Yaddaşın Ritmi: Yallı

Yaddaşın Ritmi: Yallı

Yallı rəqsi Azərbaycan xalqının birliyini, həmrəyliyini, toplum ruhunu ifadə edən nadir sənət formalarından biridir.

Onun ritmik quruluşu, hərəkət sistemi və icra forması əsrlərlə formalaşmış mədəni yaddaşın canlı daşıyıcısıdır. Bu rəqslərin öyrənilməsi sadəcə texniki bacarıq deyil, eyni zamanda milli kimliyin şüurlu şəkildə mənimsənilməsi prosesidir.

Qərbi Azərbaycana məxsus yallı nümunələrinin öyrənilməsi isə xüsusi əhəmiyyət daşıyır. Bu, təkcə bir rəqs forması deyil, həm də itirilmiş coğrafiyanın, yaddaşda yaşayan məkanların və milli kimliyin simvolik şəkildə yaşadılmasıdır. Bu yallılar vasitəsilə insanlar öz tarixi köklərinə bağlanır, mədəni identikliyini daha dərindən dərk edir.

Bugünkü qloballaşma şəraitində milli mədəniyyətlərin qorunması və gələcək nəsillərə ötürülməsi daha çox məqsədyönlü  fəaliyyət tələb edir. Bu proses yalnız dövlət siyasəti ilə deyil, həm də ictimai təşəbbüslər, fərdi səylər və birgə iştirakla mümkündür. Məhz bu baxımdan ictimai təşəbbüslərin rolu xüsusi əhəmiyyət kəsb edir.

Novruz bayramı tətili günlərində bir qrup ictimai birlik nümayəndəsinin təşəbbüsü ilə yallıların öyrədilməsi bu baxımdan nümunəvi addım kimi qiymətləndirilə bilər. Bu məqsədlə Azərbaycan Respublikasının Əməkdar artisti, “Şərur” Xalq Yallı Ansamblının rəhbəri Əfsər Cəfərov Bakıya dəvət olunmuş və onun dəstəyi ilə qısa müddətdə Qərbi Azərbaycan yallılarının öyrənilməsinə başlanılmışdır. Bu təşəbbüsdə  Əfsər Cəfərov kimi sənətkarların fəaliyyəti xüsusi qeyd edilməlidir. Əfsər müəllim  dərsləri tamamilə təmənnasız keçməsi onun Qərbi Azərbaycan köklərinə  və milli irsin yaşadılmasına qəlbdən bağlılığını  göstərir.

Dərslərdə yalnız Qərbi Azərbaycan bölgəsindən deyil, ölkənin müxtəlif bölgələrindən olan həvəskarların qoşulması bu təşəbbüsün artıq lokal çərçivəni aşdığını göstərir. Novruz günlərində başlayan bu fəaliyyət getdikcə ilboyu davam edən mədəni hərəkatın əsasına çevrilməkdədir.

Sözsüz ki, belə təşəbbüslər yalnız ideya ilə deyil, həm də real dəstəklə yaşaya bilir. Bu baxımdan Şahənşah restoranı və onun direktoru Rəşid Süleymanov tərəfindən göstərilən dəstək xüsusi qeyd olunmalıdır. Rəşid müəllimin təşəbbüsü ilə restoran məkanı yalnız kommersiya fəaliyyəti üçün deyil, eyni zamanda mədəniyyətin yaşadıldığı bir ocağa çevrilmişdir. Onun”  Ələsgər Ocağı “ İctimai Birliyi üçün illərdir təmənnasız olaraq məkan ayırması, xüsusilə gənclərin və uşaqların aşıq sənətini öyrənməsi üçün şərait yaratması bu gün nadir rast gəlinən təqdirəlayiq nümunədir.

Lakin əsas məsələ bununla bitmir. Bu cür təşəbbüslər istisna olaraq qalmamalıdır.

Bu gün bir çox restoran və iaşə obyektləri əsasən banket, ad günü və digər əyləncə yönümlü fəaliyyətlərlə kifayətlənir. Halbuki bu məkanlar eyni zamanda milli mədəniyyətin canlı platformasına çevrilə bilər. Əgər bir məkanın qapısı yalnız xidmət üçün deyil, həm də mədəniyyət üçün açıqdırsa, bu artıq biznes deyil — milli xidmət anlayışıdır.

Aydın görünən bir boşluq var: mədəniyyət üçün davamlı fiziki məkanların çatışmazlığı. Dövlət səviyyəsində tədbirlər keçirilsə də, gündəlik və sistemli fəaliyyət üçün məhz belə təşəbbüslərə ehtiyac duyulur.

Rəşid Süleymanovun addımı göstərir ki, məsələ imkan yox, yanaşma məsələsidir. Nümunə artıq mövcuddur

Milli mədəniyyətin gələcəyi təkcə onu sevənlərin deyil, onu yaşadanların əlindədir.

Müstəqil.Az

 

 

 

Share: