözdü, ana,
Qürbət məni üzdü, ana.”
Qürbətdə hətta qəbir də qəribdir. İnsan doğma torpaqdan uzaqda torpağa tapşırılacağı fikri ilə sarsılır.
Südabə Sərvinin bu şeir sonda yaşlılıq notları ilə tamamlanır.
“Saç ağarıb, əldə çəlik,
Ruhum oldu çilik-çilik.
Agır dərddi qəribçilik,
Bir yaralı sözdü, ana,
Qürbət məni üzdü, ana!”
Şeir fiziki qocalıq mənəvi yorğunluqla tamamlanır. “Ruhum oldu çilik-çilik.” ifadəsi isə insanın daxilən necə parçalandığını göstərən uğurlu məcazi bənzətmədir.
“Ağır dərddi qəribçilik, Bir yaralı sözdü, ana…-“misraları isə şeirin yekun fəlsəfi hökmüdür.
Şeirin ən güclü obrazı anadır. Ana burada yalnız müəllifin anası deyil; doğma yurdun, uşaqlığın, məhəbbətin və mənəvi dayağın simvoludur. Qürbət insanı ilk növbədə anasından ayırdığı üçün ağrı daha da dərinləşir.
Südabə Sərvinin dili sadə, axıcı və xalq şeirinin ruhuna yaxındır. Süni bəzəklərdən uzaq olan misralar səmimiyyəti ilə oxucunun qəlbinə yol tapır. Təkrar olunan nəqarət şeiri mahnı ovqatına yaxınlaşdırır və xalq poeziyasının ənənəsini yaşadır.
“Qürbət” yalnız bir qəribin taleyindən bəhs edən şeir deyil. Bu, vətəndən ayrı düşən minlərlə insanın ürək səsinə çevrilən poetik etirafdır. Südabə Sərvi ana həsrətini, vətən nisgilini və qəribliyin sarsıdıcı ağrısını səmimi duyğular və təsirli bədii ifadələrlə oxucuya çatdırır. Şeirin ən böyük uğuru ondadır ki, burada qürbət xəritədə göstərilən bir məkan yox, insanın daxilində ömür boyu daşıdığı sağalmaz mənəvi yaraya çevrilir. Bu xüsusiyyət əsəri həm emosional, həm də bədii-estetik baxımdan dəyərli edən əsas amildir.
Südabə xanımın növbəti “DAŞ OLMAQ ƏZABI” şeiridir. Bu şeir “Qürbət” şeirindən fərqli olaraq daha çox fəlsəfi, ictimai və vətəndaşlıq ruhunda yazılmışdır. Burada şair təkcə öz ağrısından deyil, bütöv bir cəmiyyətin mənəvi ağrısından danışır.
Südabə Sərvinin “Daş olmaq əzabı” şeiri insanın mənəvi keyləşməsi, cəmiyyətin haqsızlıqlar qarşısında susması və vətən ağrısı üzərində qurulmuş dərin fəlsəfi düşüncə nümunəsidir. Şair “daş” obrazını fiziki sərtlik kimi deyil, məcburən dözməyə alışdırılmış insanın daxili faciəsinin simvolu kimi təqdim edir.
Şeirin adı ilk baxışdan paradoks yaradır. Adətən daş möhkəmliyin rəmzi sayılır. Lakin müəllif göstərir ki, daş olmaq güclü olmaq deyil, hisslərini içinə gömərək yaşamağa məhkum olmaqdır. Elə buna görə də ilk misralardan oxucu həyatın mürəkkəbliyi ilə qarşılaşır:
“Həyatın işləri sirdi-sehirdi,
Qatdı başımızı, aldatdı bizi.
Əzab alnımızda sanki möhürdü,
Tanrı bəlkə daşdan yaratdı bizi?”
Burada “sirdi-sehirdi” ifadəsi həyatın anlaşılmazlığını, “qatdı başımızı” isə insanın çıxılmaz vəziyyətini ifadə edir. Ardınca gələn:-“Tanrı bəlkə daşdan yaratdı bizi?”-misrası isə cavab gözləyən sual deyil. Bu, insanın dözüm həddini göstərən poetik fəryaddır.
Şeirin ikinci bəndində isə şair insanın daxili ziddiyyətini açır:
“Ömür qul olubdu dərdə, əzaba,
Ürək nə daş deyil, nə də ki dəmir.
Bəlkə cəza verir Tanrı bizlərə?
Niyə göz görəni dilim söyləmir?”
Bu misra şeirin əsas fəlsəfi dayaqlarından biridir. İnsan ürəyi incədir, ağrını hiss edir. Buna baxmayaraq, həyat onu daş kimi susmağa məcbur edir. “Niyə göz görəni dilim söyləmir?” sualı isə artıq fərdi deyil, ictimai vicdanın sualıdır. Şair burada qorxunun, susqunluğun və laqeydliyin səbəblərini düşünür.
Şeirin ən güclü bəndi, şübhəsiz ki, üçüncü bənddir:
“Daş olmaq əzabdı, əzabdı qardaş,
Daş kimi dözürük hər haqsızlığa.
Yoxsa qurudumu gözümüzdə yaş?
Yoxsa alışdıqmı torpaqsızlığa?”
Burada “daş” sözü simvol səviyyəsinə yüksəlir. Müəllif demir ki, insan daşdır; deyir ki, insan daş kimi yaşamağa məcbur edilir. Bu, şeirin əsas ideya yükünü daşıyan poetik tapıntıdır.
“Yoxsa qurudumu gözümüzdə yaş?
Yoxsa alışdıqmı torpaqsızlığa?”- misralarında iki ağır problem yanaşı təqdim olunur. Birincisi, insanların hisslərinin korşalmasıdır. İkincisi isə vətən itkisinə alışmaq təhlükəsidir. Xüsusilə “torpaqsızlığa alışmaq” ifadəsi milli yaddaşın zəifləməsi ilə bağlı ciddi xəbərdarlıq kimi səslənir.
Şeirin dördüncü bəndində isə gözəl şairimiz artıq şəxsi etirafa keçir:
“Suallar dilimdən asılıb qalıb,
Bir udum hava da vermirlər mənə.
Könlümə bir ağrı qısılıb qalıb,
Dünyanın nizamı zor imiş demə.”
Bu ifadə cavabsız sualların insan ruhunu necə sıxdığını göstərir. “Bir udum hava da vermirlər mənə” misrası isə azad düşüncənin boğulmasının məcazi mənada ifadəsidir.
Şeir son bənddə isə ümummilli ağrı ilə tamamlanır:
“Vətən bölüm-bölüm, para-paradır,
Yenə də min yerə bölürük, nədən?
Dünyanın hər üzü dərddi, yaradı,
Tanrı, qoru bizi pis əməllərdən!”
Bu misrada şair yalnız coğrafi parçalanmanı deyil, insanların düşüncədə, münasibətlərdə və birlik hissində parçalanmasını da nəzərdə tutur. Ardınca edilən dua isə, “Tanrı, qoru bizi pis əməllərdən!”-misrası
şeirin mənəvi kulminasiyasıdır. Südabə xanım şeiri ittihamla deyil, dua ilə bitirir və bununla da humanist mövqeyini nümayiş etdirir.
Şeirin bədii gücü onun sadə, lakin təsirli dilindədir. Şair çoxlu ritorik suallardan istifadə edir. Bu suallar cavab almaq üçün deyil, oxucunu düşünməyə vadar etmək üçündür.
“Daş olmaq əzabı” təkcə bir insanın hisslərinin poetik ifadəsi deyil. Bu şeir cəmiyyətin mənəvi vəziyyətini, susqunluğunu, haqsızlıqlara dözməyin acısını və vətən ağrısını əks etdirən dərin fəlsəfi-vətəndaşlıq lirikasıdır. Südabə Sərvi “daş” obrazını sadə bir təşbeh kimi deyil, dövrün mənəvi portretinə çevirməyi bacarır. Elə buna görə də şeir oxunduqdan sonra yadda qalan təkcə misralar deyil, onların doğurduğu suallardır. Oxucu bu suallarla baş-başa qalır və anlayır ki, insanı daşlaşdıran təbiət deyil, haqsızlığa alışmaq təhlükəsidir.
Məncə, bu şeir, şairi düşündürən və ictimai məzmunu ilə seçilən uğurlu yaradıcılıq nümunəsindən biridir. O, həm fəlsəfi dərinliyi, həm də vətəndaşlıq mövqeyi ilə oxucunu sarsıtmağı bacarır.
“AYAĞIM ALTINDAN QAÇIR YER ÜZÜ” şeiri isə Südabə Sərvinin daxili dünyasını, varlıq və yoxluq arasında çırpınan insanın psixoloji vəziyyətini əks etdirən ən təsirli nümunələrdən biridir. Bu şeirdə də, birinci şeirində olduğu kimi epioqrafdan istifadə edir. Südabə xanım bu dəfə Nazim Hikmətin məşhur misraların seçib. Buda heç dəntəsadüfi deyil. “Mən bir ceviz ağacıyam Gülhanə parkında…” misralarında olduğu kimi, burada da insan özünü cəmiyyət içində görünməz, anlaşılmayan və tənha hiss edir. Elə ona görə də, burada epioqraf şeirin fəlsəfi açarı rolunu oynayır.
