“UŞAQLAR ÜÇÜN QEYRİ-SƏLİS MƏNTİQ” kitabı haqqında – Rəfail Tağızadə yazır

“UŞAQLAR ÜÇÜN QEYRİ-SƏLİS MƏNTİQ” kitabı haqqında – Rəfail Tağızadə yazır

 

Hər bir kitab müəyyən məqsəd üçün yazılır. Amma elə kitablar da var ki, onlar böyük çoxluğa hesablanır və onların istifadəsi çoxşaxəlidir. Akademik Kamal Abdulla, professorlar Rafiq Əliyev və Ziya Səlcuqun müəllifləri olduqları “Uşaqlar üçün qeyri-səlis məntiq” kitabı müxtəlif yaş kateqoriyası və geniş oxucu üçün nəzərdə tutulan belə kitablardandır. Kitabı oxuduqca, bu kitabın təkcə məktəblilər üçün deyil, Mirzə Cəlilin ifadəsi ilə desək: ”Saqqalı uşaqlar”, yəni hamı üçün nəzərdə tutulduğu hiss olunur.

Kitabın qeyri-səlis məntiqin ən böyük mütəxəssizlərindən sayılan, dünya şöhrətli alim, professor Rafiq Əliyevin, akademik Kamal Abdullanın, orta məktəb tədrisinə, şagird psixologiyasına yaxşı bələd olan Türkiyənin sabiq təhsil naziri, görkəmli alim, professor Ziya Səlcuqun baxış bucaqları sayəsində ərsəyə gəlməsi ona həm dolğunluq gətirir, həm də marağı artırır.

Kitabının yazı üslubunda Kamal Abdullanın yazıçı xətti çox aydın görünür.

Kitabda Fərhad müəllimin seçilməsi də diqqətçəkəndir. Fərhad müəllimin qeyri-səlis məntiqin yaradıcısı Lütfi Zadəninrəhbərliyi ilə elmi iş müdafiə etməsi onun bu sahəni yaxşı bilən mütəxəssis olduğunun göstəricisidr. Bu, simvolik götürülən 8B sinfindəki tədris prosesində özünü göstərir. Fərhad müəllimin keçdiyi dərsin bir özəlliyi də onda ibarətdir ki, dərslər sual-cavab formasında keçirilir yekunda şagirdlər qoyulan bütün sualların cavablarını elə dərs prosesintapırlar.

Başqa siniflərdə olduğu kimi bu sinfin şagirdləri içərisində də hazırlıqlı Əhmədlə yanaşı, bu dərsə maraq göstərən Mina, ilk günlər bu fənnin əleyhinə çıxan, Aristotelin binar məntiqinin daha düzgün olduğunu – hər şeyi “hə-yox”,  “ağ-qara” kimi görən –  aralıq ölçüləri qəbul etməyən Zakir də var.

Qeyri-səlis məntiq dərsində sinfə dəvət olunan həm Rafiq müəllimin, həm Kamal müəllimin, həm də Ziya xocanın qeyri-səlis məntiqin izahının fərqli yanaşmalarından alınan ümumilik diqqət çəkir.

Qonaqlar aydın, başa düşülən formada adi danışığımızdan tutmuş, “Kitabi-Dədə Qorqud” nağıllardakı danışıqlarla qeyri-səlis məntiqi şagirdlərə dialoq şəklində anladırlar. Bu da yeni bir fənnin öyrədilməsində ən yaxşı vasitə kimi özünü göstərir. İstifadə olunan misallar şagirdlərin mütaliəsinin genişlənməsi ilə yanaşı, həm də onların ümumi biliklərinin zənginləşməsində yardımçı olur.  

Dünyaya qeyri-səlis və süni intellektlə bağlı nəzəriyyələr verən, dünyanın məşhur universitetlərinin professoru seçilən, xaricdə çoxlu kitabları çıxan həmin kitabları dünyanın aparıcı universitetlərində tədris edilən, Lütfi Zadənin elmi varisi, professor Rafiq Əliyevlə şagirdlərin görüşü böyük maraq kəsb edir. Qeyri-səlis məntiqin nə olduğunu onun özündən eşitmək təbii ki, maraq doğurmaya bilməzdi.

Dilçi, qorqudşünas alim Kamal Abdullanın “Kitabi-Dədə Qorqud”dakı qeyri-səlis məntiq danışığından, tədrisin metodologiyasına yaxşı bələd olan professor Ziya Səlcuqun hekayələrdən gətirdikləri misalların maraqlı izahı şagirdlərə bu fənni daha yaxşı başa düşməkdə yardımçı olur.

Sonda şagirdlər bu fənnin tədrisindən razı qalırlar və bunun ilk olaraq onların sinfində keçirilməsindənİLK OLMAlarından qürur duyurlar. Şagirdlər bilirlər ki, onları əhatə edən obyektiv aləm başdan-başa qeyri-səlis məntiqin içindədir və doğru nəticə çıxarmaq yalnız qeyri-səlis məntiqə əsaslanaraq mumkundür.

Qeyri-səlis məntiqin bütün sahələrə tətbiq olunmasına baxmayaraq Lütfi Zadə onu sosial sahələr üçün yaratdığını söyləyirdi. Kamal Abdulla ilə Rafiq Əliyevin birlikdə yazdıqları“Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı dünyada qeyri-səlis məntiqin bu sahədə ilki oldu və Lütfi Zadənin arzusunu reallaşdırdıran bu kitab 5 dildə çap olundu.

Dünyanın qeyrisəlis məntiqə, süni intellektə keçdiyi bir dövrdə bizim universitetlərdə indi keçirilməyə başlanılıb. Buna görə də bizdə çox insanların bu barədə ətraflı anlayışı yoxdur. Halbuki, inkişaf etmiş ölkələrin orta məktəblərində qeyri-səlis məntiq çoxdan tədris olunur.

Qeyri-səlis məntiq sözlə ifadə olunan tolerantlıq məntiqidir. Və birmənalı olmayan, qeyri-müəyyən sözləri, ifadələri dahayaxşı başa düşməyə imkan verir, real həyatımızda çox məsələləri daha səmərəli, tez və effektiv həll etməyə şəraityaradır.

Düşünürəm ki, sadə və anlaşılan dildə yazılan “Uşaqlar üçün qeyri-səlis məntiq” (riyaziyyatsız qeyri-səlis məntiq) kitabı qeyri-səlis məntiqin bütün sahələrə tətbiqi baxımından çox vacib və lazımlı mənbə rolunu oynayacaq.

Gündəlik qarşılaşdığımız sualların cavabını özündə əks etdirən bu kitab təkcə məktəblilərin deyil, fərqli sahələrdə çalışan, çalışmaq istəyən insanların, tələbələrin – “qeyri-səlis məntiq”lə danışmaq istəyənlərin – kitabı olacaq.

Bəli, kitab da gələcəyə yazılan məktubdur.

 

Rəfail Tağızadə

Share: