Yardımlıdan Turana uzanan söz yolu

Yardımlıdan Turana uzanan söz yolu

Bəzi imzalar var ki, insan onları vaxtında tanımadığı üçün peşmanlıq hissi keçirir. Həmin imzalar gec tanınsa belə, daha dərin duyulur, daha təsirli qəbul olunur. Mənim üçün Rafiq Ələkbər məhz belə imzalardandır.

Hər ikimizin eyni bölgədən – Yardımlıdan olmağımıza baxmayaraq, onun yaradıcılığı ilə gec tanış olmuşam. Lakin bu gecikmiş tanışlıq mənə sadəcə bir müəllifi deyil, bütöv bir söz dünyasını kəşf etmək imkanı verdi. Bu dünyanın qapısından içəri daxil olanda qarşıma yalnız şeirlər deyil, duyğuların, düşüncələrin və həyatın müxtəlif qatları çıxdı. Rafiq Ələkbər təkcə yazan deyil, həm də yaşadıqlarını, düşündüklərini və inandıqlarını sözə çevirə bilən müəllifdir. Onun yaradıcılığında sevgi də var, inam da, fəlsəfi axtarışlar da, insanın öz daxilinə yönələn sualları da. Elə buna görə də bu söz dünyası oxucunu sadəcə oxumağa yox, düşünməyə, hiss etməyə və bəzən də özünü sorğulamağa vadar edir.
Rafiq Ələkbərin kitablarına nəzər saldıqca bu ilkin təəssürat daha da möhkəmlənir. Onun yaradıcılığı haqqında Azərbaycanın tanınmış ədəbiyyat adamlarının söylədiyi fikirlər də bu qənaəti təsdiqləyir. Xalq şairi Məmməd Araz, ədəbiyyatçı alimlərimiz Vaqif Yusifli, Rüstəm Kamal, Elçin İsgəndərzadə və daha neçə-neçə aydınlarımızın onun sözünə verdiyi dəyər təsadüfi deyil. Bu münasibət bir daha göstərir ki, Rafiq Ələkbər yaradıcılığı təkcə fərdi duyğuların ifadəsi yox, həm də oxucu ilə qurulan səmimi və dərin mənəvi körpüdür.
Onun poeziyasında həyat bütün rəngləri ilə yaşanır. Burada bütün fəsillər görüşür, burada bütün duyğular ümidə, inama, sevgiyə söykənir. Şair solan yarpağı da, açan çiçəyi də, uçan quşu da eyni həssaslıqla duyur və bu duyğunu oxucuya ötürə bilir. Bu isə sadəcə yazmaq deyil, hiss etdiyini yaşatmaq bacarığıdır. Məhəbbət mövzusu isə onun yaradıcılığında xüsusi yer tutur.
Şair yazır ki:
Məhəbbət deyilsə bəs onda nədir,
Nədən yuxularım ərşə çəkilib?
Bircə odlamağı bacardın, gülüm,
Elə bil ürəyim şişə çəkilib.
***
Bəlkə də Tanrının şıltaq nazısan,
Yüz igid sındırdın yerdə azı sən.
Üzü yaz səmtəsən, bahar qızısan,
Mənim də həyatım qışa çəkilib.
İlk və son bəndlərini təqdim etdiyim bu şeirdə sevgi yalnız romantik hiss kimi yox, həm də daxili mübarizə, seçim və taleyin bir parçası kimi təqdim olunur. Sevən insanın keçdiyi ziqzaqlı yol, ümidlə ümidsizlik arasında qalan duyğular oxucuya tanış və səmimi görünür. Bu baxımdan şairin sevgi haqqında dedikləri bir sual yox, artıq verilmiş cavab təsiri bağışlayır — o, sevməyi seçir və bunu gizlətmir. O, məhəbbətin nə olduğunu yazdan qışa qədər fəsillər boyu çatdırır oxucusuna.
O, sevməyi seçdiyini “Sevirəm” şeirində birmənalı şəkildə az qala hayqıraraq bizə çatdırır:
Ağlım tab gətirmir qəlbin səsinə,
Yəni sevdalıyam, yəni sevirəm.
Məndən soruşurlar, o qız kimdir, kim?
Deyirəm hər kimdir onu sevirəm.
Və elə buradaca onu da vurğulayım ki, Yardımlının Alar kəndində 1964-cü ilin aprel ayının 25-də doğulan Rafiq Ələkbər 1981-ci ildə həmin kənddə orta məktəbi əla qiymətlərlə, 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
30 ildən çox prokurorluq orqanlarında çalışıb.
Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü olmuşdur. Rafiq müəllim çalışdığı sahə ilə əlaqədar olaraq daha çox özünü həsr etdiyi peşəyə zaman ayırmışdı. Yəni o, bir hüquq işçisi kimi fəaliyyət göstərdiyi dönəmdə həm adını, həm aid olduğu soykökü qorumağa, pak saxlamağa, şəxsiyyətini uca tutmağa nail ola bilmişdir. Həmkarları arasında sözbütövlüyü, gözütoxluğu, həm də səliqə-səhmanı ilə seçilmiş, ona müraciət edənlərin önündə özünü mükəmməl bir insan kimi, tutduğu mövqeyin layiqli təmsilçisi kimi ifadə etmişdir. Ona görə də onu tanıyanlar heç vaxt Rafiq Ələkbər barəsində xoş məramla, səmimi duyğularla fikir ifadə etməkdən çəkinməmişlər. Çünki Rafiq müəllimin qəlbində insanlığa dəyər vermək, uca tutmaq inamı həmişə üstünlük təşkil edib. Bu da onun vücudundakı vaxtını, zamanını gözləyən şair ruhunun özəlliyi idi. Və zaman bu özəlliyi onun qələminin nübarları ilə oxucuya çatdırdı.
Ötən əsrin 80-ci illərindən başlayaraq içindəki söz bulağı özünü büruzə verməyə başlamış, yazıları, şeirləri dövri mətbuatda çap olunmuşdu. Rafiq Ələkbərin “Səndən ayrılanı, səndən küsəni” adlı ilk şeir kitabı 1999-cu ildə oxuculara təqdim edildi. Onun yaradıcılığına diqqət yetirəndə görürük ki, 2003-cü ildə “Mən Tanrı yolçusuyam”, 2005-ci ildə “Ruhum əbədiyyətim”, 2007-ci ildə “Eşq qəlbin ruhudur” şeir kitabları, 2007-ci ildə “Əsgər ac qalmayacaq” povesti , 2008-ci ildə “Seçilmiş əsərləri” şeirlər toplusu, 2011-ci ildə “İlahi nur”, 2015-ci ildə “İrfan və eşq görüşləri”, 2017-ci ildə Türkiyədə “İrfani aşk”, 2021-ci ildə “Savalanla üz-üzə”, 2025-ci ildə “Mənim fəlsəfəm” şeir kitabları və “İnsan alveri”, “Qəsdən ölüm” adlı detektiv romanlarından ibarət kitabı çapdan çıxmışdır.
2025-ci ildə “Mənim fəlsəfəm” kitabı ingilis dilində, 2026-cı ildə “İnsan alveri”, “Qəsdən ölüm” adlı detektiv romanlarından ibarət kitabları Türkiyədə türk və ingilis dillərində çap olunmuşdur.
Azərbaycan Respublikasın müxtəlif ədəbi ödülləri, o cümlədən “Qızıl Qələm”, “Ustad sənətkar”, “Araz” ədəbi mükafatlarına layiq görülmüşdür. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Müxtəlif illərdə çap olunan şeir və nəsr kitabları, eləcə də detektiv romanları onun yaradıcılıq diapazonunun genişliyini göstərir.
Türkiyədə çap edilən əsərləri, o cümlədən “İrfani aşk” şeirlər kitabına görə 2019-cu ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən Türk dünyası mədəniyyəti və ədəbiyyatında göstərdiyi xidmətləri qiymətləndirilərək həmin Akademiyanın Fəxri Doktoru seçilmiş və Elmlər Akademiyasının Beynəlxalq Qızıl Ulduz medalı ilə təltif edilmişdir. 2021-ci ildə həmin Akademiya tərəfindən Türk dünyasının Fəxri Ziyalısı seçilmiş və Atatürk Beynəlxalq mükafatı ilə təltif olunmuşdur.
“Savalanla üz-üzə” kitabına görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən 2022-ci ildə İlin şairi seçilmiş, dünya mədəniyyəti və ədəbiyyatına verdiyi töhfələrə görə Avropa Şərəf Ordeni ilə təltif edilmişdir.
Bu gün Rafiq Ələkbər imzası artıq təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da tanınır. Onun əsərlərinin ölkə xaricində də çap olunması, aldığı mükafatlar və qazandığı oxucu rəğbəti bunun bariz nümunəsidir. Məhz bütün bunlar söz dünyasına biraz gec gələn Rafiq Ələkbərin həm də güclü, istedadlı gəldiyini sübut etdi.
Rafiq Ələkbər detektiv romanları ilə də oxucu marağını özünə çəkə bilib. Maraqlı olanlardan biri də budur ki, öz peşəsindən qaynaqlanan nasir detektiv romanlarında həyat təcrübəsinin ona qazandırdığı bilikləri bədii sözə ustalıqla çevirib və “İnsan alveri”, “Qəsdən ölüm” adlı detektiv romanlarında oxucunu düşündürən səhnələrin qələmə alınmasında öz sözünü deyib.
Bu gün Rafiq Ələkbər imzası Azərbaycan oxucusu üçün həm tanınan, həm də sayğı qazanan bir müəllif imzasıdır. Ona görə də onun kitabları oxucunu ötüb getməkdən bir növü çəkindirir, dayanıb diqqət yetirməyə maraq yaradır. Bu da yazıçı uğurunu şərtləndirən səbəblərdən bəlkə də birincisidir. Əgər oxucu imzaya sayğı ilə yanaşırsa, deməli, o imza oxucuya birmənalı olaraq hər dəfə yeni nəsə təqdim edir. Oxucu qəlbinə yol tapa bilən R.Ələkbər şeirlərinin birində yazır:
Sizin evinizə behişt deyərəm,
Məndən soruşurlar behiştin hanı?
Yolüstü bir dəstə gül alım sənə,
Bəlkə də telinlə dəyişdim onu.
Bu şəhər nə bilir kimik, nəçiyik?
Bir dost kimi sizə gedirik qoşa.
Çatdıqsa qoy durum qapı ağzında,
Özünsə addımla yuxarı başa.
*************************
Qapılar hamıya ümid yeridir,
Qapıdan asılıb yellənən də var.
Qapı-qapı gəzib qız axtaran kim,
Qapı-qapı gəzib dilənən də var.
Bütün duyğularım qapı ağzında,
Bəlkə burda çatdım mən kamil yaşa.
Hələlik gözləyim qapı ağzında
Hələ haqq etmirəm yuxarı başa.
Şairin “Qapı ağzında” şeirində dərin düşüncə ilə qarşılaşırıq. Buradakı qapı obrazı sadəcə bir məkan deyil — o, seçimdir, keçiddir, gözləntidir. İnsan həyatının müxtəlif mərhələlərində dayandığı o məqamı ifadə edir. İçəri keçmək də mümkündür, geri dönmək də. Bu isə şairin oxucuya ünvanladığı səssiz, amma düşündürücü sualdır. Rafiq Ələkbər o qapının ağzında hər şeyi düşünür və gəldiyi qərar da, çıxardığı nəticə də budur ki, hələ o qapıdan ən yuxarı mərtəbəyə qalxmağı haqq etməyib. O qapıya qədərki yolda hələ görüləsi işləri qalır. Bu isə şairin oxucu qarşısında həm də etirafıdır. Rafiq Ələkbər edə biləcəklərinin hamısını edə bilmədiyini, amma edəcəyinə ümidli olduğunu da gizlətmir. Bu məqamda poetik fikrin fəlsəfi fikirlə cilalanması az-çox ədəbiyyatı bilən hər kəsə bəlli olur.
Mənə görə istənilən mövzu yazar üçün açıqdır. Amma o istənilən mövzunu Rafiq Ələkbər kimi ədəbiyyata gətirmək və hopdurmaq artıq müəllifin istedadından, bir də yaratmaq əzmindən asılı olur. Çox maraqlıdır ki, Azərbaycanın fəlsəfə dünyasında, elm məkanında özəl yeri olan fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi Camal Mustafayev Rafiq Ələkbər poeziyasından söz açarkən vurğulayır ki, “Rafiq Ələkbər dini etiqadlı şairdir. Bu amil onun bədii yaradıcılığına təsir edir”. Filologiya elmləri doktoru Rüstəm Kamal isə vurğulayır ki, “Allaha, ruhlara bizdən fərqli olaraq bir köynək yaxın olan Göylər Rafiq Ələkbərin güvəndiyi, tapındığı ucalıq rəmzidir. Sağlığın – halallığın dəhnəsidir. Göylərə aludəlik, sözün yaxşı mənasında pərəstişlik şairin iç dünyasının təmizliyindən irəli gəlir”.
Təqdim etdiyim bu iki fikrin özü onu göstərir ki, Rafiq Ələkbər həm də sözün fəlsəfəsinə könül verib. Ona görə də onun yaradıcılıq nümunələri böyük ədəbiyyat adamlarının diqqət mərkəzində olub və olmaqda da davam edir.
Rafiq Ələkbər yaradıcılığının diqqət çəkən cəhətlərindən biri də onun fəlsəfi qatıdır. Onun şeirlərində inam, Tanrıya bağlılıq və mənəvi axtarışlar açıq şəkildə hiss olunur. Bu isə onun sözünü daha dərin və çoxqatlı edir. Oxucu yalnız mətni oxumur, eyni zamanda onun arxasında dayanan düşüncəni də dərk etməyə çalışır.
Dəyərli eloğlum, tanınmış hüquqşünas və söz adamı olan Rafiq Ələkbər barəsində fikirlərimi qələmə alarkən məqsədim onu öz oxucularımıza, xüsusilə, doğulduğumuz bölgənin adamlarına biraz da yaxından tanıtmaq idi. Lakin yaradıcılığına baş vuranda bu istəyimdə biraz gecikdiyimi anladım. Çünki R. Ələkbər Yardımlıdan türk dünyasına yol çəkən, qapı açan imza sahibidir. Və o, bu yola çıxanda üzünü Allah və oxucularına tutub deyib ki:
Talesiz məmləkətim,
Dağın arandan keçir.
Torpağının ətri də
Əvvəl şorandan keçir.
And ocağın Kəbədə,
Qan verməyə növbədə.
Elə daim tövbədə,
Tövbən Qurandan keçir.
Qismətin acısıyam,
Dəryanın damcısıyam.
Mən Tanrı yolçusuyam,
Yolum Turandan keçir.
Zənnimcə, yolu aydın, məqsədi bəlli, xidməti göz önündə olan bir şairin, bir yazarın bu bəyanatı oxucuya şərhsiz hər şeyi deyir.
Rafiq Ələkbər yaradıcılığı ilə tanış olduqca bir həqiqət daha aydın görünür: o, sözə təsadüfən gəlməyib, söz onu zamanla yetişdirib.
Əziz oxucular, gec də olsa kəşf etdiyim bir söz dünyasını Sizinlə bölüşmək istədim. Amma aydın oldu ki, bu dünya artıq öz oxucusunu tapıb və yoluna inamla davam edir.
Dəyərli şairimizin, yazarımızın oxucularından biri kimi onu ömrün bu yazında salamlayır, doğum günü münasibətilə təbrik edir, davamlı yaradıcılıq uğurları azrulayıram! Yolunuz açıq olsun, əziz Rafiq müəllim!
Şamxal ŞƏMSƏDDİNOĞLU
“Yardımlı” qəzetinin baş redsktoru
Share: