SÖZ VƏ ZƏKA NURUNA BÜRÜNMÜŞ AZMAN AYDIN      Yazıçı-publisist Səyadulla Kərimlinin 80 illik yubileyinə

SÖZ VƏ ZƏKA NURUNA BÜRÜNMÜŞ AZMAN AYDIN       Yazıçı-publisist Səyadulla Kərimlinin 80 illik yubileyinə

 Azərbaycanın ədəbi və mətbuat mühitində özünəməxsus dəst-xətti, zəngin yaradıcılıq yolu və çoxşaxəli fəaliyyəti ilə seçilən yazıçı-publisist, jurnalist, ictimai xadim, azman aydınımız   Səyadulla Kərimli ömür təqviminin 80 illik zirvəsindən şəstlə boylanır və yarım əsrdən artıq müddətdə sözə, mətbuata, milli-mənəvi dəyərlərimizin təbliğinə, ziyalılığa xidmət göstərmiş bir  ömrün hesabatına boyanır.

 

“Tərcümeyi-hal” təbii ki,  insanın ömür yolunu bütöv şəkildə əks etdirmək gücündə deyil.  O, daha çox rəqəmlər, tarixlər və qısa qeydlər vasitəsilə həmin həyatın yalnız bəzi cizgilərini, üst qatını təqdim edir. Lakin bu cansız görünən rəqəmlərin və yığcam xülasələrin arxasında böyük bir zəhmət, həyatın enişli-yoxuşlu yolları, bu yolların gətirdiyi sevinc və kədər, uğurlar və itkilər qərar tutur…

1946-cı il iyulun 1-də Yardımlı rayonunun qədim və füsunkar Zenqaran kəndində dünyaya göz açan Səyadulla Xudaverdi oğlu Kərimlinin həyat yolu ucqar dağ kəndindən başlayaraq ölkənin ədəbi-mədəni həyatının mühüm mərhələləri ilə qovuşmuşdur. Təhsilini Yardımlıdakı M.F.Axundov adına 1 saylı orta məktəbdə alan gələcək yazıçı hələ məktəb illərindən ədəbiyyata, yaradıcılığa böyük maraq göstərmişdir. O, orta məktəbdə oxuyarkən “Zakir” adlı iki hissəli pyes yazmaqla gələcək yaradıcılıq yolunun ilk işartılarını nümayiş etdirmişdi. Sonralar Bakı Dövlət Universitetinin filologiya fakültəsində aldığı ali təhsil onun dünyagörüşünün formalaşmasında, ədəbi-estetik baxışlarının zənginləşməsində mühüm rol oynadı. Əmək fəaliyyətinə Hamarkənd kənd orta məktəbində müəllimlikdən başlayan Səyadulla Kərimli ömrünün sonrakı mərhələlərini bütövlükdə söz sənətinə, jurnalistikaya və nəşriyyat işinə həsr etdi.

Onun peşəkar fəaliyyəti Azərbaycan mətbuatının və nəşriyyat tarixinin müxtəlif mərhələlərini əhatə edir. Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxbir, “Azərnəşr”də redaktor, “Zəka” jurnalında məsul katib və uzun illər baş redaktor, “Respublika” qəzetində şöbə redaktoru, “Lider” televiziyasında redaktor kimi çalışması onun zəngin yaradıcılıq və təşkilatçılıq təcrübəsinin göstəricisidir.

Xüsusilə qeyd edilməlidir ki, Səyadulla Kərimlinin adı uzun illər “Zəka” jurnalı ilə ayrılmaz şəkildə bağlı olmuşdur. Vaxtilə “Kitablar aləmində” adı ilə nəşr olunan bu jurnalın rəhbəri kimi o, nəinki jurnalın fəaliyyətini uğurla davam etdirmiş, həm də onun məzmununu zənginləşdirərək Azərbaycan tarixinin, ədəbiyyatının və mədəniyyətinin az öyrənilmiş, qaranlıq qalmış səhifələrinin araşdırılıb ictimaiyyətə çatdırılmasına xüsusi diqqət yetirmişdir. Bu baxımdan onun fəaliyyəti təkcə redaktor işi deyil, həm də milli yaddaşın qorunması missiyası kimi dəyərləndirilə bilər.

Səyadulla Kərimli yaradıcılığa şeirlə başlamışdır. Onun ilk mətbu əsəri olan “Nənə xalı toxuyur…” şeiri 1977-ci ildə “Azərbaycan müəllimi” qəzetində çap edilmişdir. Həmin vaxtdan etibarən müəllif dövri mətbuatda ardıcıl olaraq bədii və publisistik yazılarla çıxış etmiş, oxucu auditoriyasının rəğbətini qazanmışdır.

Onun yaradıcılığında diqqəti cəlb edən əsas xüsusiyyətlərdən biri bədii təfəkkürlə publisistik düşüncənin vəhdətidir. Səyadulla Kərimli hadisələrə həm  yazıçı gözü ilə, həm də tədqiqatçı və jurnalist baxışı ilə yanaşır. Buna görə də onun qələmindən çıxan yazılarda fakt və emosiyanın, tarix və müasirliyin, düşüncə və bədii təsvirin harmoniyası aydın hiss olunur.

1980-1985-ci illərdə müxtəlif bölgələrdə yaşayıb-yaradan ədiblərin, xüsusilə gənc müəlliflərin kitabları haqqında yazdığı resenziyalar və ədəbi-tənqidi məqalələr onun ədəbi prosesə yaxından bələd olduğunu göstərir. Bu yazılar müəllifin yüksək ədəbi zövqünün və məsuliyyətli vətəndaş mövqeyinin təzahürü kimi qiymətləndirilə bilər.

Səyadulla Kərimlinin yaradıcılığının mühüm istiqamətlərindən biri də uşaqlar üçün yazdığı əsərlərdir. O, balaca oxucuların dünyasını yaxşı duyur, onların düşüncə və hisslərinə uyğun mövzular seçməyi bacarır. Müxtəlif qəzet, jurnal və almanaxlarda dərc olunan bu əsərlər uşaqların mənəvi tərbiyəsinə, milli dəyərlər ruhunda formalaşmasına xidmət edir. “Balalara töhfə” kitabı da bu istiqamətdəki fəaliyyətinin uğurlu nəticələrindən biridir və ədəbi hadisə kimi dəyərləndirilə bilər.

Müəllifin nəşr olunmuş kitabları onun yaradıcılıq maraqlarının genişliyini əks etdirir. “Ömrü verməyin bada…” adlı şeirlər kitabında həyatın mənası, insan taleyi, zamanın dəyəri poetik dillə ifadə olunursa, “Məhəmməd Peyğəmbər (s.ə.s.) – 40 sual-cavab” əsərində dini-mənəvi maarifçilik istiqaməti ön plana çıxır. “Yeraltı səltənət”, “Qeybdən gələn səslər”, “Bitməyən ömür”, “Əbədiyaşar insan” kimi kitablar isə onun həmmüəllif, həm də tərtibçi kimi məhsuldar fəaliyyətinin göstəricisidir.

Səyadulla Kərimlinin həyat və yaradıcılıq yolu Azərbaycan ziyalısının klassik obrazını xatırladır. O, müxtəlif dövrlərin mürəkkəb ictimai-siyasi şəraitində milli maraqları, mənəvi dəyərləri və mədəni irsi daim ön planda saxlamış, öz qələmini xalqın maariflənməsinə və mənəvi inkişafına xidmət etdirən ziyalılardan olmuşdur.

Təsadüfi deyil ki, onun əməyi dövlət və ictimai qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Səyadulla Kərimli “Qızıl qələm” mükafatına layiq görülmüş, müxtəlif fəxri fərmanlar və mükafatlarla təltif edilmiş, Prezident təqaüdçüsü adına sahib olmuşdur. Bütün bunlar onun çoxillik fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.

Səyadulla Kərimli-nasir, şair, publisist, tənqidçi, tədqiqatçı, pedaqoq, jurnalist və bir də tarzən … Bəlkə də, çoxları onun ürəkləri riqqətə gətirən ğözəl tar ifaçılığından xəbərsizdir. S.Kərimli müsahibələrinin birində deyir: “…tar çalmağı həqiqi tarı əlimə almamışdan öyrənmişdim. On-on iki yaşlarında meşəyə getməyim, oradan vələs ağacının gövdəsindən kəsib gətirməyim, ondan bir az saza, bir az tara oxşar “musiqi aləti” düzəltməyim heç vaxt yadımdan çıxmaz. Sonra isə həmin o yöndəmsiz, “musiqi alətinə” sim qoşdum və barmaqlarımı o simlərin üzərində məşq elətdirməyə başladım. İki-üç il beləcə keçdi…Növbəti illərdə kəndimizin klubuna iki tar, bir qarmon gətirdilər. Mən ilk dəfə həqiqi tarı onda əlimə götürdüm”.

