NEFT DAŞLARINN YAŞAYAN SƏLNAMƏSİ

NEFT DAŞLARINN YAŞAYAN SƏLNAMƏSİ

Xəzərin qoynunda dalğalarla nəfəs alan bir şəhər var. Daşdan deyil, iradədən qurulan, zəhmətlə böyüyən, əfsanəyə çevrilən Neft Daşları…

 

Burada hər platformanın, hər estakadanın, hər küləkli gecənin öz hekayəsi var. Bu hekayələri illərin yaddaşından süzüb sözə çevirən, dənizin ortasında qurulan bu möcüzə şəhərin salnaməsini qəlbində yaşadan insanlar isə çox deyil. Onlardan biri də ömrünün böyük bir hissəsini Neft Daşlarına, onun tarixinə, insanlarına və şöhrətinə həsr etmiş dəyərli dostum, qələm yoldaşım Xeyrulla Ağayevdir.
Xeyrulla müəllim İsmayıllıda doğulub. O dağ havasının saflığını, o insanların təmizliyini və səmimiyyətini özü ilə gətirib Bakıya. Paytaxtın gurultulu, küləkli küçələri illər boyu onu dəyişə bilməyib. Elə bil şəhərin üstünə qonmuş yorğunluğu, tozu hər dəfə dənizdə yuyub təmizləyib geri qayıdır. Ona görə də Xeyrulla müəllim illər keçsə də dəyişmir, olduğu kimi qalır – saf, təmiz, səmimi. Onunla söhbət edəndə adam süni münasibət yox, doğmalıq hiss edir. Bu da hər insana nəsib olmur.
Zarafatla çox vaxt ona “suda-quruda yaşayan” deyirəm. O da bu zarafatdan incimir, əksinə, üzündə özünəməxsus təbəssüm yaranır. Çünki Xeyrulla müəllim həqiqətən iki dünyanın adamıdır — həm dənizin, həm sahilin. Dənizin şıltaqlığını, sərtliyini, küləyini özü ilə sahilə gətirir, sahilin qayğılarını, insanların səsini, həyatın nəfəsini isə yenidən özü ilə dənizə aparır. Sanki Neft Daşları ilə quru arasında görünməyən bir körpüdür. İllərdir bu körpünün üstündə yorulmadan dayanıb. Bir əlində qələm, bir əlində yaddaş. Ona görə də Xeyrulla Ağayevi tanıyanlar yaxşı bilirlər ki, o, sadəcə Neft Daşlarından yazmır, Neft Daşlarını yaşayır.
Bəzən insan bir məkanı sadəcə tanıtmır, əksinə, onu yaşadır. Xeyrulla müəllim də uzun illərdir Neft Daşlarını yalnız yazmır, onu duyur, qoruyur və gələcək nəsillərə ötürür. Onun qələmi dənizin duzunu, neftçilərin zəhmətini, küləklərin səsini və insanların tale yollarını özündə yaşadan bir yaddaşa çevrilib. Bu gün 65 yaşını qeyd edən Xeyrulla Ağayev haqqında danışarkən təkcə bir jurnalistin deyil, bütöv bir dövrün canlı şahidindən söhbət açıram.
Xeyrulla Soltan oğlu Ağayev uzun illərdir ki, Neft Daşlarının ictimai, mədəni və mənəvi həyatında xüsusi yeri olan ziyalılardan biridir. 1998-ci ildən “Neft Daşları” qəzetində fəaliyyət göstərən, 2004-cü ildən isə qəzetin redaktoru kimi çalışan Xeyrulla müəllim bu müddət ərzində özünü yüksək peşəkarlığı, zəngin dünyagörüşü və yaradıcı təfəkkürü ilə təsdiq edib.
Onun rəhbərliyi ilə “Neft Daşları” qəzeti sadəcə informasiya vasitəsi olmaqdan çıxaraq dəniz şəhərinin salnaməsinə çevrilib. Qəzetin səhifələrində Neft Daşlarının əmək qəhrəmanlığı, insanların gündəlik həyatı, uğurları, problemləri və tarixi dolğun şəkildə işıqlandırılıb. Məhz Xeyrulla müəllimin peşəkar yanaşması nəticəsində qəzetin nüfuzu və oxucu marağı daha da artıb.
Xeyrulla müəllimi yaxından tanıyanlar yaxşı bilir ki, o, Neft Daşlarının tarixini sadəcə öyrənən deyil, onu yaşayan insanlardandır. Dəniz şəhərinin keçmişinə dair ən maraqlı məqamları, burada yaşanmış hadisələri, insanların həyat yollarını böyük dəqiqlik və xüsusi sevgi ilə danışır. Elə buna görə də onu çoxları Neft Daşlarının canlı ensiklopediyası adlandırır.
İllərdir müxtəlif televiziya kanallarında etdiyi çıxışlar, verdiyi müsahibələr və apardığı araşdırmalar Neft Daşlarının geniş auditoriyaya tanıdılmasında mühüm rol oynayıb. Dövlət xadimləri, elm və sənət adamları, əcnəbi qonaqlar Neft Daşlarına səfərləri zamanı məhz Xeyrulla müəllimin təqdimatında bu əfsanəvi şəhərin zəngin tarixi ilə tanış olublar. O, hər zaman böyük qürurla Ümummilli lider Heydər Əliyevin Neft Daşlarının inkişafındakı müstəsna xidmətlərindən bəhs edib, dəniz şəhərinin qəhrəmanlıq salnaməsini yüksək peşəkarlıqla təbliğ edib.
Xeyrulla Ağayevin yaradıcılığı da olduqca zəngindir. O, publisistik yazıları və kitabları ilə Neft Daşlarının tarixini gələcək nəsillər üçün qoruyub saxlayan müəlliflərdəndir. “Neft Daşları – gerçəkləşən əfsanə” ensiklopedik nəşri, “Xəzərə qovuşan ömür”, “Əfsanəvi insan, əfsanəvi şəhər” kitabları onun uzun illərin zəhməti və araşdırmalarının məhsuludur. Bundan başqa, iki hissəli “Yeni Pirallahı” ensiklopedik nəşrinin həmmüəllifi olması da onun elmi-publisistik fəaliyyətinin mühüm hissəsidir. Hazırda isə Neft Daşlarının tarixini geniş şəkildə əks etdirən iki cildlik kitab üzərində çalışması onun bu müqəddəs missiyaya necə böyük məsuliyyətlə yanaşdığını göstərir.
Əlbəttə, belə zəngin fəaliyyət dövlət və ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilib. “Qızıl qələm” və H.B.Zərdabi media mükafatlarına layiq görülən Xeyrulla müəllim 2022-ci ildə SOCAR rəhbərliyinın əmri ilə “Fəxri neftçi” döş nişanı ilə təltif olunub. Bu mükafatlar onun uzun illər ərzində göstərdiyi xidmətlərin layiqli qiymətidir.
Lakin bütün bunlardan daha önəmlisi Xeyrulla müəllimin insanlığı, sadəliyi və dostluğa verdiyi dəyərdir. O, hər zaman həmkarlarına diqqətlə yanaşan, gənclərə yol göstərən, dostluğa sədaqətli insan kimi böyük hörmət qazanıb. Onunla ünsiyyətdə olan hər kəs bu səmimiyyəti və daxili zənginliyi hiss edir.
Bu gün 65 illik yubileyini qeyd edən dəyərli həmkarım və əziz dostum Xeyrulla Ağayevi ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və yeni yaradıcılıq uğurları arzulayıram.
İnanıram ki, Xeyrulla müəllimin qələmi hələ uzun illər Neft Daşlarının tarixini yazacaq, onun zəngin yaddaşı gələcək nəsillərə işıq tutacaqdır.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

Prezident təqaüdçüsü, “Beynəlxalq Rəsul Rza mükafatı” laureatı.

Share: