Oxumadığımız kitablar kimi Barı sən bu şeiri bir daha oxu, Ey oxucu… – Xosrov Barışan (Təbriz)

Oxumadığımız kitablar kimi Barı sən bu şeiri bir daha oxu, Ey oxucu… – Xosrov Barışan (Təbriz)

 

BARI BU ŞEİRİ BİR DAHA OXU

Sənə dediyim sözlərin
yalan olduğunu,
bilsəm, nə fərq edər,
bilməsəm də!
Amma, mütləq bilməliyəm,
Valentayn günü sənə nə alsam, məni öpərsən.
Nə bilim…,
heç gərək olmadan mənim kədərim
bundan qabaq
dəfələrlə şeir kitablarında çap olub!
Bilirəm,
küçədə dalınca baxıb ağladığımda,
sadəcə yerə daman gözyaşlarımdan,
suyun asfaltda nə təsir buraxdığı
Mövzü olacaq
Kimya dərsinə.
Amma bax, buna baxmayaraq,
yağış altında,
suya düşmüş serçə kimi cim-cilaq
yolunu gözləməkdəyəm yenə də.
Pulum yoxdur çətir almağa,
axı hamısını sənə ətir almağa
xərclədim.
Bax, ətirin havanı bürüyüb…
Amma sən ki məni öpmədin eşqin günündə!
«Suprayzın da özün kimi təkraridir.» dedin!
Ətir qabın da sındırdın, məni də..!
Bəlkə yağışın yağdığı filan da yox..,
eynəyim islanmış gözyaşlarımdan…,
Dəli-şeytan deyir çıxar sındır onu da,
bəlkə həqiqəti gördüm,
Yox, olmaz, dedim da, pulsuzam, bir daha eynək alammaram.
Bəs onda səni necə görərəm uzaqdan?
Sən mənden keçib yeni eşqlər tapmışsan deyirlər!
Mənsə yeni mətinlərdə hələ də
köhnə quruluşu dağıtmaq teorilərindən geçmədim,
yadında mı?
Biz bütün reklamlara güldük.
Amma nə olar gəl
“-Görüncə bəh-bəh, nə qəşəng olub.” deyəcəksən.
Rəfdəki kitabların rəngi belə
Duvarların rənginə uymuş
Və qaranlıqda,
bu nataraz Valentayn masasının payasını bir fəlsəfə kitabı ilə tarazlayıram.
Yandıracağımız şamlar birdən yıxılmasın,
yanmasın ürəklərimiz,
gecəmiz romantik deyilmiş, deyə.

Yox, vallahi, billahi,
bu bir dil oyunu deyil;
«Ürək» sözü belə,
köhnəlmiş bir metaforası olsa da köhnə qəzəllərin,
Nə qədər muğamatda təkrarı zəngülələnsə
və «sən» kəlməsi «Allah» adı ilə təhrif olsa da
aşıqyana mətni arifyana yozanda.
Mənim ürəyim sənə yaman darıxır, inan.
Anlamlar vətənim kimi parçalanmış olsa da sənin üzündə,
toplanıb mütləq bir həqiqət olmasa da öz içimdə,
Biz vətənsiz olsaq da öz yurdumuzda,
şübhələr başımın ətini yeyirlər..,
yeyirlər..,
və məndə sənə deyirlər:
«– Gəl artıq, tez ol, tez ol, tez…,
əlivi ver əlimə,
əmniyyətli bir bucağa sıxışıb sığınaq,
elektrik kəsilmiş,
kameralar kor, güdükçülər lal,
maskamızı çıxardıb ağlayaq bir az,
sonra qonaq biz olmayan budaqlara
İki yuva quran serçə kimi.»

Zatən hər şey yan-yana düzülmüş yalanlar kolaji…
Oxumadığımız kitablar kimi
Barı sən bu şeiri bir daha oxu
Ey oxucu…

Şeir: Xosrov Barışan

 

Share: