Zaman sonsuz bir axardır, insan ömrü isə bu axarda öz izini qoyub gedən bir gəmiyə bənzəyir. Elə ömürlər var ki, onun hər bir səhifəsi yalnız fərdi bir taleyi deyil, bütöv bir nəslin, bir cəmiyyətin mənəvi dəyərlərini özündə əks etdirir. Belə şərəfli və örnək ömür yollarından birinə nəzər salanda, hər cığırda böyük bir zəhmətin, hər addımda yüksək məsuliyyətin imzasını görürük. Söhbət ləyaqətli ömür yolu ilə hər kəsin rəğbətini qazanmış dəyərli ziyalı, tanınmış hüquqşünas Cavadov Çingiz Hüseyn oğlundan gedir. Çingiz müəllim ömrün payız fəslinin ən gözəl çağında, 1957-ci il oktyabrın 15-də, cənubun füsunkar guşəsi olan Lənkəranın zəhmətkeş Bala Şürürk kəndində dünyaya göz açmışdır. Bu doğma torpağın havası, suyu və insanlarının səmimiyyəti onun mənəvi dünyasının ilk bünövrəsini qoymuşdur.
Çingiz müəllimin uşaqlıq və gənclik illəri yollarda, fərqli şəhərlərin ab-havasında keçib. Atası Cavadov Hüseyn Xəlil oğlu Azərbaycan Politexnik İnstitutunun dəmir yolu fakültəsini bitirdikdən sonra təyinatla Qazaxıstanın Cambul şəhərinə göndərilmişdi. Atasının şərəfli mühəndislik fəaliyyəti, peşəsinə olan bağlılığı ailənin coğrafiyasını tez-tez dəyişdirirdi. Atasının iş yerinin dəyişməsi ilə əlaqədar ailə bir müddət uzaq Cambulda, daha sonra isə doğma yurdun Əli Bayramlı (indiki Şirvan) və İmişli şəhərlərində yaşamalı olur. Həyatın bu köçəri ritmi Çingiz müəllimə hələ uşaq yaşlarından insanları anlamağı, fərqli mühitlərə uyğunlaşmağı və hər şeydən öncə dəyişməyən mənəvi dəyərlərə sadiq qalmağı öyrədib.
Onun təhsil yolu İmişli rayon dəmiryolçular məktəbinin birinci sinfində başlayıb. Lakin tale onu yenidən Lənkəranın qoynuna qaytarıb. İkinci sinifdən etibarən təhsilini Lənkəran rayonunun Alxovka (hazırda Göyşaban) kənd səkkizillik məktəbində davam etdirib. Buranı bitirdikdən sonra Lənkəran şəhər 1 nömrəli orta məktəbinin 9-10-cu siniflərində oxuyub və 1974-cü ildə orta məktəb illərini uğurla başa vurub.
Uşaqlıqdan qəlbində tək bir arzu kök salmışdı, ədalətin keşiyində durmaq, hüquqşünas olmaq. Lakin həmin dövrün qanunları, ali məktəbə qəbul qaydaları hüquq fakültəsinə daxil olmaq üçün bir illik əmək stajı tələb edirdi. Çingiz müəllim arzusuna gedən yolun çətinliyindən qorxmayıb, Vətən qarşısındakı borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. 1975-1977-ci illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmət keçərək həm fiziki, həm də mənəvi cəhətdən daha da bərkiyib.
Nəhayət, 1979-cu ildə böyük ümidlər və sonsuz məsuliyyətlə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsinin qiyabi şöbəsinə daxil olub və 1985-ci ildə bu möhtəşəm elm məbədini bitirərək xəyallarındakı peşənin rəsmi daşıyıcısına çevrilib. Lakin onun diplomundan öncə zəngin həyat məktəbi olub. Əmək fəaliyyətinə fəhləlikdən başlayan Çingiz müəllim alın təri ilə qazanılan çörəyin dadını bilən bir insan kimi fəaliyyətini daha sonra Lənkəran 113 nömrəli texniki peşə məktəbinin komsomol təşkilatında davam etdirib, həm də gənclərə hüquq fənnini tədris edib. Gənc nəsillərə qanunun aliliyini, hüquqi dövlət prinsiplərini aşılamaq onun üçün sadəcə bir peşə deyil, həm də şərəfli bir vəzifə olub.
