“Qədim şeirlərdən” rubrikasından
Yorğun-yorğun oturasan,
görəsən ki, Yer fırlanır,
yel süpürür, yağış yuyur,
bütün yollar sıfırlanır;
.
sirr də sükutun başından
alır, götürür duvağı,
kağızın dümağ boynuna
salır sətir boyunbağı:
.
ölənlər sağdır, diridir,
dostların da damağı çağ –
sözdür, bax, səni kiridir
cümlə-cümlə, varağ-varağ.




