“Ayağım altından qaçır yer üzü” şeiri həyatın mənasını itirməyə başlayan, ruhən yorulmuş insanın daxili monoloqudur. Burada şair təkcə şəxsi ağrılarından danışmır. O, müasir insanın mənəvi tənhalığını, zamanın amansızlığını və ölüm haqqında düşüncələrini poetik dillə ifadə edir.
“Ayağım altından qaçır yer üzü,
Bədənsiz bir başam qolumun üstə…”
Şeir çox güclü məcaz bənzətməsi ilə başlayır. “Ayağım altından qaçır yer üzü” ifadəsi insanın həyat dayaqlarının sarsıldığını göstərir. “Bədənsiz bir başam” misrası isə mənəvi parçalanmanın simvoludur. Burada şair fiziki yox, ruhən parçalanmış vəziyyəti təsvir edir.
“Həsrətə bələnib içimdə sözüm,
Durubdu dərd-kədər yolumun üstə.”
“Sözün həsrətə bələnməsi” daxildə deyilə bilməyən hisslərin obrazıdır. Dərd artıq yolun üstünə çıxmış bir maneə kimi təqdim olunur.
“Qara gün uzadır qara əlini…”
Burada “qara gün”ü poetik fikir vasitəsilə insanlaşdırır. O, yəni “qara gün” əl uzadır, insanın taleyinə müdaxilə edir.
“Əzab daşıyıram belimin üstə.” – misrası həyat yükünün ağırlığını göstərən təsirli bənzətmədir. Burada şair fiziki yük deyil, mənəvi yük daşıyan insan obrazı yaradıb.
Şeirin ən dramatik hissəsi məhz bu bənddir.
“Ürəkdi darıxıb sinəmi didən,
Ruhumdu cismimdən o çıxıb gedən.”
Burada ürək və ruh müstəqil obrazlara çevrilir. Ruhun cismi tərk etməsi ümidsizliyin, daxili boşluğun poetik ifadəsidir.
Ən güclü misralardan biri isə budur:
“Yapışıb yaxamdan içimdəki mən,
Çarpışır ölümlə olumun üstə.”
“İçimdəki mən” psixoloji baxımdan çox uğurlu tapıntıdır. Şair insanın öz vicdanı, öz varlığı ilə mübarizəsini göstərir. Burada “ölüm” və “olum” qarşılaşdırılması şeirə fəlsəfi dərinlik qazandırır.
“Bu gün ümidimi kəsib gedəcəm…”
Bu bənd ümidsizliyin zirvəsidir. Lakin diqqət yetirsək görərik ki, müəllif ölümü romantikləşdirmir. O, sadəcə yorğun bir ruhun etirafını verir.
“Ruhum ağlayacaq ölümün üstə.”
çox təsirli ifadədir. Burada fiziki ölüm deyil, həyata doymamış ruhun nisgili ifadə olunur.
Şeirin əsas poetik uğuru obrazlı düşüncəsindədir.
Südabə Sərvinin dili bu şeirdə də sadədir, lakin bu sadəliyin arxasında güclü psixoloji yük dayanır. Şair mürəkkəb fəlsəfi fikirləri ağır terminlərlə deyil, gündəlik sözlərin poetik imkanları ilə ifadə edir. Bu da şeirin səmimiyyətini artırır.

Nazim Hikmətin Gülhanə parkı ilə bağlı misraları şeirə əlavə məna qatır. Orada görünməzliyin ağrısı vardı, burada isə görünməzlikdən də ağır olan daxili dağılma var.
“Ayağım altından qaçır yer üzü” insanın öz içində yaşadığı sarsıntının poetik salnaməsidir. Bu şeirdə ən böyük mübarizə insanla dünya arasında deyil, insanın öz “mən”i ilə gedir. “İçimdəki mən” obrazı, “ölümlə olumun çarpışması” və “ayağım altından qaçır yer üzü” kimi bənzətmələr şeirə həm psixoloji, həm də fəlsəfi dərinlik qazandırır.
Bu baxımdan şeir təkcə kədərli bir etiraf deyil, həm də insan ruhunun ən çətin anlarında keçirdiyi daxili sarsıntının yüksək poetik ifadəsidir. Onu dəyərli edən əsas cəhət də budur: oxucu misraları oxumur, sanki həmin sarsıntını özü yaşayır.
Yazının sonunda dəyərli ziyalımız, hörmətli yazarımız Südabə Sərviyə uca Yaradandan sağlam can sağlığı, uzun ömür, doğmalarından, dostlarından, əzizlərindən sevinc dolu günlər və yaradıcılıq uğurları diləyirəm. Qələmin daimi yazar olsun Südabə xanım!
Böyük səmimiyyətlə,
Elxas Comərd.
AYB-nin, “İti Qələm” Respublika Ədəbi Birliyinin və “Ağsu Yazarları” Ədəbi Birliyinin üzvü.






