Bu məqamda yaddaşımda kövrək ovqatlı bir yazı yarpaqlanır. Qələm dostumuz-yazıçı, filoloq-alim Səfər Kəlbixanlı Azərbycanın dilbər guşələrindən biri olan Yardımlı rayonunun ziyalılarından-onların həyat yolundan, uğurlarından, bütövlükdə respublikamızın çiçəklənməsi üçün gördükləri müxtəlif istiqamətli işlərindən söhbət açdığı ”Sənsiz günlərim” (1997) adlı kitabında “Kərimli Səyadulla” oçerkində yazır: “…əlində inləyən tar nakam bir məhəbbəti aləmə car çəkirdi. Vaxtsız itirdiyi, amansız ölümün yarımçıq qoyduğu Afaq ömrünün fəryadıydı bu inilti, bir də…həsrətdən qovrulan türk kişisinin utanıb-çəkinmədən gözlərindən gilənənən duzlu göz yaşlarının dadına azacıq şirinlik gətirmək istəyindən yoğrulmuşdu bu inilti. Amma bu inilti sərinlik gətirmədi Səyadulla müəllümün qəmdən, kədərdən yoğrulan nisgil təşnəsinə…Yumulu gözlər indi öz aləmində idi-onunla keçirdiyi, çətin anlarda dərdini böldüyü, boy-buxunundan, qədd-qamətindən, gözəlliyindən qürrələndiyi, baxdıqca doymadığı onlu aləmində. Bu aləmdən, əlində bərk-bərk sıxdığı tarından Səyadulla müəllimi heç kim və heç nə ayıra bilməzdı bu məqamda”.

Təəssüflər olsun ki, heç vaxt unuda bilməyəcəyin bəzi  ötənləri köks ötürərək göz önünə gətirirsən. Bir də görürsən ki, gözünə-könlünə köçən gözəlliklərə qərq olduğun məsud vaxtında taleyin  qara buludları başının üstünü aldı. Səyadulla müəllim də Afaqsız günlərini belə yaşayır…

Tələbə yoldaşı olan Səyadulla müəllimlə Afaq xanım ömürlərinin bahar çağında, qəlblərində çiçək tək açan arzular və işıqlı ümidlərlə həyat yoluna qoşa qədəm qoymuşdular. Lakin tale onların birgə səadət yolunu uzun etmədi. Amansız əcəl bu gözəl ailənin xoşbəxtlik nəğməsini yarımçıq kəsdi.

Ömür təqviminin cəmi otuz ikinci baharında yazıçı və pedaqoq Afaq Nəbiqızı əbədiyyətə qovuşdu. Bu ağır itki Səyadulla müəllimin qəlbində sağalmaz ayrılıq yarası açdı, onu həsrət və nisgil oduna yaxdı.

Elə mən də bu ovqatda müəllimimə ünvanladığım “Sən ki bələd bu dünyaya” adlı şeirimdə yazmışam:

 

Tarındakı “Segah” səsi-

Bir ürəyin ah-naləsi.

Bəlkə, həyat hekayəsi …

Sən ki bələd bu dünyaya.

 

Dünya dedi: ətək məndən,

Əl səninki, istək səndən.

Möhlət məndən, dilək səndən,

Sən ki bələd bu dünyaya.

 

Dünya dedi: ələk məndən.

Ələdikcə göynək səndən…

Möhnət məndən, ürək səndən,

Sən ki bələd bu dünyaya.

 

Dünya dedi: dirək məndən,

Söykənməyə kürək səndən…

Arı səndən pətək məndən,

Sən ki bələd bu dünyaya.

 

Bir sınaqdı həyat özü,

Kəsə bilməz əyri düzü.

Bu dünyanın neçə üzü…

Sən ki bələd bu dünyaya.

 

Afaq xanım Səyadulla müəllimin həyatından fiziki baxımdan ayrılsa da, onlar metafiziki bağlarla yenə birgədirlər. Ədəbi yolda da… Afaq Nəbiqızının “Qeybdən gələn səslər” adlı ilk kitabının ölümündən sonra, Səyadulla müəllimin təşəbbüs və səyi ilə işıq üzü görməsi və müəllifi olduğu, kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulmuş “Sarıcanın macəraları” adlı nağıl-povestin nəşrə hazırlanması dediklərimə əyani sübutdur.

Dünyanın təzadlı-ipək, tunc üzünə bələd, bununla belə ifrat dərəcədə sadə, duyğulu, humanist…fəzil xislətə malik olan S.Kərimli idrakının işığını, ürəyinin hərarətini öz yazıçı kredosu ilə sözə köçürməkdədir, Afaqsiz Afaqla… Axı, Səyadulla müəllim, sən ki bələd bu dünyaya…

Qismətdən vaxtilə ədəbiyyatımızın, mənəvi irsimizin, poeziyamızın, sözün geniş mənasında Sözümüzün dərsini aldığım hörmətli müəllimimlə tale bizi yenidən görüşdürüb. Bu dəfə, müəllimimdən ilkin olaraq əxz etdiklərimə dayaqlanaraq fikrimi, mövqeyimi, təəssüratımı, qənaətimi təbiət və cəmiyyətdəki təbəddülatlar fonunda qələmlə – mətbu və poetik sözlə təqdim etməklə. Nə demək olar, bəlkə bu bir təsadüf yox, zərurətin nəticəsidir…

İllər öncə Hamarkənd kənd orta məktəbində müəllimim olmuş Səyadulla Kərimli ilə bu gün həm də qələm dostu, yol yoldaşıyıq. O yol ki, ulu sözün- “Ol”un (Qurani-Kərimin “Torpaqdan yaratdı Adəmi Allah. Sonra “Ol” dedi ona, torpaqdan var oldu” ayəsi nəzərdə tutulur) cazibəsində sözə üz tutmuşuq, bir şeirdə dediyim kimi:

 

Qələmə sarıldın sözün eşqinə,

Sözün qüdrətilə söz demək üçün .

Əyriyə yox dedin, düzün eşqinə,

İman işığına bələnmək üçün.

 

Ümumxalq dilinin zənginliklərini bilmək, incəliklərinə bələd olmaq və ondan istifadə bacarığı bədii yaradıcılığın mühüm tələblərindəndir ki, bu məziyyətlər qoşa qanadın – Səyadulla Kərimli və Afaq Nəbiqızının yaradıcılığında özünü bariz şəkildə göstərir. Milli düşüncə və duyum yaddaşı hər iki qələm sahibinin söz boxçasındakı büllurlaşmış nümunələrin mayasına hopmuşdur ki, burada yazıçı fəhmiylə hadisələrin ictimai mahiyyətinə varılır və fikir canlı nitq vahidi ilə zinətləndirilir, xalq ifadəsi ilə rövnəqləndirilir.

Qeyd edim ki, bu epizodda, haşiyədə məqsədim heç də Səyadulla Kərimli və Afaq Nəbiqızının ədəbiyyatımızda yerini, mövqeyini müəyyənləşdirmək deyil,  bu, mənəvi ehtiyacdan doğan könül işi, Makedoniyalı İsgəndərin (daha cox ona aid edilir) öz müəllimi Aristotelə dərin hörmətini ifadə edən, qədimliyi qədərincə müasir səslənən  “Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı” müdrik kəlamının ehtiva etdiyi məna siqlətinə rəğmən öz düşüncələrimi qələmə almaq istəyim, rəğbət hissimi bildirmək üçün bir cəhddir…

      Azman aydınımız Səyadulla Kərimli həm böyük ürəyi, həm səmimiyyəti, həm də dəyərlərə olan sonsuz  sevgisi ilə hər kəsi heyran edən bir şəxsiyyətdir. Bu mənada onun  şagirdinə verdiyi dəyər müqayisəyə gəlməz, bənzərsiz və ölçüyə gəlməzdir. Diqqət edək: “Bəlkə də, Tapdıq Əlibəylinin poeziyasına həddən artıq yaxınlığım, bağlılığım, onun yaradıcılığının dərinliklərinə bu qədər nüfuz etməyim həmin yazının (“Tapdıq Əlibəylinin irfan poetikası” elmi-publisistik məqalə) ərsəyə gəlməsinə səbəb oldu, – deyə bilmərəm… Amma bu məsələ bir anlıq da olsa Bakı Dövlət Universitetində təhsil aldığım illəri yadıma saldı. İkinci  kursda oxuyurdum. Müəllim jurnalı gətirmək üçün məni kafedraya göndərdi. Kafedranın müdiri tanınmış alim Əkbər Ağayev idi. Qapını açanda Əkbər Ağayevin Mir Cəlal Paşayevlə sözləşməsini gördüm. Bəlkə də, zarafatyana  idi…  Ancaq onu eşitdim ki, Mir Cəlal müəllim  Əkbər Ağayevə deyir: “Əşi…  sən Mir Cəlalı oxuya-oxuya Əkbər Ağayev olmusan…” Deməyim odur ki, indi mən də Tapdıq Əlibəylini oxuya-oxuya ondan çox şey əxz etmiş oluram. Baxmayaraq ki, bir vaxt şagirdim  olub…”

Əslində əziz müəllimimin mənim yaradıcılığıma verdiy bu səviyyədə  dəyər özünün əməyini ehtiva edir. Çünki nə yazmışamsa, müəllimlərimə borcluyam. Məncə, bu hal  Səyadulla müəllimin boyüklüyünün, müdrikliyinin, aqilliyinin, ziyalılığının  ən bariz nümunəsidir!  Mən ikinci belə bir müəllim, ziyalı, qələm adamı  tanımıram ki, öz yetirməsinə  bu ucalıqda dəyər versin!

İllərin axarı axır su kimi.

Bulanıq sular da axı durulur…

Ötən günlərindən peşmansa kimi.

Səninsə hər günün qürur doğurur.

 

Səyadulla Kərimli mənalı ömrü, zəngin yaradıcılığı, mətbuat və ədəbiyyat sahəsindəki xidmətləri ilə Azərbaycan ziyalılığının dəyərli nümayəndələrindən biri kimi hörmət qazanmışdır. Onun həyat yolu gənc qələm sahibləri üçün örnək, yaradıcılığı isə sözə və milli dəyərlərə sədaqətin nümunəsidir.

Səyadulla Kərimli şəxsiyyətinə rəğmən “Müəllimim, gündaşım – Səyadulla kərimli” ithaf çələngimdə yazıram:

 

Müəllimim, sirdaşım,

Güvəndiyim, gündaşım,

Qələmdasım, qardaşım-

Səyadulla Kərimli.

 

Tale çəkdi sınağa,

Dünya tutdu danlağa…

Özü dönüb çırağa

Səyadulla Kərimli.

 

Goyüzünü dinlədi,

Duygulandı, dilləndi…

Gözəlliklər dilədi

Səyadulla Kərimli.

 

Özü, sözü hürr adam,.

Hər kəlməsi dürr adam,

İdrak nuru gur adam-

Səyadulla Kərimli!

 

Müəllimim, sirdaşım,

Güvəndiyim, gündasım,

Qələmdaşım, qardaşım-

Səyadulla Kərimli.

 

Sevimli müəllimimlə axı eyni gündə dünyaya göz açmışıq, gündaşıq!

Sözə xidmət edən ömürlər heç vaxt qocalmır. Çünki onların yaratdığı mənəvi sərvət zamanın sərhədlərini aşaraq gələcək nəsillərə yol göstərir. Səyadulla Kərimlinin 80 illik ömür yolu da məhz belə bir mənəvi irsin daşıyıcısıdır. Ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və Azərbaycan mədəniyyətinə, ədəbiyyatına  xidmət yolunda yeni nailiyyətlər arzulayırıq.

80 illik yubileyin qutlu olsun, azman aydınımız, əziz müəllimim, dostum  Səyadulla Kərimli!

 Tapdıq ƏLİBƏYLİ

    şair-publisist,

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

TAİB İdarə Heyətinin üzvü

 

 

Share: