2026-cı ilin 12 may tarixində Mingəçevir Dövlət Universitetində Azərbaycan alimi və naşiri, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü Nadir Məmmədlinin “1926-cı il Birinci Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” kitabının təqdimat mərasimi keçirilib.
Universitetin akt zalında keçirilən təqdimat mərasimində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları, MDU-nun akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
Öncə Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş nitqi ilə açan MDU-nun rektoru Anar Eminov Birinci Türkoloji Qurultayın Azərbaycan və ümumtürk elmi-mədəni fikir tarixində mühüm hadisə olduğunu vurğulayıb. Rektor qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilən qurultay türk xalqları arasında elmi, mədəni və dil birliyinin formalaşmasına mühüm töhfə verib, türkologiya elminin inkişafında yeni mərhələnin əsasını qoyub. Anar Eminov bildirib ki, Nadir Məmmədlinin müəllifi olduğu nəşr həmin tarixi hadisəyə müasir elmi baxış təqdim etməklə yanaşı, zəngin arxiv materialları və dövrün mətbuat nümunələri əsasında türkoloji irsin daha dərindən öyrənilməsinə xidmət edir. O, universitetdə humanitar və filoloji istiqamətlər üzrə aparılan elmi fəaliyyətlərin genişləndirilməsinin, milli-mənəvi irsin tədqiqinin və gənc nəslin bu istiqamətdə maarifləndirilməsinin MDU üçün prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb.
Rektor, eyni zamanda, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən MDU-nun kitabxana fonduna 500-dən çox kitabın hədiyyə edilməsini yüksək qiymətləndirərək bu dəyərli təşəbbüsə görə institut rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib. Anar Eminov qeyd edib ki, belə nəşrlər universitetdə elmi-tədqiqat mühitinin zənginləşdirilməsinə, tələbə və tədqiqatçıların elmi resurslara çıxış imkanlarının genişlənməsinə mühüm töhfə verir.
Daha sonra çıxış edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli təqdimatın yüksək səviyyədə təşkilinə görə Mingəçevir Dövlət Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib. O, qeyd edib ki, kitabda Birinci Türkoloji Qurultayın keçirildiyi ictimai-siyasi mühit, türkdilli xalqların ortaq əlifba və ədəbi dil məsələləri, eləcə də qurultayın türk dünyasının inteqrasiyasında oynadığı tarixi rol geniş şəkildə araşdırılıb. Professor vurğulayıb ki, nəşrdə uzun illər elmi ictimaiyyət üçün əlçatan olmayan arxiv sənədləri, stenoqramlar və dövrün mətbuat materialları yer alır. Bildirilib ki, bu cür tədqiqatlar repressiyalara məruz qalmış türkoloq alimlərin elmi irsinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Nadir Məmmədli çıxışında Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsəri ilə bağlı həyata keçirilən tədqiqatların da türkoloji elmin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O bildirib ki, “Divanü lüğat-it-türk” yalnız lüğət deyil, türk xalqlarının dili, etnoqrafiyası, folkloru, coğrafiyası və mədəni yaddaşını özündə əks etdirən zəngin elmi-mədəni abidədir. Professor qeyd edib ki, əsərdə türk tayfalarının dil xüsusiyyətləri, ləhcələri, atalar sözləri, şeir nümunələri və ilk tematik dünya xəritələrindən biri yer alır.
Professor həmçinin bildirib ki, ötən əsrin 30-cu illərində özbək əsilli Azərbaycan alimi Xalid Səid Xocayev tərəfindən əsərin ərəb dilindən Azərbaycan dilinə edilmiş ilk tərcüməsinin uzun illər itmiş hesab olunan hissələrinin yenidən üzə çıxarılması türkoloji elm üçün mühüm hadisə olub. Nadir Məmmədlinin rəhbərliyi ilə aparılan araşdırmalar nəticəsində həmin materialların AMEA Nəsimi adına Dilçilik İnstitutunun arxivində aşkar olunaraq yenidən elmi ictimaiyyətə təqdim edildiyi vurğulanıb.
İnstitutun Türk dilləri şöbəsinin müdiri, professor İsmayıl Kazımov öz çıxışında Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi və mədəni həmrəyliyinin möhkəmləndirilməsində mühüm platforma olduğunu bildirib. O, qurultayın qəbul etdiyi qərarların sonrakı dövrlərdə türkologiya elminin inkişaf istiqamətlərinə ciddi təsir göstərdiyini vurğulayıb. İsmayıl Kazımov Nadir Məmmədlinin tədqiqatının elmi dəyərini yüksək qiymətləndirərək nəşrin həm tədqiqatçılar, həm də gənc filoloqlar üçün mühüm mənbə rolunu oynadığını diqqətə çatdırıb.
Tədbirin proqramına uyğun olaraq daha sonra məruzələr dinlənilib. MDU-nun Humanitar fənlər kafedrasının dosenti Namaz Manafov “Türkologiyanın böyük uğuru”, Pedaqoji fakültənin dekan müavini Flora Namazova “Keçmişdən gələcəyə uzanan tarixi körpü”, baş müəllim Səadət Ağakişiyeva “Türkoloji irsin qorunması və gələcək nəsillərə ötürülməsində Nadir Məmmədlinin “1926-cı il Birinci Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” kitabının əhəmiyyəti”, Humanitar fənlər kafedrasının müəllimi, Dilçilik İnstitutunun doktorantı Könül Aydın “1926-cı il Birinci Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” kitabının dili və üslubu”, Humanitar fənlər kafedrasının dosenti Nizami Zeynalov “I Türkoloji qurultayın tarixi missiyası Nadir Məmmədlinin tədqiqatlarında” və Humanitar fənlər kafedrasının müəllimi, Dilçilik İnstitutunun doktorantı Çinarə Yolçubəyli isə “Latın qrafikalı əlifbaya keçid ideyası “1926-cı il Birinci Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda” kitabının işığında” mövzularında məruzələrlə çıxış ediblər.
Təqdim olunan məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanılıb. Məruzələrdə əsasən Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti, türk xalqları arasında ortaq elmi-mədəni əlaqələrin inkişafına təsiri, latın qrafikalı əlifbaya keçid ideyaları, milli-mənəvi irsin qorunması və Nadir Məmmədlinin kitabının türkoloji araşdırmalar üçün mühüm elmi mənbə kimi əhəmiyyəti geniş təhlil olunub.
Sonda iştirakçılar müəlliflə fikir mübadiləsi aparıb, kitabın elmi və tarixi əhəmiyyətinə dair müzakirələr həyata keçirilib. Tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.



