Onun hüquq sahəsindəki peşəkar fəaliyyəti Lənkəranın dövlət idarəçiliyi tarixi ilə sıx bağlıdır. Çingiz müəllim 1988-ci ilin yanvarından 1989-cu ilin sentyabrınadək Lənkəran Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsində hüquq məsləhətçisi, ardınca həmin aparatda Sosial Hüquq Şöbəsinin müdiri kimi çalışıb. Müstəqilliyimizin ilk illərində – 1992-1993-cü illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsində böyük məsləhətçi, daha sonra isə 1997-ci ilədək həmin şöbənin müdiri vəzifələrini şərəflə icra edib. Dövlətçiliyimizin qurulduğu o çətin və məsuliyyətli illərdə hüququn qorunması, yerli idarəetmədə qanunçuluğun təmin edilməsi yolunda gecə-gündüz fədakarlıqla çalışıb.
Çingiz müəllimin ömrünün ən parlaq və məhsuldar illəri isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sistemində keçib. 12 may 1997-ci ildən etibarən Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Lənkəran bölgə Şöbəsinin rəisi təyin olunub və bu şöbənin ləğv olunana qədər həm birinci, həm də sonuncu rəisi kimi xidmət göstərib. Bundan sonra isə regional idarədə baş məsləhətçi vəzifəsində fəaliyyətimi davam etdirib. Tam 25 il 5 ay ədliyyə orqanlarında xidmət edərək “Kiçik ədliyyə müşaviri” rütbə dərəcəsinə ucalıb və 2022-ci ilin oktyabrında bu şərəfli dövlət qulluğu yolunu başa vuraraq təqaüdə çıxıb.
Lakin insan yalnız işi ilə deyil, həm də ailəsi ilə bütövləşir. Çingiz müəllim bu gün təkcə keçdiyi zəngin peşə fəaliyyəti ilə deyil, həm də cəmiyyətə bəxş etdiyi layiqli övladları ilə fəxr edir. Onun iki övladı, ömrünün bəzəyi olan üç nəvəsi var. Oğlu Elnur atasının yolunun sadiq davamçısıdır; o da hüquqşünasdır və hazırda Bakı şəhərində bu şərəfli peşə üzrə çalışır. Qızı Nərmin isə Lənkəran Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fakültəsini bitirib, bir müddət Lənkəran Dövlət Universitetində laborant, Şıxəkəran tam orta məktəbində ixtisası üzrə müəllim işləyərək gənc nəslin tərbiyəsinə öz töhfəsini verib. Çingiz müəllimin nəvələri Nərgiz hazırda 9-cu sinifdə, Çingizxan 5-ci sinifdə, Fatimə isə 4-cü sinifdə təhsil alırlar. Nəvələrinin uğurları və sevincləri onun gənclik enerjisinin ən böyük mənbəyidir.
Pensiya dövrü bir çoxları üçün sakitliyə çəkilmək demək olsa da, Çingiz müəllimin ruhu hər zaman hərəkətdə, elmdə və gənclərin arasındadır. Bu gün o, Lənkəran Dövlət Universitetinin yüksək intellektual mühitində, olduqca gözəl və səmimi bir kollektivdə hüquqşünas vəzifəsində çalışır. İllərin sınağından keçən zəngin təcrübəsini bu elm məbədinin gələcək inkişafına həsr etmək ona böyük zövq verir. Nəvələri və sevimli işi onu həyata bağlayan, ona yaşamaq və yaratmaq eşqi verən ən əsas amillərdir.
Ömrün bu yetkin və müdrik çağında başını uca tutub qanunun keşiyində ləyaqətlə dayanmış, millətinə və dövlətinə sadiq xidmət etmiş dəyərli Çingiz müəllimə Allahdan uzun ömür, möhkəm can sağlığı və fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.
Lənkəran Dövlət Universitetinin tarix üzrə fəlsəfə doktoru,dosent
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru:
Leyla Qədir qızı Məcidova






















